Valideynlərin və müəllimlərin gözləntiləri tam doğrulur
Məktəbəhazırlıq dövrü. Bu, xüsusilə övladını məktəbə hazırlaşdıran hər bir valideyni daha çox narahat edən, düşündürən məsələdir. Həmin vaxt suallar da yaranır: “Necə edək ki, uşaqlar məktəb həyatına hazırlıqlı olsun, onlar ilk dəfə şagird kimi sinfə qədəm qoyanda müəllimlərlə ünsiyyət qurmaqda çətinlik çəkməsinlər? Eyni zamanda,müəyyən biliklərə də sahib olsunlar.
Bağçalarda məktəbəhazırlıq qrupları fəaliyyət göstərsə də, onların mövcud sayı tələbatı qətiyyən ödəmir. Etiraf edək ki, bəzən bu qruplarda keçilən məşğələlər də valideynlərin ürəyincə olmur. Əlbəttə ki, bunu bütün bağçalara şamil etmirik.
Bəzi valideynlər isə çıxış yolunu övladlarını müxtəlif adlar altında fəaliyyət göstərən özəl məktəbəhazırlıq kurslarına qoymaqda görsələr də, sonradan buradakı təhsillə məktəbdə fəaliyyət göstərən məktəbəhazırlıq qruplarındakı məşğələlər arasında müəyyən fərqlərin şahidi olurlar. Onu da nəzər alaq ki, maddiyyat baxımından həmın kursların imkanlarından heç də hamı istifadə edə bilmir. Belə ki, oradakı təhsil haqqını ödəmək, demək olar ki, əksər valideynlərin imkanları xaricindədir.
Son illər Təhsil Nazirliyinin həyata keçirdiyi ən uğurlu işlərdən biri olan məktəblərdə hazırlıq qruplarının təşkili valideynlərin qeyd olunan problemlərdən azad edilməsinə şərait yaradıb. Təhsil siyasətinin strateji istiqamətlərindən biri olan məktəbəqədər təhsil sisteminin inkişafı yönündə Təhsil Nazirliyi əsaslı dönüş yaradaraq ölkə üzrə azyaşlı uşaqların məktəbəqədər təhsilə cəlbolunma səviyyəsini artırmaq məqsədilə zəruri addımlar atıb. 2015-ci ildə beşyaşlılar üçün məktəbəhazırlıq proqramı təşkil olunub və ildən-ilə daha da təkmilləşdirilib. 2017-ci ildə Bakı şəhərində məktəbəhazırlıq qruplarına uşaqların qəbulu elektron sistem vasitəsilə ərizələrin onlayn qeydiyyatı aparılmaqla həyata keçirilib. 2018-ci ildən isə bu qayda paytaxtla yanaşı, bir sıra bölgələrdə də tətbiq olunmağa başlayıb. Onu da qeyd edək ki, məktəbəhazırlıq qruplarına qəbulun elektron sistem vasitəsilə həyata keçirilməsi şəffaflığın təmin edilməsi, vaxt itkisinin, subyektiv amillərin aradan qaldırılması, cəmiyyətdə informasiya texnologiyalarından istifadə mədəniyyətinin formalaşması baxımından olduqca əhəmiyyətlidir. Fikrimizcə, elə tətbiq edilən yeniliyin valideynlər tərəfindən müsbət qarşılanmasının səbəblərindən biri də məhz budur.
Respublikanın bütün bölgələrində dövlət ümumtəhsil müəssisələrində dövlət büdcəsi vəsaiti hesabına məktəbəhazırlıq qrupları yaradılıb. Tarixən məktəbəqədər təhsil müəssisələri olmayan yaşayış məntəqələrində, ucqar kəndlərdə də uşaqların məktəbəhazırlığı təmin edilib. Statistikaya nəzər salsaq görərik ki, 2016-2017-ci tədris ilində respublikanın 2.795 ümumtəhsil məktəbində 4.410 qrupda 86.970 uşaq məktəbəhazırlıq təhsilinə cəlb edilib. 2017-2018-ci tədris ilində isə 2.874 ümumtəhsil müəssisəsindəki 4.708 qrupda 93 mindən çox uşaq məktəbəhazırlığa cəlb edilib.
Təhsil naziri Ceyhun Bayramovun “Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə” müvafiq əmrində də diqqətdə saxlanılan məsələlərdən biri məhz məktəbəhazırlıq qruplarında həyata keçirilən təhsil prosesinin müəyyən olunmuş proqram istiqamətləri üzrə təmin edilməsi, bu qruplarda çalışan müəllimlərin fəaliyyətinə müntəzəm nəzarət olunması və onlara davamlı metodiki köməklik göstərilməsidir.
