Təqaüdlərin artırılması keyfiyyətli təhsilə tələbatı da yüksəldəcək


Ötən həftənin ən yaddaqalan hadisələrindən biri Prezident İlham Əliyevin  doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi, ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə imzaladığı sərəncamlar oldu.  Həmin sənədlərə və dövlət başçısının “Azərbaycan Respublikasının  ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 564 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Fərmanına əsasən, ali məktəb tələbələrinə verilən təqaüdlərin və Prezident təqaüdünün məbləğinin artırılması  təhsil ictimaiyyəti tərəfindən rəğbətlə qarşılandı. Ümumilikdə 600-ə yaxın doktorantın və 110 mindən artıq tələbənin təqaüdlərinin orta hesabla 20 faiz artdığını nəzərə alsaq, bu artımın gənclərin yüksək təhsil almasında növbəti stimul olduğunu əminliklə deyə bilərik.

 

Elə həmsöhbətimiz olan istər təhsil ekspertləri,  istərsə də təhsil işçiləri  və  tələbələr cari ilin martın 1-dən tətbiq ediləcək bu yeniliklərin əhəmiyyətindən söz açıblar.

 

 

Təqaüdlərin əsaslı şəkildə artırılması tələbələrin motivasiyasını gücləndirəcək

 

 

Şahlar Əsgərov (Bakı Dövlət Universitetinin professoru, Əməkdar elm xadimi): - Düşünurəm ki, bütün bunlar ölkə başçısının elmə, təhsilə və gənclərə göstərdiyi növbəti diqqət və qayğının bariz nümunəsidir. Dövlət başçısı tərəfindən ölkəmizdə elmlə təhsilin inteqrasiyasının təmin edilməsi, gənclərin təhsilə, elmə, intellektual fəaliyyətə cəlb edilməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi, tələbələrin maddi vəziyyətlərinin, sosial  rifahının yaxşılaşdırılması, gənc alimlərin elmi fəaliyyətinin stimullaşdırılması istiqamətində qəbul edilən qərarlar ölkə ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir və gənc nəsildə elmə, tədqiqat işləri ilə məşğul olmağa  marağın yaranmasında əhəmiyyətli rol oynayır. Sərəncamlar 100 mindən çox  gənci sevindirib. Əminəm ki, gələcəyimiz sayılan gənclərimiz bu stimullaşdırıcı tədbirlərdən ruhlanaraq ölkəmiz üçün layiqli kadrlar kimi yetişəcək, eyni zamanda elm arxasınca gedənlərin sayı daha da artacaq.

 

 

Etibar Əliyev (“XXI Əsr” Təhsil Mərkəzinin rəhbəri, fəlsəfə üzrə fəlsəfə doktoru): - Prezident İlham Əliyevin doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında sərəncamını təqdir edirəm.

 

Bu sərəncam, demək olar ki, bütün tələbə spektrini əhatə edir və təhsilin fasiləsizliyinin daha möhkəm zəmin üzərində qurulmasına şərait yaradacaq. Bu və bundan öncə ölkə başçısının ali məktəblərin magistratura pilləsinə daxil olan tələbələrə hərbi çağırışdan möhlət hüququ verilməsi barədə qərarı insan kapitalının inkişafına töhfə kimi dəyərləndirilməlidir. Tələbə təqaüdlərinin əsaslı şəkildə artırılması ali məktəblərdə tələbələr arasında daha yüksək nəticələr göstərmək istiqamətində motivasiyanı gücləndirəcək. Biz ali təhsil müəssisələrinin nəzdində fəaliyyət göstərən İctimai Nəzarət Şuralarının işində iştirakımız zamanı daha yüksək təqaüd almaq uğrunda tələbələrin çalışqanlığının intensivləşməsi hallarına tez-tez rast gəlirik. Bu, bizləri çox sevindirir. Eyni zamanda, müəllimlərin də üzərinə daha keyfiyyətli dərs keçmək məsuliyyətini qoyur. Bilirik ki, obyektiv və subyektiv səbəblərdən əksər ali məktəblərin yataqxanaları yoxdur və tələbələrin böyük qismi kirayədə yaşayır. Bu addım, düşünürəm ki, onların yaşayış xərcləri üçün də yardımçı olacaq.

