Azərbaycanda uğurla aparılan çoxşaxəli və davamlı islahatlar ölkəmizin iqtisadi qüdrətinin əhəmiyyətli dərəcədə güclənməsinə imkan verib. Bütün bunlar hərtərəfli dinamik sosial-iqtisadi inkişafı və vətəndaşların rifah halının yaxşılaşmasını təmin edib. Məqsədyönlü və davamlı proqramlar sayəsində təhsil sahəsi də yeni inkişaf mərhələsinə qədəm qoyub, keyfiyyətin artırılması və müasir təcrübənin tətbiqi istiqamətində ciddi nailiyyətlər əldə olunub. İnkişafın innovasiya mərhələsinə keçilməsi, ilk növbədə, insan kapitalının formalaşdırılmasını şərtləndirir, yaradılan şərait təhsil müəssisələrinin fəaliyyətinin günün tələblərinə cavab verməsini zərurətə çevirir. Azərbaycanın inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi respublikamızın qarşısında böyük imkanlar açır. Bu strategiyanın uğurlu nəticələrini bütün sahələrdə, o cümlədən təhsil sistemində əldə olunmuş mütərəqqi inkişafda aydın şəkildə müşahidə edirik.
Bunu AZƏRTAC-a açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyev deyib.
O bildirib ki, təhsil sistemində həyata keçirilən köklü islahatlar, müasir təhsil standartlarının tətbiqi, keyfiyyətin artırılmasının başlıca prioritet istiqamətlərdən biri kimi qəbul olunması, vətənpərvər, yüksək bilik və bacarıqlı gənc nəslin yetişdirilməsi yönündə görülən işlər Azərbaycan təhsilinin inkişaf üfüqlərini genişləndirib. Təhsilin inkişafına dövlət tərəfindən göstərilən xüsusi diqqətin nəticəsidir ki, təhsil sahəsində bir sıra parlaq uğurlara imza atılıb və layihələr həyata keçirilib. Prezident İlham Əliyev martın 1-də mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşündə çıxışı zamanı deyib: “Təhsil sahəsində islahatlar aparılır və deyə bilərəm ki, müəllim peşəsini seçən abituriyentlərin sayı kəskin şəkildə artıb. Yəni cəmiyyətdə müəllim peşəsinə ənənəvi hörmət qayıdır və bu, islahatlar nəticəsində mümkün olub. Təhsil sahəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi, 3200-dən çox məktəbin tikilməsi, əlbəttə ki, böyük dəyişikliklərə gətirib çıxarıb”.
Bütün bu uğurlar Prezidentin təhsilin inkişafına göstərdiyi diqqət və qayğıdan qaynaqlanır. Təhsilə olan həssas münasibət son nəticədə müəllim peşəsinin nüfuzunun yüksəlməsində, cəmiyyətdə təhsilə olan müsbət yanaşmaların möhkəmlənməsində özünü göstərir. Həmçinin ümumtəhsil məktəblərinin təmir-tikinti işləri son illərdə davamlı olaraq həyata keçirilir. Bu işlər ümumilikdə məktəblilərin təhsil şəraitinin yaxşılaşdırılmasına, tədrisin keyfiyyətinin yüksəldilməsinə xidmət edir.
Rəşad Tağıyev diqqətə çatdırıb ki, konkret olaraq 2018-2019-cu tədris ili üçün BŞTİ-nin tabeliyində fəaliyyət göstərən 13 məktəbdə əsaslı təmir işləri aparılıb. Bundan əlavə, mövcud olan 2 məktəb binasının və ehtiyac olan ərazilərdə 2 yeni məktəbin inşası başa çatıb. Eləcə də 1 məktəbin qəzalı vəziyyətdə olan korpusu sökülərək yenidən tikilib. Həmçinin 1 məktəb üçün 1416 şagird yerlik yeni binanın tikintisi və 25 məktəbdə cari təmir və mühəndis kommunikasiya işləri aparılıb. Təhsil işçiləri üçün çox qürurvericidir ki, ölkə başçısı məktəblərdə təmirdən sonra yaradılan şəraitlə tanış olub və açılış mərasimlərində iştirak edib. “Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə” Təhsil Nazirliyinin əmrinə əsasən, “Ümumi təhsildə keyfiyyət ili” çərçivəsində qazanılmış uğurlar davam etdirilir. Təhsil Nazirliyinin qarşımızda qoyduğu tələblərə uyğun olaraq təhsilin keyfiyyətinin yüksəldilməsi məqsədilə səmərəli fəaliyyət istiqaməti seçilib və məqsədyönlü tədbirlərin həyata keçirilməsi işi uğurla davam etdirilir.