Bu sahədə aparılan tədqiqatlar da göstərir ki, məktəbəqədər təhsilə cəlb olunan uşaqlar cəlb olunmayanlardan daha yüksək akademik nailiyyətlər əldə edirlər. Belə ki, məktəbəqədər təhsil uşaqlarda başadüşmə, dinləmə, sadə riyazi təsəvvür, kiçik və böyük motorika xüsusiyyətlərini inkişaf etdirir. Yaxşı təşkil olunan məktəbəqədər təhsil, həmçinin, uşaqların gələcəkdə sosial davranışına, imtahanlarda yüksək qiymətlər almasına, əlavə müəllimlə hazırlığa daha az müraciət edilməsinə və digər müsbət nəticələrə gətirib çıxarır.
Məşğələləri təcrübəli ibtidai sinif müəllimləri keçir
Paytaxt məktəblərində məktəbəhazırlıq qruplarına gələnlərin sayında da müsbət dinamika müşahidə edilməkdədir. Belə ki, 2018-2019-cu tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 264 ümumi təhsil müəssisəsində 919 məktəbəhazırlıq qrupunda 23840 uşaq məşğələyə cəlb olunub. Onu da qeyd edək ki, məktəbəhazırlıq qruplarında məşğələlərin aparılması əsasən bu sahədə davamlı iş təcrübəsi olan, diaqnostik qiymətləndirmədə yüksək nəticə göstərən, “Məktəbəhazırlıq qruplarında işin təşkili metodikası” proqramı üzrə təşkil edilmiş təlimlərdən keçən, məktəbin həmin tədris ilində IV sinifdə dərs deyən və növbəti dərs ilində I sinfi qəbul edəcək ibtidai sinif müəllimlərinə həvalə olunur.
2018-2019-cu tədris ilində paytaxt məktəblərinin məktəbəhazırlıq qruplarında məşğələlər aparan müəllimlər üçün həmçinin mentor xidmətindən yararlanmaq imkanı da yaradılıb. Belə ki, xüsusi hazırlıq keçmiş mentorlar məşğələlərdə müəllimlərə elmi-metodik və təcrübi dəstək göstərmək və qrup müzakirələri təşkil etmək üçün müəyyən olunublar.
Həftədə 4 gün fəaliyyət göstərən və valideyn tərəfindən heç bir ödəniş edilməyən məktəbəhazırlıq qruplarında “Ətraf aləmlə tanışlıq”, “Savad təliminə hazırlıq və nitq inkişafı”, “Bədii təfəkkürün inkişafı”, “Məntiqi və riyazi təfəkkürün inkişafı”, “Təsviri fəaliyyət”, “Musiqi” və “Fiziki mədəniyyət” məşğələləri keçirilir.
Gün ərzində təşkil olunan 3 məşğələnin hər birinin müddəti 30, məşğələlərarası fasilə isə 10 dəqiqədir. Zehni gərginlik tələb edən məşğələlərdə, bir qayda olaraq, 3 idman dəqiqəsi keçirilir.
Məktəbəhazırlıq qruplarında təhsil alan uşaqlar üçün ev tapşırıqları nəzərdə tutulmur. Oktyabrda başlanan məşğələlər mayın 31-də başa çatır.
Səkkiz ay çəkən məktəbəhazırlıq qruplarının əsas məqsədi beşyaşlı uşaqların tədrisə hazırlıqlı başlaması, dərs prosesinə öncədən alışması, məktəb təliminə hazırlığı ilə əlaqədar psixoloji dayanıqlığını artırılması, əhatə olunduqları aləmə və təhsil mühitinə uyğunlaşdırılması, onlarda müəyyən bilik və bacarıq vərdişlərinin formalaşdırılmasıdır.
Məktəbəhazırlıq qruplarında ödənişsiz təhsil alan uşaqlar eyni zamanda dövlət vəsaiti hesabına müvafiq təlim və metodiki vəsaitlərlə təmin edilib.
Məktəbəhazırlıq qruplarında xüsusi qiymətləndirmə tətbiq olunmur. Hər gün uşaqlar şifahi formada qiymətləndirilir və bu barədə valideynlərə məlumat verilir.