 

Elmlər doktoru hazırlığı üzrə təqaüdün 300 manat müəyyənləşdirilməsi o deməkdir ki, onların təqaüdü AMEA-nın elmi işçiləri səviyyəsinə çatdırılıb. Bu, onların elmi tədqiqatlara daha dərindən maraq göstərməsinə səbəb olacaq. Son dövrlər gənclərin elmə marağının güclənməsini görürük. Əlbəttə ki, bu marağın artmasının maddi tərəfi olduqca əhəmiyyətlidir.

 

Ölkədə təhsil sahəsində aparılan islahatlar təhsilin pillələrinin inteqrasiyasını da nəzərdə tutur. Orta ixtisas təhsili məktəblərinin ali təhsil müəssisələrinin nəzdində fəaliyyəti həm də təhsilin bu pilləsində oxuyan tələbələrin maddi şəraitinin yaxşılaşdırılmasını tələb edirdi. Orta ixtisas təhsili pilləsində təhsil alan tələbələrin təqaüdlərinin artırılması təhsilin bu pilləsinə olan diqqətin təcəssümüdür və şübhəsiz ki, bu pillədə də canlanmanın şahidi olacağıq.

 

Bütövlükdə təqaüdlərin əsaslı şəkildə artırılması təhsillə elmin vəhdətinə də təsirsiz ötüşməyəcək. Yüksək nəticə göstərən ali məktəb tələbələrinin elmə marağı artacaq, şəffaflıq və ədalət prisipləri güclənəcək, keyfiyyətli təhsilə olan tələbat artacaq.

 

 

Artım tələbələrdə təhsilə marağı daha da stimullaşdıracaq

 

 

Fərrux Rüstəmov (Azərbaycan Dövlət Pedaqoji Universitetinin İbtidai təhsil fakültəsinin dekanı, pedaqoji elmlər doktoru, professor, Əməkdar elm xadimi): - Son illərdə təhsil sisteminin insan kapitalının inkişafı çağırışlarına cavab verməsi məqsədilə ümumi təhsilin keyfiyyət göstəricilərinin yüksəldilməsi, ali təhsilin Avropa standartlarına uyğunlaşdırılması, təhsili idarəetmə sisteminin yenidən qurulması, insan resurslarının inkişaf etdirilməsi, müasir standartlara cavab verən  təhsil infrastrukturlarının yaradılması istiqamətində mühüm işlər görülüb. 500-dən artıq bal toplayan, seçimdə ilk yerə müəllimlik ixtisasını yazan 300 tələbəyə 100 manat həcmində “Gələcəyin müəllimi” təqaüdü verilib, müxtəlif ixtisaslar üzrə istedadlı tələbələr üçün SABAH qrupları təşkil olunub. Təhsilin keyfiyyətinin yüksəldilməsinə hədəflənən bu kimi tədbirlər artıq daha intensiv xarakter alıb.

 

Sərəncamlar və fərman ali təhsilə marağı stimullaşdırmağa, əhalinin bütün təbəqələri üçün ali təhsilin əlçatan olmasını təmin etməyə, dövlət hesabına və ödənişli əsaslarla təhsil alanlar arasında sağlam rəqabət mühitinin yaradılmasına, elmə daha perspektivli gənclərin gəlməsinə xidmət edir. Tələbələrin təhsil almasının stimullaşdırılması istiqamətində illərdir  ki, ardıcıl dövlət siyasəti həyata keçirilir. 110 min tələbənin  təqaüdlərinin artırılmasını nəzərdə tutan bu sərəncam kompleks xarakter daşıyır və üç əsas konseptual məsələni əhatə edir.

