Tələbə yataqxanası da universitet kimi konseptual yenilənməyə ehtiyac duyur


Ali məktəblərin reytinqləri tərtib olunarkən onların tələbələrə təklif etdikləri yataqxana imkanları son nəticəyə təsir göstərən amillərdən biri olur. Biz bir çox hallarda “dünyanın ən güclü universiteti hansıdır” sualına cavab axtararkən bu amili unuduruq. Ali məktəbdə verilən təhsilin səviyyəsi, məzunların sonra harada işə düzələ biləcəkləri kimi taleyüklü amillər tələbə həyatının ayrılmaz atributu olan yataqxana məsələsini sanki kölgədə qoyur. Reallıq isə budur: yaşayış şəraiti yaxşı olmazsa, tələbə hətta ən yaxşı təhsilin verildiyi ali məktəbdə belə, necə yüksək nəticə göstərə bilər?

 

Əlbəttə, yaşlı nəslin nümayəndələri deyəcəklər ki, onlar hətta məhdud imkanlar və çətin şəraitdə belə, yaxşı oxumağı bacarıblar. Və dediklərində də haqlı olacaqlar. Ancaq həyat dəyişir, yeni nəsil üçün tam fərqli tədris proqramı və dərslərin keçildiyi müasir binalar fonunda şəraitsiz yataqxana qəbuledilməz problemdir. Qərb və postsovet məkanının ali məktəblərinin yataqxanaları arasında çoxlu fərq var. Ən əsası budur ki, kampus tipli ali məktəblər keçmiş sosialist düşərgəsinin təmsilçiləri üçün bir yenilikdir. Sovet vaxtında ali məktəbin yataqxanasının təhsil ocağından məsafəcə kifayət qədər aralı olması faktları var idi və bu reallıq günümüzdə də qalmaqdadır. Statistikaya görə, Rusiyada tələbənin bakalavr və magistr pilləsində təhsilə sərf etdiyi altı ilin biri yollarda keçir. Güman ki, bu statistikanı keçmiş SSRİ respublikalarının əksəriyyətinə şamil etmək olar.

 

 

 

Birlik və bərabərlik

 

 

Yataqxana ali təhsilin “arxa cəbhə”sidir desək, yanılmarıq. Bu səbəbdən Qərbin ali məktəblərində sözügedən məqama ciddi önəm verilir. Bizim tələbə yataqxanası barədə təsəvvürlərimiz adətən belə bir mənzərə ilə məhdudlaşır: dağınıqlıq, səliqəsizlik, darkeşlik. Müasir universitetlərdə isə belə deyil. Nəinki belə deyil, dünyanın bir çox yerlərində elə tələbə yataqxanaları var ki, əsl memarlıq incisi sayıla bilər.

 

Danimarkanın paytaxtı Kopenhagenin yeni rayonu Orestadda 2006-cı ildə inşa olunmuş “Tietgen” tələbə yataqxanasına yataqxana deməyə sanki adamın dili çevrilmir. Tələbə şəhərciyi kimi təqdim olunan “Tietgen” 7 mərtəbəli dairəvi binadan ibarətdir. Binanın rahat otaqlarında 360 tələbə yaşaya bilər. Yaşayış otaqlarından başqa yataqxanada kitabxana, idman kompleksləri, ümumi zallar, oyun otaqları da fəaliyyət göstərir.

 

Memarlar yataqxananı layihələndirərkən binanın dairəvi formada olacağını təsadüfdən qərarlaşdırmayıblar. Dairəvi bina birlik və bərabərlik simvoludur.

 

Danimarkaya hər il dünyanın müxtəlif güşələrindən yüzlərlə gənc ali təhsil almağa gəlir. Fərqli xalqların, mentalitetlərin təmsilçiləri olan gənclər üçün birlik və bərabərlik təklif etməkdən proqressiv nə ola bilər?

 

Fransanın Qavr Universitetinin “Cite A Docks” yataqxanası yük konteynerlərindən inşa olunub. Bəli, gəmi limanlarında gördüyümüz yük konteynerlərindən. Təsəvvür edin: qəbul olunduğunuz universitetdə sizə deyirlər ki, 4 il yük konteynerində yaşayacaqsınız. Həmin ali məktəbdə qalıb təhsilinizi davam etdirərdiniz, ya yox? Güman ki, belə təklifi sizə Qavr Universitetində etsələr, dərhal razılaşmalı olacaqsınız. Hər bir konteyner bir otaqdır. Otaqda yaşayış üçün hər cür şərait yaradılıb. Siz hələ şəraiti qoyun bir kənara, konteynerin pəncərələrindən La-Manş boğazına açılan mənzərədən danışın!

