Təhsil Nazirliyinin və "Alqoritmika" beynəlxalq təhsil şirkətinin təşkilati dəstəyi ilə mart ayında Azərbaycanda "Kod saatı" qlobal hərəkatı çərçivəsində bir sıra tədbirlər keçiriləcək.
"Kod saatı" hərəkatının əsas məqsədi proqramçı peşəsini məktəblilər arasında populyarlaşdırmaq, şagirdlərin və onların valideynlərinin diqqətini informasiya texnologiyaları ilə bağlı peşələrə cəlb etmək, həmçinin proqramlaşdırmanın çətinliyi haqqında mifləri dağıtmaqdır.
"Kod saatı" təşəbbüsü 2013-cü ildə Hadi və Əli Partovi qardaşları tərəfindən tətbiqinə başlanılan və insanlara proqramlaşdırmanı öyrətmək məqsədi daşıyan qlobal hərəkatdır. Layihənin ideya müəllifləri bütün sahələrdə hesablama tapşırıqlarını yerinə yetirmək qabiliyyətinə malik mütəxəssislərə çox böyük ehtiyac olduğunu deyərək insanlara proqram kodunu yazmağı öyrənmək üçün bir saat vaxt ayırmağı təklif ediblər. Bir çox ölkələr bu təşəbbüsə qoşulub. Hazırda "Kod saatı" dünyanın 180-dən çox ölkəsində yüz milyonlarla tələbə və şagirdi əhatə edir.
"Kod saatı"nı bütün ölkə üzrə üç mərhələdə keçirmək planlaşdırılır. “Kod saatı”nın birinci mərhələsi cari ilin martın 16-da paytaxtın bütün inzibati rayonları əhatə olunmaqla Bakının 12 məktəbində və Gəncə şəhərinin bir məktəbində keçiriləcək. İkinci mərhələ martın 23-də onlayn-rejimdə baş tutacaq. “Kod saatı”nın üçüncü mərhələsi isə martın 30-da Bakı və Gəncədə "Pasha Malls Group" ilə tərəfdaşlıq çərçivəsində bu qurumun ticarət-sənaye mərkəzlərində keçiriləcək.
Tədbirlərdə 7 yaşdan yuxarı məktəblilər iştirak edə bilərlər. "Kod saatı" çərçivəsində iştirakçılar oyun formatında, "Scratch" mühitində məsələləri həll etmək imkanı əldə edəcəklər. "Scratch" – uşaq və yeniyetmələr üçün xüsusi yaradılmış vizual proqramlaşdırma mühitidir.