 

Birincisi, bakalavriatura və magistratura səviyyələrində təhsil alan tələbələrin və doktorantların (fəlsəfə doktoru və elmlər doktoru) təqaüdlərinin məbləğinin artırılmasını nəzərdə tutur. Ali təhsil pilləsinin hər üç səviyyəsində  artım  diferensiallaşdırılmış şəkildə həyata keçiriləcək, yəni təhsilalanların akademik göstəriciləri nəzərə alınacaq. Bu da təbii ki, obyektivliyi, şəffaflığı təmin etməklə yanaşı, təhsilalanları stimullaşdıracaq, onlarda daha yaxşı oxumağa, öyrənməyə, akademik göstəricilərə nail olmağa motivasiya yaradacaq. Tələbə və doktorantların  təqaüdlərinin artırılması üçün təhsil nailiyyətlərinin əsas amil kimi götürülməsi sadəcə maddi təminatın ödənilməsinə deyil, həm də yüksəkixtisaslı kadr  hazırlığının həyata keçirilməsinə hesablanıb. Bu kimi məqsədyönlü tədbirlər  universitetlərimizi fərqlənmə diplomu ilə bitirən gəncləri və xarici ölkələrin nüfuzlu ali məktəblərindən məzun olanların doktoranturaya  gəlməsini, elmi fəaliyyətlə məşğul  olmasını təmin etməklə yanaşı,  həm də daha keyfiyyətli tədqiqatların aparılmasına və dünya çapında millətimizi layiqincə təmsil edən yeni   elmi nəslin formalaşmasına təkan verəcək.

 

İkincisi, ali təhsil müəssisələrində müvəffəqiyyət göstəriciləri əsasında dövlət hesabına maliyyələşən təqaüd yerlərinin sayının artırılması nəzərdə tutulur. Dövlət sifarişli yerlərin azlığı bəzi halda nisbətən yüksək nəticə göstərən tələbələrin arzularının reallaşmasına imkan vermirdi, təqaüd ala bilmirdilər. Birdən-birə təqaüd alan tələbələrin sayının 16 min nəfər artırılması, 54 təhsil müəssisəsində dövlət sifarişi əsasında təhsil alan tələbələrin sayının 54 min nəfərdən 70 min nəfərə çatmasını təmin edəcək.

 

Üçüncüsü, dövlət sifarişli ixtisasların sayının artırılması nəzərdə tutulur. Azərbaycan təhsili üçün mühüm yenilik olan bu tendensiyanın davam etdirilməsi  ölkədə ali təhsil almanın hamı üçün əlçatan olmasına hesablanıb. Rəsmi məlumatlara görə, 2018-ci ildə ali təhsil müəssisələri üçün 43 min plan yerinin yalnız 12 mini dövlət sifarişli ixtisaslar olub. Cənab Prezidentin imzaladığı sərəncama uyğun olaraq bu rəqəm 21 minə, 2020-ci ildə 25 minə çatdırılacaq. Mərhələli şəkildə həyata keçiriləcək bu siyasət ölkədə ali təhsilin ödənişsiz olmasını təmin edəcək.

 

Mahirə Hüseynova (Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinin dekanı, filologiya üzrə elmlər doktoru, professor): - Bu sənədlər büdcəsi sosialyönümlü olan bir dövlətin apardığı siyasətin təzahürü oldu. Sərəncamın ruhunun Azərbaycanda təhsilə qayğının təzahürü olmasından əlavə, onu cənab Prezidentin “Neft kapitalını insan kapitalına çevirməliyik” fikrinin həyata keçirilməsi istiqamətindəki növbəti addımların biri kimi də qəbul edirik. Ümidvarıq ki, Azərbaycan Prezidentinin növbəti dəfə doktorantların, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrin təqaüdlərinin artırılması ilə bağlı imzaladığı sərəncam gənclərin təhsilinin inkişafına növbəti töhfə, tələbələrin təhsillərinin keyfiyyətini  artırmalarına, onların daha yaxşı oxumalarına yeni stimul olacaq.

