Bəxtiyar Əliyev: “Pedaqoji işçi sayılmayanların əmək haqqının artırılmasının hüquqi mexanizmi artıq var”
Pedaqoji işçilərə şamil edilən bütün imtiyazlar orta məktəblərdə çalışacaq müəllim köməkçiləri, məsləhətçilər, tərbiyəçilər, difektoloq, loqopedlərə də tətbiq ediləcək. Bu barədə “Azərbaycan müəllimi” qəzetinə açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini Bəxtiyar Əliyev məlumat verib. Onun sözlərinə görə, “Ümumi təhsil haqqında” yeni qanun layihəsində ümumi təhsil prosesinin iştirakçılarını əhatə edən yeniliklər var: “21.0.3 maddəsində ümumi təhsil prosesinin iştirakçıları müəyyən edilir və bu prosesdə iştirak edən pedaqoji işçilər siyahısında çağırışaqədərki hazırlıq rəhbərləri, praktik psixoloqlar, sosioloq-pedaqoqlar, uşaq birliyi rəhbərləri, laborantlar, sosial xidmət sahəsinin işçiləri, metodistlər, təhsili idarəetmə orqanlarının aparıcı struktur bölmələrinin əməkdaşları, təhsil müəssisələrinin təlim-tərbiyə işi ilə məşğul olan rəhbərləri də sadalanır”.
Millət vəkili hesab edir ki, 5 fəsil 33 maddədən ibarət layihədə indiyədək pedaqoji işçi sayılmayan həmin şəxslərin əmək haqqının artırılmasının hüquqi mexanizmi də əksini tapıb: “Qanunla artıq pedaqoji işçilər sayılacaqlarından onların əmək haqqı artımı, məzuniyyət məsələləri həll edilir. Onlar artıq Təhsil Nazirliyi tərəfindən həyata keçirilən qiymətləndirilmə, sertifikatlaşdılma ilə bağlı islahatlardan kənarda qalmayacaq, nəticədə maaşları müvafiq qaydada artacaq. Yəni, pedaqoji işçi sayılmayanların əmək haqqının artırılmasının hüquqi mexanizmi indiyədək bir qədər qeyri-dəqiq idi. Yeni qanunla bu mexanizm artıq var. Nəzərdə tutulub ki, pedaqoji işçilərə tətbiq edilən qayda onlara da aid ediləcək”.
Qeyd edək ki, “Ümumi təhsil haqqında” qanun layihəsi Milli Məclisdə ikinci oxunuşda qəbul edilib. Qanunun məqsədi vətəndaşların ümumi təhsil sahəsində Azərbaycan Respublikasının Konstitusiyası ilə nəzərdə tutulmuş təhsil hüququnu, ümumi təhsil prosesi iştirakçılarının hüquq və vəzifələrini müəyyən etməkdən, onlar arasında münasibəti tənzimləməkdən və ümumi təhsilin təşkilati-hüquqi bazasını yaratmaqdan ibarətdir.
Ruhiyyə