Beşyaşlılar məşğələlərdə özlərini daha rahat hiss edirlər
Məktəbəhazırlıq qruplarının təşkili, fəaliyyəti ilə bağlı əyani tanışlıq üçün bu dəfə yolumuzu paytaxtdakı P.Nəzərov adına 60 və M.Müşfiq adına 18 nömrəli tam orta məktəblərdən saldıq. Hər iki təhsil müəssisəsində fəaliyyət göstərən məktəbəhazırlıq qruplarındakı məşğələlərdə iştirak etməklə yanaşı, müəllimlərlə, eləcə də övladları burada təhsil alan valideynlərlə görüşüb onların fikirlərini öyrəndik.
2200 şagirdin təlim-tərbiyəsi ilə 120 müəllimin məşğul olduğu 60 nömrəli tam orta məktəbdə məktəbəhazırlıq qruplarının fəaliyyəti, təlim şəraitinin təmin olunması istiqamətində bir sıra tədbirlər görülüb. Təhsil ocağının direktoru Fayaz Hüseynov 3 məktəbəhazırlıq qrupunda 85 uşağın məşğul olduğunu deyir. Direktor məktəbəhazırlığın məhz elə məktəbin özündə aparılmasını düzgün hesab edir: “Bilirsiniz ki, məktəbəhazırlığın əsas vəzifələri uşaqlarda oxumaq həvəsinin, məktəbə müsbət münasibətinin inkişaf etdirilməsi və tədricən möhkəmləndirilməsi, məktəbə uğurla adaptasiya olunması üçün balacalarda şəxsi, eyni zamanda sosial xüsusiyyətlərin formalaşdırılmasıdır. Məktəbə hazırlığın təşkili üçün qoyulan tələblər uşağın məktəb təliminə hazırlığı zamanı öncə onun fiziki, şəxsiyyətyönümlü, intellektual və sosial hazırlığını nəzərdə tutmasıdır. Məhz məktəbəqədər hazırlığı olan uşaqların sonrakı məktəb illərində daha yüksək nəticələri olur. Biz bunu görürük. Artıq 3 ildir ki, bizim məktəbdə məktəbəhazırlıq qrupları uğurla fəaliyyət göstərir. Mən valideynlərin öz övladlarını bu məşğələlərə necə həvəslə gətirdiklərinin şahidiyəm. Bu balacalar artıq məktəb məfhumunu, müəllim anlayışını yaxşı başa düşür, müəyyən situasiyalarda özlərini necə aparmağı bilirlər”. F.Hüseynov məktəbəhazırlıq qruplarının uşaqların məktəb, eləcə də təhsil həyatına müəyyən qədər hazırlıqlı olmasında mühüm rol oynadığını söyləyərək, Təhsil Nazirliyi tərəfindən belə bir layihənin həyata keçirilməsini məktəbəqədər təhsilin inkişafında uğurlu bir addım kimi dəyərləndirib.
“Məktəbəhazırlıq təhsilinə cəlb olunan uşaqlar müəyyən müddət keçdikdən sonra daha aktiv olmaqla bərabər sərbəst fikir söyləməyi də bacarırlar. Onlar çox tez bir zamanda məktəbə alışırlar. Balacaları biliklərlə, dərslərlə yükləmək düzgün deyil. Məhz məşğələlərdə istifadə olunan metodik vəsaitlər uşaqlara müəyyən məlumatları daha sadə, daha anlaşılan şəkildə mənimsəməyə, ilkin bacarıqlara yiyələnməyə imkan verir.
Məktəbdəki məktəbəhazırlıq qrupuna gələn beşyaşlılar məşğələlərdə özlərini daha əyləncəli və rahat hiss edirlər”. Məktəbin hazırlıq qruplarında dərs deyən ibtidai sinif müəllimləri Sevil Bağırova, Elnurə Ramazanova, Salatın Zülfüqarova bu fikirdədirlər. Onlardan bəziləri məşğələ apardıqları qrupun uşaqlarına növbəti tədris ilində dərs deyəcəklər. I sinifdə artıq bu uşaqlarla çətinlik yaşanmayacaq, çünki müəllimlər onların hər birinin fərdi xüsusiyyətlərinə, psixologiyasına yaxşı bələddir. Artıq balacalar həm məktəb həyatına, həm də təhsil prosesinə tədricən alışmaqdadırlar.
