UNEC Azərbaycanın və Qafqazın inklüziv universitet nümunəsi olmağı hədəfləyib


Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) inklüziv təhsil verən dünya universitetləri siyahısına düşmək və nəinki Azərbaycanda, bütövlükdə Qafqaz bölgəsində bu təhsil növündə nümunə olmaq niyyətindədir. Rektor Ədalət Muradov rəhbəri olduğu təhsil müəssisəsinin bu niyyətini “İnklüziv ali təhsil: beynəlxalq trendlər və UNEC təcrübəsi” mövzusunda universitetdə təşkil edilən konfransda deyib.

Maraqlıdır, UNEC nəyə nail olmaq istəyir? Bu təhsil növünün tətbiqi ilə universitetdə nə dəyişəcək?

Məlumat üçün bildirək ki, inklüziv təhsil cəmiyyətdəki mövqeyindən, statusundan, dilindən, dinindən asılı olmayaraq, hər bir şəxs üçün yaradılan bərabər təhsil imkanıdır. Ölkənin indiyədək qüvvədə olan təhsil qanunvericiliyində “inklüziv təhsil” anlayışından istifadə olunmasa da, qüvvədə olan “Təhsil haqqında” qanunun 5-ci maddəsində qeyd edilir ki, dövlət cinsindən, irqindən, dinindən, dilindən, siyasi əqidəsindən, milliyyətindən, sosial vəziyyətindən, mənsubiyyətindən, sağlamlıq imkanlarından asılı olmayaraq, hər bir vətəndaşın təhsil almaq imkanının yaradılmasına və ayrı-seçkiliyə yol verilməməsinə təminat verir. Bu da ona dəlalət edir ki, hansı anlayışların seçilməsindən, istifadə olunmasından asılı olmayaraq, Azərbaycan dövləti indiyədək hər kəsin təhsil hüququnu tanıyıb və təmin edib.

Buna baxmayaraq, “inklüziv təhsil” anlayışının qanunvericiliyə gətirilməsi istiqamətində təşəbbüslər də cavabsız qalmayıb.

Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasında inklüziv təhsilə geniş yer ayrılıb. “2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”nda ali təhsil müəssisələri qarşısında duran vəzifələr müəyyən edilib. Yeni qəbul edilən “Məktəbəqədər təhsil haqqında” qanunda bu anlayış öz əksini tapıb.

Qeyd etməliyik ki, inklüziv təhsil özlüyündə daha geniş məna kəsb etsə də, cəmiyyətdə bu təhsil növü əlilliyi olan şəxslərə münasibətdə daha çox aktuallıq kəsb edir və təhsilin bu növündən danışarkən ilk ağla gələn məhz onlar olur.

Azərbaycan Respublikasının Konstitusiyasında, tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə, xüsusilə də BMT Baş Məclisinin 2006-cı ilin dekabrında qəbul etdiyi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyada təsbit olunan mühüm hüquqlardan biri də təhsil hüququdur. Ekspertlər hesab edir ki, sırf bu səbəbdən əlilliyi olan şəxslərin inklüziv təhsil imkanlarının artırılması üçün ilk növbədə təhsilin normativ hüquqi bazası təkmilləşdirilməlidir.

Bəs, mövcud şərtlər altında əlilliyi olan şəxslərin təhsili üçün nə lazımdır?

 

Əvvəlcə onlara fərq qoymamağı öyrənək

 

UNEC-də təşkil edilən müzakirələrdən sonra belə qənaətə gəlmək olar ki, sağlamlıq imkanları məhdud şəxslərin təhsilinə qədər həll edilməli çoxsaylı məsələ var. Məsələn, onları necə “fərqləndirməli”?