 

Təqaüdlərin artırılması ilə tələbələrin daha da həvəsləndirilməsinin və nəticə olaraq təhsil prosesində yüksək nailiyyətlərə can atılmasını görməyimizlə bərabər, onların sosial müdafiəsinin gücləndirilməsinin  də şahidi olacağıq.

 

Cəmiyyətin hər bir üzvü cənab Prezidentin bütün sosialyönlü sahələrlə bağlı verdiyi qərarları  kimi, imzalanan bu sənədi də yüksək qiymətləndirdi.

 

Səbuhi Tanrıverdiyev (Azərbaycan Dövlət İqtisad Universitetinin “Distant, qiyabi və əlavə təhsil Mərkəzi”nin direktoru): - Prezident İlham Əliyevin tələbə və doktorantların təqaüdlərinin artırılması ilə bağlı fərman və sərəncamları bütün təhsil ictimaiyyəti kimi UNEC-in professor-müəllim heyəti və tələbələri tərəfindən də çox böyük sevinc və minnətdarlıqla qarşılanıb. Bu, dövlət tərəfindən tələbə və doktorantlara göstərilən xüsusi diqqət və qayğının əyani təzahürü kimi dəyərləndirilir. Ölkəmizdə təhsilin inkişafı istiqamətində uğurlu islahatlar aparılır ki, həmin  islahatlar da özlüyündə dövlətin gənclər siyasətinin ən vacib istiqamətlərindən biridir və gənclərin təhsil səviyyələrinin yüksəlməsinə, elmi inkişafına göstərilən xüsusi diqqət və qayğının bariz göstəricisidir. 

 

Qeyd edək ki, imzalanmış sərəncamlar mahiyyət etibari ilə özündə insan kapitalının inkişafına yönəlik tədbirləri nəzərdə tutmaqla tələbələrdə motivasiyanın, sağlam rəqabətin artmasına, akademik göstəricilərin yüksəlməsinə, təhsilin keyfiyyətinin artmasına və dolayısı ilə əmək bazarının daha peşəkar mütəxəssislərlə təmin olunmasına çox ciddi təsir edəcək addımlardır. Həyata keçiriləcək tədbirlər tələbələrin sosial müdafiəsini gücləndirəcək ki, bu da son nəticədə onların maddi durumlarının yaxşılaşdırılmasına, dərslərə daha yaxşı hazırlaşmalarına, tədris üçün lazımlı vasitələrlə daha yaxşı təmin olunmalarına, istədikləri kitabları əldə edə bilmələrinə yardımçı olacaq. Çünki tələbələr maddi cəhətdən yaxşı təmin olunduqca daha çox oxumağa meyilli olacaqlar.

 

Dövlət başçısı tərəfindən həyata keçirilən bu tədbirlərdən sonra tələbələrin özü və ali təhsil müəssisələri arasında rəqabət ciddi şəkildə artacaq və tələbələr akademik göstəricilərini artırmaq, təqaüdçülər sırasına düşmək, daha yüksək təqaüdlər almaq üçün ciddi yarışa girəcəklər. Təbii ki, bu halda təhsilin səviyyəsi və keyfiyyəti artmış olacaq. Tələbələrin təhsil almaq, növbəti təhsil pillələrində təhsillərini davam etdirmək istiqamətində ciddi stimul yaranacaq. Eyni zamanda elmi-tədqiqatlarla məşğul olmaq istəyən gənclərin sayı artacaq. Məhz belə stimullaşdırıcı tədbirlər onların magistratura və doktoranturada elmi tədqiqatlarını davam etdirməyə ciddi maddi təminat kimi çıxış edəcək.