İdarə müdiri bildirib ki, təhsildə keyfiyyətin yüksəldilməsi ilə yanaşı, şəffaflığın qorunması və vətəndaş məmnuniyyətinin təmin olunması da fəaliyyətin əsasını təşkil edir. Artıq neçə illərdir ki, Bakı şəhərinin ümumtəhsil məktəblərinin və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyaların I sinfinə şagird qəbulu elektron sistem vasitəsilə həyata keçirilir. Bu prosesdə başlıca prinsip valideyn məmnunluğunun təmin edilməsidir. Ötən illərin təcrübəsi deməyə əsas verir ki, ümumilikdə bunu reallaşdırmaq mümkün olub. Dövlət hesabına ümumtəhsil müəssisəsində fəaliyyət göstərən məktəbəhazırlıq qruplarında təhsilin əhatəliliyini 75 faiz həddinə çatdırmağa imkanlar yaradılıb. Bu, ümumi təhsildə keyfiyyətin artırılmasında və şagirdlərin tədris nailiyyətlərinin yüksəlməsində mühüm şərtlərdən biridir.
Rəşad Tağıyev qeyd edib ki, uğurların sırası olduqca genişdir. BŞTİ-nin tabeliyindəki ümumtəhsil məktəblərini ümumi orta təhsil səviyyəsi və tam orta təhsil səviyyəsi üzrə fərqlənmə attestatı ilə bitirən məzunların sayı ilbəil artmaqda davam edir. Ali məktəblərə qəbul imtahanlarında ən yüksək nəticə göstərən (700 bal) məzunların sayı da artmaqdadır. Ötən tədris ilində BŞTİ-nin tabeliyindəki ümumtəhsil müəssisələrinin 10 məzunu ali məktəblərə qəbul imtahanlarında maksimum nəticə göstərərək 700 bal toplayıblar. Ümumi təhsilin tam orta təhsil səviyyəsində təmayülləşmənin tətbiqi də təhsil islahatlarının ən vacib mərhələsi kimi qeyd olunmalıdır. İstedadlı şagirdlərin seçimi, onların gələcək inkişafı üçün addımların atılması da hər zaman diqqət mərkəzindədir. Təsadüfi deyil ki, son illərdə azərbaycanlı şagirdlərin beynəlxalq olimpiadalardakı uğurları kifayət qədər yüksəkdir. Azərbaycan dövlətinin sosial rifah məsələlərinə yönəlmiş humanist siyasəti təhsil sahəsində də özünü büruzə verir. “2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı” üzrə ciddi nəticələr əldə olunub. Təhsilin inkişafı ilə bağlı mövzular, dövlətin təhsil işçilərinin qarşısında qoyduğu ümdə vəzifələr bütün mötəbər tədbir və görüşlərdə müzakirə olunan əsas məsələlərdəndir. Ötən il keçirilmiş Azərbaycan müəllimlərinin XV qurultayında “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda müəyyənləşdirilmiş hədəflərə nail olunması istiqamətində əldə edilmiş uğurlar, eləcə də 2013-cü ilin dekabrında keçirilmiş Azərbaycan müəllimlərinin XIV qurultayından sonrakı müddət ərzində təhsil sistemində həyata keçirilmiş tədbir və islahatlar müzakirə olunub, təhsil sisteminin qarşısında duran yeni vəzifələr müəyyənləşdirilib, həmçinin ümumi təhsil sahəsi ilə bağlı panel müzakirələr aparılıb. XV qurultayın təhsil sisteminin inkişafında, təhsil işçilərinin gələcək uğurlarında çox mühüm rol oynayacağına əminik.
İdarə müdiri deyib: “Azərbaycanlı gənclər dünyanın nüfuzlu ali məktəblərində təhsil alırlar. Dövlət tərəfindən buna verilən dəstəyin nəticəsidir ki, gənclərin böyük əksəriyyəti Azərbaycana qayıdaraq yüksək səviyyəli mütəxəssis kimi ölkəmizdə öz fəaliyyətlərini davam etdirir, ölkənin ümumi inkişafına, iqtisadi, sosial həyatının daha da irəli aparılmasına öz töhfələrini verirlər. Dövlət rəhbərinin təhsilə qayğısı nəticəsində infrastruktur yenilənir, təhsilin keyfiyyəti yüksəlir, eyni zamanda təhsil işçilərinin sosial rifahı ilbəil yaxşılaşır. Bu isə ümumilikdə müəllim peşəsinə olan marağın artmasına səbəb olub. Ali məktəblərə qəbul imtahanlarında 2000-dən çox tələbə 500-dən çox bal toplayaraq ali məktəblərə qəbul olunub. Dövlətin məktəbə, təhsilə, müəllimə göstərdiyi qayğının nəticəsidir ki, bu gün ali məktəbə qəbul olunan gənclərimiz arasında təkcə qadınlar deyil, kişilər də ilk seçdikləri ixtisaslar arasında müəllim peşəsinə daha böyük maraq göstərirlər. Bu gün təhsil sahəsində davamlı olaraq həyata keçirilən islahatlar bir daha əmin olmağa əsas verir ki, müasir Azərbaycan təhsili özünün zəngin mütərəqqi ənənələrinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə, beynəlxalq təcrübəyə əsaslanaraq daha da inkişaf edəcəkdir. Yaradılmış şərait və dövlət qayğısı təhsil işçilərini daha da ruhlandırır, öz fəaliyyətlərinə daha yaradıcı yanaşmağa sövq edir”.