Rektor Ə.Muradov “əlilliyi olan şəxs” sözünün azərbaycanca daha humanist qarşılığının tapılmasını təklif edir. O, bu fikirdədir ki, sözügedən ifadə daha humanist sözlə əvəz edilməlidir. “Əlilliyi olan şəxs” ifadəsi sağlamlıq imkanları məhdud insanlarda narahatlıq yarada bilər və yaradır. Azərbaycanın da qoşulduğu BMT-nin müvafiq sənədlərində “əlilliyi olan şəxslər” deyə müəyyən olunan bu ifadənin azərbaycanca xüsusilə kobud səsləndiyi qənaətində olan Ə.Muradovun fikrinin əksinə olaraq, Dünya Əlillər Vəqfinin vitse-prezidenti Necdet Öztürk onları ayırmamağı, cəmiyyətdə fərqləndirməməyi məsləhət görür. İnsanları sağlama və ya qeyri-sağlama, qadın və ya kişiyə ayırmağa ehtiyac yoxdur. Onun fikrincə,  əlilliyi olan şəxslərə münasibətdə vahid dövlət siyasəti olmalıdır.

Dünya Səhiyyə Təşkilatının 2011-ci il hesabatında  dünya əhalisinin 15 faizinin əlil olduğu göstərilib. Bu fakta əsaslanan N.Öztürk hesab edir ki, dünyada dövlətlər əlilliyi olan şəxslərin problemlərinə kompleks yanaşmalıdır: “İnkişaf edib-etməməsindən asılı olmayaraq, bir dövlət fiziki məhdudiyyətli insana yardıma möhtac kimi baxır, onu saxlamağa vəsait ayırır. Başqa bir dövlət ona tamamilə fərqli baxaraq, təhsilinə, inkişafına şərait yaradır və nəticədə nəinki  xərc çəkir, əksinə, qazanc götürür. Belə ki, o da digər insanlar kimi dövlətə xidmət edir, hətta öz sahəsində mükəmməl kadra çevrilir. Fiziki cəhətdən məhdudiyyətlilər də bütün ölkə vətəndaşları kimi, oxuyacaq, işləyəcək, karyera quracaq. Əgər o, dövlət məmuruna, özünü necə ifadə edəcəyini, necə qəbul etdirəcəyini düşünəcəksə, heç vaxt uğur qazana bilməyəcək. Dövlətlər elə etməlidir ki, biz həm ayaqda durmağa çalışıb, həm həyatla, həm də şəraitlə mücadilə etmək məcburiyyətində qalmayaq. Bir çox yerdə sağlamlıq imkanları məhdud olanların sosial vəziyyətilə bağlı faciəvi durum var. Bir binanın tikintisinə icazə verilərkən, layihəsi razılaşdırılarkən bəlli standartlar nəzərə alınmalıdır. Niyə əlil bir binada necə hərəkət edəcəyinin dərdini çəkməlidir? Təşkilatlar, xidmət sahələri vəzifələrini yerinə yetirərsə, bu cür problemlər olmaz, biz də normal yaşayarıq”.

Əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasına mane olan səbəbləri iki qrupa ayıran Əlil Təşkilatları İttifaqının prezidenti Davud Rəhimlinin fikrincə, fiziki maneələr maddi amillərlə bağlıdır. Dövlətin iqtisadi imkanları artdıqca təhsil infrastrukturunun inkişafı ilə bağlı tədbirlər həyata keçirilə bilər və keçirilir. Ancaq psixoloji maneələr maddi vəsait çərçivəsində həll olunan məsələ deyil, insanların şüur səviyyəsindən asılıdır. Bu da güclü maarifləndirmə tədbirləri tələb edir.

 

Təhsildə inklüzivlik necə təmin ediləcək?

 

BMT-nin “Əlillərin hüquqları haqqında” Konvensiyasını dəstəkləyən 160 ölkə arasında Azərbaycan da var. Əlillərin təhsili ilə bağlı tələb də həmin konvensiyanın 24-cü maddəsində əksini tapıb və burada təhsil, sadəcə, bütünləşdirilmiş təhsil modeli ilə qəbul edilir.

N.Öztürkün fikrincə, əlillərin problemlərinə kompleks yanaşma təhsildə də öz sözünü mütləq deyir. Təhsildə fiziki qüsurlu şəxsin orta təhsil almadan ali təhsil alması mümkün olmadığından, universitetlərin də ümumtəhsil müəssisələrində dəstəklənməyən təhsil növünü tətbiq edərək uğur qazanması mümkün deyil: “Bu yaxınlarda Kanadada universitetlərdən birində oldum. Burada dünyanın ayrı-ayrı ölkələrindən gələn 1500 fiziki məhdudiyyətli gənc təhsil alır. Universitetin ilk üçlükdə yer alan tələbəsi boynundan aşağı iflicdir. Burada 1500 əlil tələbəyə gündəlik ehtiyaclarına uyğun xidmət göstərilir. Bir sinifdə görməyən, eşitməyən, fiziki qüsurlu və sağlam gənclər eyni müəllimdən dərs alır. Buna da bütünləşdirilmiş təhsil modeli deyirlər. Yəni, bir məktəbdə ayrıca sinif açmır, hamıya birgə təhsil verirlər”.