 

 

Arı şanı, süngər və qəsr-yataqxana

 

 

Əgər sizə konteyner-yataqxanada yaşamaq primitiv görünürsə, onda Massaçusets Texnologiya Universitetinə daxil olun ki, “süngər-yataqxana” - “Simmons Hall”da yaşaya biləsiniz. Yataqxanaya “süngər” adı onun dizaynına görə verilib. Çox oxşayır. “Simmons Hall”da universitetin tələbə-məzunları və aspirant heyəti yaşayır. Binada 344 otaq var. Bir otağın bir semestrə olan qiyməti 4500 ABŞ dollarıdır. Bu məbləğə Bostonda ortabab mənzil kirayələmək olar, ancaq “süngər”də yaşamaq hər bir tələbənin arzusudur.

 

Estoniyanın Latviya ilə sərhədində Valqa şəhəri var. Buradakı Professional Tədris Mərkəzinin bir neçə il əvvəl inşa olunmuş yataqxanası ətrafdakı sadə tikililər fonunda çox ecazkar görünür. Özü də tək yerli sakinlər üçün deyil. “bookyour study” saytının məlumatına görə, “ballı” yataqxananı seyr etmək üçün Valqaya turistlər də gəlir. Memarlar binanın fasadını arı şanı formasında layihələndiriblər. Estoniyanın şimalı günəş işığından kasad bölgədir. Məhz bu səbəbdən binanı bu  dizaynda inşa ediblər ki, otaqlar maksimum işıq görsün. Binada tələbələrin tək yaşamaları deyil, oxumaları və asudə vaxtlarını keçirmələri üçün də hər cür şəraitin olduğunu anlamaq çətin deyil.

 

Bostonun Brandey Universitetinin yataqxanası qəsr formasındadır. Binada həmçinin auditoriyaların bir qismi də yerləşir. Yataqxana “Usen Castle” adını alıb. Bina 1928-ci ildə inşa olunmuş qəsrin formasında tikilib.

 

Cənubi Afrika Respublikasının Yohanesburq şəhərindəki universitetin yataqxanası isə köhnə zavod binasında yerləşir. Bina ciddi yenidənqurma işləri nəticəsində profilini dəyişərək tələbələrə xidmət edir. “Mill Junction” yataqxanasına sonradan yaşayış yerlərinin artırılması məqsədilə əlavə mərtəbələr də birləşdirilib. Birləşdirilib deyəndə ki, binanın üstünə 4 qatdan ibarət konteynerlər əlavə edilib. Qavrdakı kimi. Ancaq baxmağa və yaşamağa dəyər.

 

 

Şaquli yataqxana

 

 

Amerikanın “Council on International Educational Exchange” (CIEE) şirkəti bütün dünya üzrə tələbələrin təhsili və iş yerləri ilə təmin olunması ilə məşğuldur. Şirkət belə qərara gəlib ki, “müştəri”lərinin yaşayış məsələsini də özü həll etsin. Bu məqsədlə Nyu-Yorkdakı “Macro Sea Inc” agentliyinə yeni nəsil yataqxanaların layihələndirilməsini sifariş edib. Nəticədə Berlindəki köhnə “Roka” zavodunun binasının təyinatını dəyişib yataqxanaya çevrilməsini əks etdirən layihə pilot variant kimi seçilib. Zavod 1901-ci ildə inşa olunmuş iki kərpic binadan ibarətdir. Ciddi yenidənqurma işləri nəticəsində zavodun binasında inzibati və tədris hissələri, memarlıq studiyası, bir neçə emalatxana, auditoriyalar və əlbəttə ki, yataqxana inşa etmək mümkün olub. Yaşayış üçün 206 otaq quraşdırılıb. Hər otaqda iki nəfərin yaşayışı nəzərdə tutulub, daxili tərtibat sadə skandinav tərzlidir. Müasir alman dizaynerlərinin ideyalarından yararlanıb. Yaşayış sahəsinin sıxlığını nəzərə alan müəlliflər otaqlarda yataq mebelini təkərlər üzərində quraşdırıblar ki, sakinlər hərəkət sahələrini özləri müəyyən etsinlər. Bu səbəbdən yataqxana “Şaquli kampus” adını alıb. Şirkət gələcəkdə “şaquli kampusları”nı Londonda, Parisdə və Romada da inşa etmək niyyətindədir.

