Təhsilalanlar köçürülmə seçimlərində regionlara da üstünlük verirlər


Tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə və təhsilalma formasının dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələrində, magistratura səviyyəsində təhsilalanların köçürülməsi üzrə nəticələr məlum olub.

 

Transfer.edu.az  portalı vasitəsi ilə ali təhsil müəssisələrindən köçürülmək istəyən 1820 nəfərdən 1319 nəfərin müraciəti müsbət cavablandırılıb. Ali təhsil müəssisələrindən köçürülməsinə icazə verilən 1014 bakalavrdan biri Gülgün Cəlilovadır. Azərbaycan Dillər Universitetinin ingilis dili müəllimliyi ixtisası üzrə I kurs tələbəsi Bakı Dövlət Universitetində Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə təhsil almaq istədiyini bildirib. Bu istəyinin səbəbini “Azərbaycan müəllimi” qəzetinə belə izah edir: “Əslində, bu ixtisas üzrə təhsil almaq istəmirdim. Ali təhsil müəssisələrinə qəbul imtahanlarının ixtisas seçimi mərhələsində kodlaşdırmada səhv etdiyim üçün birinci semestri Azərbaycan Dillər Universitetində oxudum. Amma Bakı Dövlət Universitetində Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə təhsil almaq arzum idi. Bu arzumu indi reallaşdırdım”.

 

Gülgün deyir ki, hazırda təhsil aldığı ixtisas üzrə ADU-ya 487 balla qəbul olunub: “Bakı Dövlət Universitetində istədiyim ixtisas üzrə 457 balla qəbul olunublar”.

 

Odur ki,  köçürülmə prosesi tələbə üçün çox rahat olub: “Onlayn qaydada müraciət etdim. Bir universitetdən başqasına köçürülmək mənim üçün elə də çətin proses olmadı. Tələb olunan sənədləri təhsil aldığım universitetdən aldım və müraciət etdim. Bu prosesdə ən çətini gözləmə mərhələsi oldu.

 

Bəlkə də göstərdiyim nəticə ilə arzuladığım ixtisas üzrə təhsil almaq imkanım ola-ola orda oxuya bilməməyim və bu arzumun reallaşmasına çox tələsdiyim üçündür...

 

Ancaq müraciətdən sonra cavablar elan olunana qədərki dövr mənim üçün çox uzun çəkdi. Bu həyəcanımızı nəzərə alıb gələcəkdə bu müddəti də qısalda bilsələr, köçürülmə prosesi qüsursuzdur”.

 

 

Paytaxtdan regiona köçürüldü

 

 

Təhsilalanların köçürülməsi zamanı Azərbaycanın  regionlarında  fəaliyyət  göstərən ali  təhsil  müəssisələrinin  nüfuzunun  artdığını göstərən  faktlar  da  çoxdur.  Məsələn,  ADMİU-nun III kurs tələbəsi Asif Vəliyev Təhsil Nazirliyinə müraciət edərək bundan sonra Gəncə Dövlət Universitetində (GDU) təhsil  almaq  istədiyini  bildirib:  “Şəmkirdə  yaşayıram.  Gəncə  Dövlət  Universitetində  təhsil  almaq  mənə  rayonda   ailəmlə   yaşamaq, idmanla məşğul olmaq imkanı verir. Burada mənə çətindir. Əslində, ali məktəbə daxil olandan az sonra anladım ki, paytaxtda təhsil almaq mənim üçün əlverişli deyil. VII sinifdən güləşlə məşğul oluram. Bakıda bu məşğuliyyətimə də ara verməli  oluram.  Yəni,  mümkün  olsaydı,  çoxdan  köçürülmək  istəyərdim”.

