“Clarivate Analytics” şirkətinin eksperti ADPU-nun professor-müəllim heyəti üçün seminar keçirib


Dünyanın hər gün dəyişən elmi mənzərəsində rəqabətlilik hər bir universitetin fəaliyyətində  önəmli  trendləri üzə çıxarmaqdadır.  Ali məktəblərin  beynəlxalq  rəqabət qabiliyyətliliyinin gücləndirilməsində alimlərin üzərinə mühüm vəzifə düşür.  Alimlərimizin keyfiyyətli elmi məhsullarla çıxış etməsi, tədqiqatların nəticələrinin  keyfiyyətli elmi bazalarda indeksləşən nüfuzlu jurnallarda dərci  ali məktəblər üçün həyati əhəmiyyət daşıyır.  Bu kontekstdə Azərbaycan Respublikası Prezidentinin  müvafiq sərəncamı ilə  “Elm günü”nün təsis edilməsi ilə əlaqədar  ölkəmizin ali təhsil müəssisələrində  keçirilən silsilə tədbirlər mühüm əhəmiyyət daşıyır.   Belə tədbirlərdən biri kimi  Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) professor-müəllim heyəti üçün  “Beynəlxalq elmi jurnallarda məqalələrin yazılması texnologiyaları” mövzusunda “Clarivate Analytics” şirkətinin Rusiya bölməsinin elmi informasiya resursları üzrə eksperti, filologiya üzrə fəlsəfə doktoru Valeriya Kurmakayevanın iştirakı ilə keçirilən seminarı göstərmək olar. 

 

Tədbiri  giriş sözü ilə açan ADPU-nun Elm və innovasiyalar şöbəsinin müdiri, dosent Yusif Alıyev məruzəçi ekspert Valeriya Kurmakayevanı rektor, professor Cəfər Cəfərov  və tədbir iştirakçıları adından salamlayaraq  ADPU və “Clarivate Analytics” arasında yaradılan əməkdaşlığın əhəmiyyətindən danışıb.  O bildirib ki, təhsilə dövlət səviyyəsində göstərilən diqqət və qayğı sayəsində artıq Pedaqoji Universitetdə keyfiyyətli tədrislə yanaşı, mükəmməl elmi-tədqiqat işləri də aparılır. ADPU-nun hədəflərindən biri də Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq olunmuş “Ali təhsil müəssisələrinə “Tədqiqat universiteti” statusu verilməsi üçün tələblər”ə cavab verən universitet modelinə keçidə nail olmaqdır.  Bunun üçün doktorantura səviyyəsində kadr hazırlığı aparılan zaman əsas diqqətin “Web of Science”, “Scopus” kimi beynəlxalq elmmetrik bazalara daxil olan jurnallarda məqalələrin çap olunmasına şərait yaradılması vacib amil olaraq önə çəkilib. Bunun da nəticəsində son üç ildə ADPU alimlərinin impakt-faktorlu  jurnallarda çap olunan məqalələrinin sayı 4,5 dəfə artıb. Həmçinin Y.Alıyev qeyd edib ki, ADPU-da professor-müəllim heyəti, kafedralar və fakültələr arasında “Reytinq qiymətləndirilməsi”nin tətbiq edilməsi ilə yaranmış rəqabət mühiti sayəsində əsaslı müsbət dönüş baş verib. ADPU əməkdaşları arasında “Clarivate Analytics”in  siyahısına düşən beynəlxalq elmi jurnallarda məqalələr çap etdirməyə daha böyük tələbat yarandığını deyən Y.Alıyev “Clarivate Analytics” şirkətinin imkanlarından istifadə etməyi ən doğru seçim kimi önə çəkdiklərini bildirib.  Pedaqoji universitetin elm və innovasiyalar üzrə prorektoru, professor Asəf Zamanovun təşəbbüsü ilə “Clarivate Analytics” şirkətinin Azərbaycan üzrə nümayəndəliyi ilə mütəmadi olaraq görüşlər təşkil olunur.

 

“Elm günü” ilə bağlı həyata keçirilən tədbirlərdən biri də professor-müəllim heyətinə, magistr və doktorantlara “Web of Science” platformasına daxil olaraq yüksək indeksli beynəlxalq jurnallarda məqalələrə qoyulan tələblər, seçim meyarları və digər praktiki məsələlərlə bağlı məlumatlar vermək üçün “Clarivate Analytics” şirkətinin eksperti Valeriya Kurmakayevanın seminarının təşkil edilməsidir. “Əminik ki, bu seminardan sonra universitetimizin professor-müəllim heyəti, doktorantları elmi-tədqiqat işlərinin nəticələrini asanlıqla daha nüfuzlu elmi jurnallarda çap etdirəcəklər”.

 

Daha sonra “Clarivate Analytics” şirkətinin eksperti Valeriya Kurmakayeva universitetin professor-müəllim heyəti üçün “Beynəlxalq elmi jurnallarda məqalələrin yazılması texnologiyaları” mövzusunda seminar keçirib.  O, seminar iştirakçılarına “Web of Science” platformasına daxil olmaq, platformada axtarışın səmərəli aparılması, yüksək indeksli beynəlxalq jurnallarda məqalələr üçün qoyulan tələblər, seçim meyarları və digər praktiki məsələlərlə bağlı məlumatlar verərək bildirib ki, bu gün alimlər, mütəxəssislər apardıqları tədqiqat işlərinin nəticələrinə uyğun olaraq yazdıqları məqalələrin çap etdirilməsi zamanı işbazların toruna düşürlər.  Nəticədə uzun müddət əziyyət çəkir, yazdıqları tədqiqat işləri mötəbərliyini itirir, həmçinin böyük miqdarda maliyyə itkiləri ilə üzləşirlər.

 

V.Kurmakayeva fırıldaqçıların və işbazların toruna düşməmək üçün əsas diqqət yetiriləcək bir çox məqamlara toxunub. Ekspert nüfuzlu elmi jurnallara məqalə yazılan zaman diqqət ediləcək bir çox parametrlərə dair izahatlar verib.

 

Seminarın sonunda ekspert universitetin professor-müəllim heyətinin mövzu ilə bağlı suallarını cavablandırıb.

 

 

Oruc MUSTAFAYEV