Bu müəllimlərin uşaqlarla apardığı məşğələlərdə iştirak etdik. Məşğələlər uşaqlar tərəfindən maraqla qarşılanır. Balacalar əyləncəli şəkildə müəyyən biliklər alır, keçilən mövzuları daha rahat və anlaşılan şəkildə qavrayırlar.
M.Müşfiq adına 18 nömrəli tam orta məktəbdə də məktəbəhazırlıq qruplarının fəaliyyəti ilə bağlı zəruri təşkilati işlər görülüb. Məktəbin direktoru Rəna Süleymanova 2000-ə yaxın şagirdin oxuduğu təhsil müəssisəsində 2-si rus, 4-ü Azərbaycan bölməsi olmaqla fəaliyyət göstərən 6 məktəbəhazırlıq qrupunda 154 uşağın məşğul olduğunu deyir. Məktəbin təcrübəli, peşəkar və diaqnostik qiymətləndirmədə yüksək nəticə göstərən ibtidai sinif müəllimləri bu qruplara cəlb olunub. Məşğələlər dərs cədvəlinə uyğun olaraq həftənin I, II, III və IV günləri aparılır.
Direktorun sözlərinə görə, məktəbəhazırlığı məktəbdə keçən uşaqlar heç bir hazırlığı olmayanlardan sözün yaxşı mənasında fərqlənir. İstər müəllimlə ünsiyyətləri zamanı, istərsə də məktəb həyatına uyğunlaşmalarında problem yaşamırlar: “Məktəbəhazırlıq təhsili ibtidai təhsilə keçidi asanlaşdırmaqla yanaşı, uşağın ibtidai təhsilə adaptasiya olunmasına əhəmiyyətli dərəcədə təsir edir. Bilirsiniz, I sinfə gedən uşaq üçün məktəb dövrünün ilk günləri bir qədər çətin olur. Belə ki, məhz həmin zaman - məktəb dövrünün ilk 3-4-cü həftəsində uşaq orqanizmində, xüsusilə onların psixikasında əsl “fırtına” baş verir. Dünənə qədər uşaqlığını yaşayan balacalar məktəb həyatının ilk həftələrində müəyyən çətinliklərlə üzləşirlər. Onların məktəbə uyğunlaşması və məktəbli həyatının nə demək olduğunu anlaması üçün xeyli səy və vaxt tələb olunur. Məktəb həyatı uşağın yaşam tərzini əsaslı surətdə dəyişir. Bu, yeni rejim, yeni tələblər, yeni şərait, yeni münasibətlər və əlbəttə ki, tamamilə yeni fəaliyyət növü deməkdir. Məhz məktəbəhazırlıq qruplarından gələn uşaqlar bəzilərinin mürəkkəb hesab etdiyi bu dövrü tam rahat şəkildə keçə bilir”. Direktor elə bu və digər səbəblərə görə məktəbəhazırlıq qruplarına uşaq axınının ildən-ilə çoxaldığını söyləyir.
Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Tahirə Məmmədbəyova ilə birlikdə Azərbaycan bölməsinin ibtidai sinif müəllimləri Nazirə Hümbətovanın, Sevda Ağayevanın məşğələlərində olduq. Onlarla, həmçinin, digər məktəbəhazırlıq qrupunun müəllimləri Təranə Abdullayeva, Nərminə Qaragözova, Samira Məmmədova ilə söhbətimiz zamanı məşğələlərin 5 yaşlı uşaqların məktəb təliminə hazırlığı ilə əlaqədar psixoloji dayanıqlığını artırmaqda, əhatə olunduqları aləmə və təhsil mühitinə uyğunlaşmasında, ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsindəki əhəmiyyətini xüsusi vurğuladılar.
Təhminə Ağayeva da məktəbin bu qrupda məşğələ aparan gənc müəllimidir. Yeni tədris ilindən ilk dəfə I sinifə dərs deyəcək. İndidən hazırlaşır. Gələcək şagirdləri olacaq bu uşaqları daha yaxından tanımaq baxımından məktəbəhazırlığın zəruri olduğunu deyir: “Məktəbin özündə bu qrupların təşkili effektivdir. 5 yaşından məktəb mühitində, belə demək olarsa, böyüyən balaca evdən gətirdiyi ərköyünlüyünü arxada qoyur. İlk günlər kaprizlərini göstərsə də, sonradan müəllimlə ünsiyyəti effektiv nəticə verir. Müəllim şagirdi olacaq bu balacaları, onlar isə müəllimini daha yaxından tanımaq imkanı əldə edir. Məşğələ zamanı hər bir uşağın fərdi xüsusiyyətini öyrənmək müəllimə növbəti ildə dərs deyəcəyi həmin şagirdinin potensialının, bilik və bacarıqlarının üzə çıxarılmasında da mühüm rol oynayır”.