 

Elə isə niyə mümkün olmayıb: “İndiyədək bilmirdim  ki, istənilən kursda transfer mümkündür. Elə hesab edirdim ki, ixtisasını, ya da universitetini  dəyişmək  istəyənlər  ancaq  birinci  kursda  müraciət  edə  bilər.  Köçürülmənin yuxarı kurslarda da mümkün olduğunu ötən semestr tələbə yoldaşlarımdan birindən öyrəndim. O mənə bu prosesin çox rahat olduğunu, heç bir maneəyə rast gəlmədən köçürülə biləcəyimi, rahat şəkildə növbəti semestrdən dəyişmək istədiyim universitetdə oxuya  biləcəyimi  söylədi.  Mən  də  dərhal  tələb olunan sənədləri oxuduğum ali məktəbdən alıb Təhsil Nazirliyinə köçürülmə ilə bağlı  müraciət  etdim.  Hər  şey  tələbə  yoldaşımın dediyi kimi oldu. Rahat, asan, problemsiz”.

 

 

“Ölkənin hansı universitetində təhsil almağın heç bir fərqi yoxdur”

 

 

Köçürülmək üçün müraciət edən və istəyi qəbul edilənlər arasında 24 magistrant da var. Onlardan biri - Xədicə Əliyeva Lənkəran Dövlət Universitetində Xarici dilin tədrisi metodikası və metodologiya ixtisası üzrə magistratura təhsili alıb. Artıq bu ixtisas üzrə Mingəçevir Dövlət Universitetində oxuyacaq: “Ailəliyəm, iki uşağım var. Ailəmlə Mingəçevirdə yaşayıram. Hər gün Lənkərana gedib-gəlir və yolda 7-8 saat vaxt itirirdim. Bu da ailəmdə söz-söhbətə səbəb olurdu. Ona görə də təhsilimi Mingəçevir Dövlət Universitetində davam etdirməyə qərar verdim. Buna magistraturaya qəbul balım da imkan verirdi. MDU-nun magistraturasına 73 balla qəbul olunmuşdular. Mənim balım isə 78-dir. Yəni, MDU-ya köçürülməyim üçün müvafiq tələbi ödəyirdim”.

 

X.Əliyevanın sözlərinə görə, köçürülmə prosesində də hər hansı problemlə qarşılaşmayıb: “Müvafiq tələbləri ödəyirdim. Tələb edildiyi  kimi  qeydiyyatdan  keçərək  köçürülmək  üçün  müraciət  etdim.  Elektron  sistemin sayəsində  get-gələ  düşmədən,  çox  rahat  şəkildə bir universitetdən digərinə köçürüldüm. Düzü,  sistem  də  rahatdır,  universitetlərdə  şərait  də.

 

Ölkənin hansı universitetində təhsil almağın hazırda heç bir fərqi yoxdur. Son zamanlar bütün universitetlərdə keyfiyyətli təhsil verilir. İslahat ölkəmizdəki universitetlərin hamısında aparıldığından harada keyfiyyətli təhsil ala biləcəyim üzərində çox düşünməyimə  ehtiyac  yoxdur. 

 

Lənkəran  Dövlət Universitetində ciddi qayda-qanun, müasir  tədris  metodları  ilə  keyfiyyətli  təhsil verilir.  Mingəçevir  Dövlət  Universiteti ilə bağlı da məlumatım var. Bilirəm ki, burada da hər gün inkişaf gedir. Odur ki, bizim üçün yaradılan imkandan tərəddüd etmədən istifadə etdim”.

 

 

442 nəfər artdı

 

 

Qeyd edək ki, Transfer.edu.az portalından istifadə edərək köçürülmək istəyənlərin sayı ildən-ilə artır. Budəfəki rəqəmlər ötən ilin müvafiq göstəricisindən 442 nəfər çoxdur.

 

Xatırladaq ki, portal 2016-cı ildə tələbələrin köçürülmə prosesinin sadələşdirilməsi məqsədi ilə istifadəyə verilib. Tələbələrin bir ali təhsil müəssisəsindən digər ali təhsil müəssisəsinə, yaxud bir ixtisasdan digərinə köçürülməsi Təhsil Nazirliyinin razılığı ilə qış və yay tətili dövründə həyata keçirilir.

 

 

Ruhiyyə DAŞSALAHLI