 

UNEC inklüziv təhsilə doğru

 

Əlil Təşkilatları İttifaqının prezidenti Davud Rəhimli inklüziv təhsilin inkişafında universitetlərin üzərinə böyük məsuliyyət düşdüyü qənaətindədir. O, inklüziv təhsildə problemlərin aradan qaldırılması ilə bağlı layihələrin həyata keçirildiyinə diqqət çəkərək, UNEC də daxil olmaqla, ölkənin 6 ali təhsil müəssisəsində beynəlxalq təcrübəyə əsaslanan mərkəzlərin yaradıldığını vurğulayıb: “3 il əvvəl Avropa Birliyinin maliyyə dəstəyi ilə 6 universitetimizdə inklüziv təhsil mərkəzlərinin yaradılması ilə əlaqədar layihə həyata keçirildi. Layihəyə başlayanda universitetlərdə əlilliyi olan tələbələrin statistikası belə yox idi. Statistika həm də ona görə önəmlidir ki, onların təhsildən sonra məşğulluğunu təmin etmək mümkün olsun. Artıq Bakıda və regionlarda olan universitetlər bu sahədə müəyyən təcrübə əldə etməyə nail olub. Standart qaydalar yaradılıb ki, həmin qaydalar inklüziv təhsilin təşkil olunmasında addım sayılır. Növbəti mərhələdə UNEC və inklüziv təhsil mərkəzləri yaradılan başqa universitetlər inkubator rolunu oynayacaq. Nəticədə həmin universitetlər bölgədə nümunə olacaq”.

Ancaq UNEC, deyəsən, 6 universitetdən biri deyil, məhz birincisi olmaqda qərarlıdır. İnklüziv təhsil deyəndə, UNEC-də də əsasən əlilliyi olan şəxslərin təhsilinin təşkil edilməsi üçün zəruri şəraitin yaradılması nəzərdə tutulub və bu istiqamətdə ardıcıl addımlar atılıb. 2015-ci ildən başlayaraq, əvvəlcə əlilliyi olan tələbələr üçün mərkəz yaradılıb. 2016-cı ildə rektor Ə.Muradov sosial şəbəkələr vasitəsilə iqtisadçı olmaq istəyən fiziki məhdudiyyətli gənclərə müraciət edərək, onları universitetə dəvət edib. Rusiyada inklüziv təhsil sahəsində aparıcı universitet sayılan Moskva Dövlət Humanitar və İqtisad Universiteti ilə ikitərəfli müqavilə əsasında UNEC tələbələrinə həmin universitetdə də təhsil almaq imkanı yaradılıb. Fiziki məhdudiyyəti olan gənclərin rahat hərəkəti üçün hər xırdalığın nəzərə alındığı dünya standartlarına uyğun yeni korpusun istifadəyə verilməsindən sonra isə UNEC sağlamlıq imkanlarından asılı olmayaraq hər kəsin təhsil ala biləcəyi nümunəvi universitetə çevriləcək.

Rektor Ə.Muradovun sözlərinə görə, UNEC sadəcə təhsil verməklə də kifayətlənməyəcək. Yeni qərara əsasən, Startap layihələri olan tələbələrə dəstək veriləcək: “Fiziki məhdudiyyəti olan tələbələrimizin ortaya qoyacağı 3 startap layihəsini UNEC tamamilə maliyyələşdirəcək. Layihənin icrası, reallaşdırılması üçün nə lazımdırsa, təmin ediləcək”.

Bundan başqa, tələbələrin işlə təmin olunması məqsədi ilə də müvafiq tədbirlər düşünülüb. Belə ki, onlar məzun olduqdan sonra elə universitetdəcə işlə təmin olunacaqlar.

 

Ruhiyyə DAŞSALAHLI