“Ədəbiyyat biliciləri” müsabiqəsinin şəhər mərhələsinin qalibləri bəlli olub.
Belə ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 127 nömrəli tam orta məktəbin X sinif şagirdi Cavad Əliyev, 135 nömrəli tam orta məktəbin IX sinif şagirdi Günel Kazımova, 26 nömrəli tam orta məktəbin IX sinif şagirdi Rəşad Hüseynov, 281 nömrəli tam orta məktəbin IX sinif şagirdi Şəhla İsazadə və Məryəm Əlizadə, 299 nömrəli tam orta məktəbin VIII sinif şagirdi Zəhra Hüseynli, Məktəb-Lisey Kompleksinin IX sinif şagirdi Rəna Şabanzadə, Texniki-humanitar liseyin IX sinif şagirdi Səba Ağayeva “Ədəbiyyat biliciləri” müsabiqəsinin ölkə mərhələsində iştirak etmək hüququ qazanıblar.
Müsabiqənin şəhər mərhələsində iştirak edən şagirdlərin oxuduqları sinif fərqi nəzərə alınmaqla, onlara Azərbaycan və dünya ədəbiyyatı haqqında biliklərinin aşkara çıxarılması, oxuduqları bədii əsərlərin ictimai mahiyyəti, insanların mənəvi tərbiyəsində rolu və ədəbiyyat tarixində yeri ilə bağlı məsələlərin hansı səviyyədə dərk olunmasını əhatə edən 2 variant üzrə açıq suallar verilib.
Müsabiqənin şəhər mərəhələsinin qalibləri ölkə mərhələsində onlara təklif olunmuş mövzulardan birini seçərək inşa yazacaq və 10 sualı yazılı cavablandıracaqlar.
İnşa yazı 10 ballıq şkala üzrə, 10 sualın hər biri isə maksimum 10 balla qiymətləndiriləcək. Hər bir iştirakçının yekun balı hər iki tapşırığa verilən ballar əsasında müəyyən olunacaq.
Müsabiqənin qaliblərinə diplom və qiymətli hədiyyələr təqdim olunacaq.
Qeyd edək ki, “Ədəbiyyat biliciləri” müsabiqəsinin keçirilməsinin əsas məqsədi şagirdlərin Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılıqları haqqında məlumatlılıq səviyyəsini artırmaq, ədəbiyyat nümunələrinin məktəblilər tərəfindən mütaliə olunması vəziyyətini öyrənmək və mütaliə sahəsində xüsusi fəallığı ilə fərqlənən şagirdləri aşkara çıxarıb rəğbətləndirməkdən ibarətdir. Təhsil nazirinin əmrinə əsasən təşkil edilən müsabiqə məktəb, rayon (şəhər), ölkə üzrə olmaqla, 3 mərhələdə VIII-XI sinif şagirdləri arasında keçirilir.