Valideynlər artıq arxayındırlar...
Məktəbin özündə məktəbəhazırlıq qruplarının açılması valideynləri müəyyən problemlərdən azad edib, narahatlıqlarına son qoyub. Kamran Mahmudov 60 nömrəli tam orta məktəbin valideynidir. Oğlu Mehmet Mahmudzadə bu təhsil müəssisəsinin məktəbəhazırlıq qrupundadır. Qızı isə artıq 5-ci sinifdə təhsil alır. Vaxtilə onun da qızının məktəbəhazırlığı ilə bağlı narahatlıqları olub. O zamanlar çıxış yolu kimi qızını paytaxtdakı özəl məktəbəhazırlıq kurslardan birinə qoyub. Müqayisədə məktəbdə fəaliyyət göstərən məktəbəhazırlıq qruplarının daha yaxşı olduğunu, uşaqların məktəb həyatına alışmasında, onların sosiallaşmasında əvəzsiz rol oynadığını söyləyir. Oğlunun ərköyün olduğunu deyən həmsöhbətimiz getdikcə bu uşağın daha sakit və davranışında müsbət cəhətlərin çoxaldığını bildirir, ümumiyyətlə, uşaqlarla peşəkar müəllimlərin məhz məktəbdə fəaliyyət göstərən hazırlıq qruplarında məşğul olmasını alqışlayır: “Məktəbəhazırlıq adından göründüyü kimi məktəbdə olmalıdır”.
Tətbiq edilən yeniliklər təbii ki, valideynin rahatlığına, məktəb və müəllim seçimində heç bir kənar müdaxilənin olmamasına, obyektivliyin qorunmasına xidmət edən vacib şərtlərdəndir.
Həmin məktəbin digər valideynləri Nigar Həsənova, Zəhra Mürvətova, Şəfa Kərimova, Sürəyya Əlizadə bu faktoru, eləcə də məktəbəqədər hazırlıq qruplarının ödənişsiz olmasını, ən əsası isə məşğələlərdəki təlim mühitinin onların ürəyincə olduğunu qeyd edirlər.
18 nömrəli tam orta məktəbin valideynləri Vüsalə Səlimova, Günel Məmmədova, Bəyim Vəzirova, Nərgiz Qədirli, Günel Həsənova və digərləri öz övladlarını peşəkar ibtidai sinif müəllimlərinə etibar etməkdə heç də yanılmadıqlarından, uşaqlarla məşğələlərin yüksək səviyyədə aparılmasından razılıqla danışırlar: “Məktəbə hazırlaşan övladlarımızdan gözləntilərimiz olur. Söhbət balacalarımızın müəyyən biliklər barədə anlayışlarının olmasından, məktəbə uyğunlaşma, həmyaşıdları ilə ünsiyyət qura bilmə bacarığından, verilən bilikləri düzgün şəkildə qavrama və özünü psixoloji baxımdan məktəbə tam hazırlıqlı hiss etməsindən gedir. Biz bu məsələdə artıq tam arxayınıq. Valideyn olaraq əminliklə deyə bilərik ki, məktəbdə fəaliyyət göstərən məktəbəhazırlıq qrupları bizim gözləntilərimizi tam doğruldur. Bu imkanlardan bəhrələnmək artıq hər bir valideyn üçün əlçatandır”.
Elə son illərin statistikası məktəbəqədər təhsil sahəsində tətbiq edilən yeniliklərin ictimaiyyət tərəfindən müsbət qarşılandığını göstərir. Belə ki, ölkəmizdə 2015-2016-cı tədris ilində məktəbəhazırlıq proqramı bütün 5 yaşında olan uşaqların 24, 2016-2017-ci dərs ilində 55, 2017-2018-ci tədris ilində 65 faizini əhatə edirdirsə, 2018-2019-cu dərs ilində həmin göstərici 75 faizə çatdırılıb. Təməl bacarıqların uşaqlıq dövründən əldə edildiyi, uşaqların erkən yaş dövründən inkişaf etdirilməsinin vacibliyi nəzərə alınaraq başlanan bu islahatın əsas hədəfi 2020-ci ildə məktəbəhazırlığın əhatə səviyyəsinin 90 faizə çatdırılmasıdır.
Samirə KƏRİMOVA