 

Rafiq Yusifoğlu (Sumqayıt Dövlət Universitetinin “Azərbaycan və xarici ölkələr ədəbiyyatı” kafedrasının professoru, Əməkdar mədəniyyət işçisi): - Hər bir ölkənin qüdrətinin təbii nemətlərdən, iqlimdən, iqtisadi, hərbi gücdən başqa, onun intellektual sərvətindən xeyli dərəcədə asılı olması danılmaz amillər sırasındadır. Bu baxımdan, elmin, təhsilin, səhiyyənin, mədəniyyətin, incəsənətin, eləcə də idarəetmənin müxtəlif strukturunda  çalışacaq yüksək ixtisaslı gənc mütəxəssislərin hazırlanması olduqca vacib, strateji əhəmiyyət kəsb edən bir məsələdir və elə buna görə də bu, həmişə dövlətin diqqət mərkəzində dayanır. Ona görə ki, respublikamızın gələcək taleyi məhz bu gün hazırladığımız kadrların əlində olacaq.

 

Prezident İlham Əliyevin bakalavr, magistrant və doktorantların maddi durumunun yaxşılaşdırılması, onların təqaüdlərinin artırılması ilə bağlı sərəncamı xüsusi əhəmiyyət kəsb edir və təhsilimizin qarşısında yeni üfüqlər açır, gəncləri elmlə, təhsillə daha böyük həvəslə məşğul olmağa ruhlandırır. Bundan sonra maddi durumu dövlət tərəfindən lazımi səviyyədə təmin edilən istedadlı gənclərin elmlə, təhsillə məşğul olmağa daha çox həvəsləri olacaq.

 

Bizim universitetimizdə də tələbələrə, magistrant və doktorantlara olan yüksək səviyyəli dövlət qayğısının yeni təzahürü böyük razılıq hissi ilə qarşılanıb. Biz əminik ki, dövlət səviyyəsində yüksək qayğı və  diqqət gənclərin məsuliyyətini, onların yaradıcılıq əzmini xeyli dərəcədə artıracaq.

 

Ölkə başçısının bu tarixi sərəncamları Azərbaycan elminin, təhsilinin inkişafına yeni istiqamət və yüksəkixtisaslı kadr hazırlığına öz qiymətli töhfələrini verəcək.

 

 

Bayram Aslanov (Azərbaycan Memarlıq və İnşaat Universitetinin Tələbə Həmkarlar İttifaqının sədri, “Meliorasiya və su təsərrüfatı  tikintisi” kafedrasının baş müəllimi):  - İlk olaraq başlayaq ödənişli təhsilalan tələbələrə təqaüd ala bilmə imkanının yaradılması məsələsindən. Mənim fikrimcə, tələbələrin təqaüdü ilə bağlı verilmiş bu qərar onların təhsil həyatına çox böyük  müsbət təsirini göstərəcək. Son illər tələbələr arasında sağlam bir rəqabət formalaşıb ki, bu da öz növbəsində inkişaf üçün çox vacibdir. Tələbələr arasında apardığımız müşahidələr onu deməyə əsas verir ki, bu qərar ödənisli əsaslarla təhsil alan tələbələri sanki təhsil uğrunda bir marafona  səslədi. Və tələbələr artıq bu marafonda birincilik uğrunda böyük əzmlə mübarizə aparmağı qərarlaşdırıblar.

 

Dövlət başçısının tələbə və doktorantların təqaüdlərinin artırılması ilə bağlı verdiyi  fərman və sərəncamları neft kapitalının insan kapitalına çevrilməsi yolunda böyük addımlarla irəliləməkdə olduğumuzun əyani sübutudur. Yeni artımla tələbələrin alacaqları təqaüd onların gündəlik xərclərini ödəməklə bərabər, həm də daha mükəmməl təhsil almaları üçün böyük bir motivasiyadır. Əlbəttə ki, daha yaxsı oxumağa can atan tələbə birmənalı olaraq daha yaxsı bir gənclik, layiqli bir vətəndaş olaraq yetişəcək, təhsil aldığı ixtisası üzrə gözəl bir mütəxəssis kimi formalaşacaq. Bu isə gəncliyimizə və gələcəyimizə edilmiş ən gözəl töhfələrdəndir.

