Yardımlı rayonunun Dəlləkli kənd orta məktəbinin müəllimi Nəcəf Məhərrəmovun xeyirxah əməllərindən bəhs edən sosial çarx çəkilib.

 

Bununla bağlı Vergilər Nazirliyindən məlumat verilib.

 

Ucqar dağ kəndində müəllim işləyən Nəcəf Məhərrəmov təxminən bir il öncə həmkəndlisinin təsadüfi telefon çəkilişləri nəticəsində bütün ölkədə məşhurlaşıb. O, 20 ildən artıq bir müddətdə qarlı, şaxtalı havalarda şagirdlərini məktəbə şəxsən özü aparıb-gətirməsi, yolda onların çantalarını daşıması, uşaqlara nağıl danışması ilə kəndlilərin sevimlisinə çevrilib.

 

Təsadüfən çəkilən bir şəkildən sonra isə Nəcəf müəllim bütün ölkə vətəndaşlarının rəğbətini qazanıb. Yardımlı rayonuna yağan bir metr hündürlüyündə qarda cığır açaraq uşaqları məktəbə aparan müəllimin fotosu sosial şəbəkəyə yerləşdiriləndən sonra o, özünün belə xəbəri olmadan məşhurlaşıb.

 

Məlumata görə, Vergilər Nazirliyi Nəcəf müəllimin obrazını öz videoçarxında istifadə edib. Onun obrazı nazirliyin yeni sosial çarxının baş qəhrəmanıdır.

 

Nazirlikdən bildirilib ki, hazırlanan yeni çarx insanları qarşılıq gözləmədən xeyirxah olmaq, nəcib işlər görmək kimi çağırışlara səsləyir, bilik və təhsilin, savadlı vətəndaş olmağın vacibliyini aşılayır.

 

Videoçarx yaxın günlərdə sosial şəbəkədə və yerli TV məkanında yayınlanacaq.