 

Dünyada yataqxanalar üçün vahid standartlar mövcud deyil. Bu səbəbdən onlar bir-birlərindən müxtəlif cəhətlərinə görə fərqlənirlər. Elə yataqxanalar var adi bina kimi tikilib, bir və ya iki otaqda bir neçə nəfər məskunlaşır, ümumi sanitar qovşağı və mətbəxdən istifadə edirlər. Elə yataqxanalar da mövcuddur ki, olduqca yüksək səviyyəli və komfortlu servis təklif olunur. Qərbdəki bir çox yataqxanalar bizim adət etdiyimiz və bildiyimizlərdən köklü şəkildə fərqlənir. Təbii ki, ən əsası qiymət baxımından. Ancaq məsrəflər böyük olsa da, buna müqabil hər cür rahatlıq mövcuddur.

 

Yataqxananın formatı onun yerləşdiyi rayon amilindən birbaşa asılıdır. İri meqapolislərdə yerləşən universitetlər əsas etibarilə yaxınlıqda yataqxanaya malik olmurlar. İstisna kimi qocaman ali məktəblər - Kembric, Oksford və Harvardı göstərə bilərik. O ali məktəblər ki, şəhərdən kənardadırlar, onlar əsas binanın yaxınlığında yataqxanalara, kiçik yaşayış şəhərciklərinə və ya kotteclərdən ibarət qəsəbəyə malikdirlər. Bu baxımdan, tələbə yataqxanalarının təsnifatını da tərtib edə bilərik:

 

- Universitet yataqxanaları. Əcnəbi tələbələr arasında ən populyar olan yaşayış yerləridir. Belə ki, gələcək tələbə ali məktəbə daxil olmaq üçün sənəd təqdim edərkən bu yataqxanalarda özünə bir növ otaq təminatı almış olur. ABŞ, Kanada, Böyük Britaniya və Çinin əksər iri universitetləri belə yataqxanalara sahibdirlər. Ümumilikdə isə ali məktəblər reytinqində ilk 100-lüyə daxil olanların 70%-nin yataqxanası var. Qərbi Avropa ölkələrində, Avstraliya və Yaponiyada isə universitetlərin nadir hallarda yataqxanaları olur.

 

- Dövlət yataqxanaları. Bu növ yataqxanalar Avropada əsas etibarilə ötən əsrin 60-cı illərindən dövlət büdcəsi hesabına tikilməyə başlayıb. Fransada xüsusilə populyardır. Burada “Crocus” proqramı fəaliyyət göstərir ki, dövlətdən təhsil təqaüdü alan və “Erasmus” proqramı çərçivəsində oxuyan hamı yaşayışla təmin olunmalıdır. Bütün bunlara rəğmən onu da qeyd etməliyik ki, Fransada tələbələrin yaşayış problemi hələ də tam həllini tapmayıb.

 

Almaniyada universitetlərin nadir hallarda yataqxanaları olur. Burada tələbələrin yaşayış problemləri ilə Almaniyanın tələbələrin işləri üzrə Dövlət Assosiasiyası (Studentenwerk) məşğuldur. İrlandiya, Finlandiya kimi ölkələrdə dövlət tələbələr üçün yaşayış yerlərinin tikintisinin maliyyələşməsi istiqamətində addımlar atır.

 

- Özəl tələbə yataqxanaları. Adətən iri şəhərlərdə belə yataqxanaların xidmətlərindən yararlanmaq olar. Qiymətlər baha olur. Avstriyada ali məktəblər yaxınlıqda olan binaların sahibləri ilə tələbələrin yerləşdirilməsi üçün xüsusi müqavilələr imzalayırlar. Bu səbəbdən belə yataqxanalarda yer almaq üçün universitetə daxil olmaq başlıca şərtdir.

 

Tələbələr gənc, şən, enerjili və tam azad şəxslərdir. Onların yaşayış yeri həyat ritmlərinə cavab verməli, lazımi rahatlıqları təmin olunmalıdır. Bizim yaddaşımıza tələbə yataqxanası özünün bütün çətinliklərinə rəğmən müsbət, pozitiv təəssüratları ilə həkk olunub. Yataqxana tələbə həyatının silinməz detalıdır. Hətta yaşayış üçün daha komfortlu şəraiti olan tələbə belə, həyatında heç olmasa bir gün yataqxanada yaşamağı universitet romantizmi kontekstində nəzərdən keçirir. XXI əsr tələbəsi müasir təhsil sistemi, yüksək səviyyəli infrastruktura malik ali məktəbə duyduğu ehtiyacı hər cür şəraitli yataqxanaya münasibətdə də hiss edir. Bu səbəbdən tələbə yataqxanasını tələbə həyatının mühüm bir hissəsi kimi ali məktəbdən kənarda nəzərdə tutmaq olmaz.

 

 

Rüstəm QARAXANLI