 

Şahmar Rəfili (Azərbaycan Memarlıq və İnşaat Universitetinin “Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi” kafedrasının doktorantı): - Azərbaycan Respublikası Prezidentinin doktorantların, ali və orta təhsil müəssisələrində təhsil alan bakalavr və magistr tələbələrinin təqaüdünün artırılması barədə sərəncamı bir doktorant kimi məni də sevindirdi. Bu artım doktorantura pilləsində təhsil alan tələbələr üçün böyük əhəmiyyət kəsb edir. Düşünürəm ki, alacağımız bu təqaüd tədqiqat işləri ilə məşğul olmağımız və apardığımız  tədqiqatların nəticələrini dərc etdirmək üçün lazım olan xərcləri qarşılayacaq.

 

Mən Azərbaycan Memarlıq və İnşaat Universitetinin bakalavr və magistr pillələrini fərqlənmə ilə bitirib artıq doktorant kimi öz təhsilimi davam etdirirəm. Cənab Prezidentin təhsilə, gənc doktorantlara, tələbələrə göstərdiyi qayğı və dəstək zəmin yaradır ki, biz doktorantlar  bu pilləni də uğurla başa vuraraq və vətənə layiqli bir elmi işçi kimi yetişək.

 

 

 

Ən çox onlar sevinir

 

 

 

Elmir Sadıqov (Azərbaycan Dövlət İqtisad Universitetinin SABAH qruplarının maliyyə ixtisası üzrə III kurs tələbəsi): - Oxuduğum 3 il ərzində bir neçə dəfə dövlət təqaüdündən, eləcə də Təhsil Nazirliyinin SABAH qruplarında təhsil alan gənclərə  ayırdığı təqaüddən yararlanmışam. Təhsil aldığım dövrdə akademik göstəricilərimin yüksəkliyinə əsasən əldə etdiyim ümumi təqaüd məbləğlərində illər üzrə kifayət qədər fərqlər olub.

 

Belə ki, ölkə başçısı İlham Əliyevin tələbələrə göstərdiyi xüsusi diqqət və qayğısı nəticəsində tələbə təqaüdlərinin məbləği bir neçə sərəncamla, əvvəlki illərlə müqayisədə ən yüksək həddə çatıb. Təkcə bakalavriat səviyyəsi üzrə əlaçı təqaüdünün dəyəri üzərindən müqayisə aparsaq görərik ki, əvvəlki ilə yeni təqaüd arasında 35 manat fərq var. Ardıcıl olaraq verilən məqsədyönlü sərəncamlar  və onların verdiyi yüksək nəticələr, tələbə məmnunluğunun səviyyəsinin artımı Prezident İlham Əliyevin gənclərə və gəncliyə olan həssas niyyətindən xəbər verir.  Ölkəmizdə gənclər sektoru üzrə aparılan uğurlu siyasət, artıq bütün  gənclərdə, sözün əsl mənasında, gələcəyə nikbin baxışın vacibliyini aşılayıb. Maddi durumu çətin olan hər hansı tələbə təhsil aldığı dövrdə qarşılaşdığı çətin situasiyalarda dövlətin ona olan xüsusi qayğısını hiss edir.

 

 

Mədinə Əli ( Azərbaycan Memarlıq və İnşaat Universitetinin Memarlıq fakültəsinin II kurs tələbəsi): - Yaxşı oxuyan tələbə olaraq təqaüdümün artması xəbərini sevinclə qarşıladım. Bu xoş xəbər mənim kimi bir çox tələbələrin də sevincinə səbəb oldu. Ölkə başçısına təşəkkürümü bildirirəm ki, biz gəncləri daim diqqət mərkəzində saxlayır, qayğı və dəstəyini əsirgəmir. Sosial şəbəkələri izləyən insan olaraq deyə bilərəm ki, bu sərəncamlar hər kəs tərəfindən  rəğbətlə qarşılanıb. Belə ki, yazılan rəylər, söylənilən fikirlər bunu deməyə əsas verir. Prezidentin təhsilin inkişafına yönəlmiş islahatları bir gənc olaraq məni qürurlandırır, gələcəyə böyük inam yaradır.

 

Təhsilimi bakalavr pilləsi ilə məhdudlaşdırmağı düşünmürəm. Gələcəkdə magistratura  və doktorantura səviyyələrində təhsil almaq qarşıma qoyduğum əsas hədəflərdəndir. Bilirəm ki, təhsilin həmin pillələrində oxuyan gənclərin də təqaüdləri artıb. Həmin vəsaitlə sosial xərclərimi ödəməyə, elmi işlərimi öz hesabıma yerinə yetirə biləcəyimə artıq əminəm.

 

 

Nəzrin Əliyeva (Azərbaycan Memarlıq və İnşaat Universitetinin Memarlıq fakültəsinin II kurs tələbəsi):  - Ölkə başçısı tərəfindən imzalanan sərəncamlar  biz tələbələrin sosial qayğılarının azalmasına əhəmiyyətli təsir göstərəcək. Düşünürəm ki, təhsil haqqı xərclərimizi üzərinə götürən ailələrimizə  yük olmayacağıq. Artıq təqaüdlə özümüzün vacib ehtiyaclarımızı ödəyə, asudə vaxtımızı səmərəli keçirə bilərik. Və ya həmin vəsait hesabına özümüzü inkişaf etdirə, dil, yaxud kompüter biliklərimizi artıra bilərik. Təqaüdlərin artırılması tələbələrin sosial rifah halının yaxşılaşdırılması ilə yanaşı, təhsilin keyfiyyətinin yüksəlməsinə də xidmət edəcək. Belə ki, biz tələbələr arasında yaxşı oxuyub təqaüdü qazanmaq uğrunda rəqabət güclənəcək. Bal kriteriyalarına görə fərqlənən təqaüdü əldə etmək üçün öz üzərimizdə daha çox çalışıb yüksək nəticələr əldə edəcəyik. Bir neçə il bundan əvvəl ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alan tələbələrə də təqaüdlərin verilməsi ilə bağlı qərarı xatırlatmaq istəyirəm. Bu addım tələbələr tərəfindən müsbət qarşılanmışdı. Nəhayət ki, belə bir ədalətli qərarın verilməsi biz gəncləri çox sevindirmişdi. Məhz bu qərardan sonra təqaüd uğrunda yaxşı mənada “mübarizə” başlanmış, ən layiqlilər təqaüdü qazanmışdır. Təqaüdlərimizin artması yəqin ki, bu prosesə bir az da təkan verəcək, ən yaxşılar, ən savadlılar onu qazanmaq üçün daha çox çalışacaqlar.

 

 

Həmayə İsayeva (Azərbaycan Dövlət Pedaqoji Universitetinin  İbtidai təhsil fakültəsinin I kurs tələbəsi): - Bu, biz tələbələr üçün xoş bir hadisədir. Dövlət sifarişi ilə oxuduğum üçün 60 manat alırdım. İmtahanlarda yüksək nəticə göstərdim və zərbəçi oldum. İndi 110 manat təqaüd alacağam. Əlaçı tələbə yoldaşlarım isə 130 manat alacaq. Bu, artım məni və bütün yoldaşlarımı təbii ki, çox sevindirir. Təqaüdüm yeni kitablar almağıma, müxtəlif dil kurslarında iştirak etməyimə kömək edəcək. Bu artım bizə yalnız maddi deyil, həm də mənəvi dəstəkdir. Belə ki, yoldaşlarımız arasında yaxşı mənada rəqabət hissini gücləndirib.

 

 

 

 

 

 

 

Samirə KƏRİMOVA