Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsi elan edilib


Təhsil Nazirliyi təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsi elan edib. Təhsil müəssisələrində və təhsilverənlərdə sağlam rəqabəti və innovativ fəaliyyəti stimullaşdırmaq məqsədi ilə artıq ikinci ildir təşkil edilən müsabiqədə dövlət ümumi təhsil müəssisələri və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün ümumi təhsil müəssisələrində çalışan pedaqoji işçilər iştirak edə bilər.

 

9 mövzudan birini seç və...

 

Təhsil müəssisələrinin dövlət-ictimai uğurlu idarəetmə modellərinin aşkarlanması, dəstək verilməsi və yayılması mövzusunda təqdim ediləcək layihələrdə öyrədici resursların hazırlanması, yeni idarəetmə modellərinin tətbiqi, məktəb assosiasiyalarının yaradılması, mübadilə proqramlarının təşkilinə dair məsələlər əhatə oluna bilər.

Müsabiqənin ikinci mövzusu pedaqoji işçilərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi ilə bağlıdır. Bu mövzuda təqdim ediləcək layihələr pedaqoji işçilər üçün vəsaitlərin hazırlanması, peşəkarlığın artırılmasına yönəlik fəaliyyətləri əhatə etməlidir.

Zəruri tədris-metodiki bazanın, məktəbdə metodik xidmət sisteminin təkmilləşdirilməsi, müasir texnoloji infrastrukturun formalaşması və inkişafı mövzusunda hazırlanacaq layihələr metodik vəsaitlərin hazırlanması, mentorluq xidmətinin, uğurlu təcrübənin tətbiq edilməsini nəzərdə tuta bilər.

İstedadlı uşaqların aşkar olunması və dəstəklənməsi üçün yaradıcı mühitin inkişaf etdirilməsi istiqamətində hər hansı maraqlı və yeni layihə müsabiqəyə təqdim edilə bilər. İstedadlı uşaqlar üçün vəsaitlər, istedadlı şagirdlərlə işləyəcək pedaqoji kadrların hazırlanması, ümumi təhsil müəssisələrində xüsusi dərnəklərin qurulması, müsabiqələrin və xüsusi kursların təşkili ilə bağlı layihələr qəbul ediləcək.

Sağlamlıq imkanları məhdud uşaqların təhsil alması üçün xüsusi imkanların və şəraitin yaradılması mövzusunu seçənlər innovativ təcrübələrin tətbiq edilməsi, metodik vəsaitlərin hazırlanması, pedaqoji heyətin bilik və bacarıqlarının təkmilləşdirilməsi istiqamətində fəaliyyət planı təqdim edə və uğur qazana bilərlər.

Psixoloji xidmətin təşkili və effektivliyinin artırılması mövzusunda layihələrlə qrant müsabiqəsinə qatılanlar erkən psixoloji yardım xidmətlərinin yaradılması və inkişaf etdirilməsi, psixoloqların peşəkarlığının artırılması istiqamətində tədbirlər, metodik vəsaitlərin hazırlanması, psixoloji xidmətin təkmilləşdirilməsinə dair tədbirlər təklif etməklə uğura imza ata bilərlər.

Tədrisin keyfiyyətinin idarə olunmasında müasir qiymətləndirmə vasitələrinin tətbiq olunması mövzusunu seçən müəlliflər öz layihəsində məktəbdaxili qiymətləndirmənin təkmilləşdirilməsi istiqamətində, o cümlədən buraxılış sinif şagirdlərinin təlim keyfiyyətinin yaxşılaşdırılması ilə bağlı fəaliyyətləri əhatə edə, innovativ qiymətləndirmə metodlarından istifadə edilməsini nəzərdə tuta bilər.

Tədrisdə xüsusi distant texnologiyaların istifadə sistemlərinin inkişafı və ümumi təhsilin yeni məzmununu ehtiva edən kurikulumlarla (təhsil proqramları) iş prosesində müasir təlim texnologiyalarının tətbiqi mövzusunda müxtəlif fənlərin innovativ formada tədrisi üzrə pilot proqramlar hazırlamaq olar. Eyni zamanda, pedaqoji işçilər İKT-nin tətbiqi ilə bağlı fəaliyyətini layihələşdirə bilərlər.

Təhsil və maarifçilik xarakterli tədbirlərin keçirilməsində məktəblilərin asudə vaxtının səmərəli təşkili ilə əlaqədar tədbirlər nəzərdə tutulur. Müəllimlər peşə yönümü və karyera quruculuğu istiqamətində həyata keçirmək istədiyi yeniliyi layihə şəklində təqdim edə bilər.

 

... qeydiyyatdan keç

 

Müsabiqədə iştirak etmək istəyənlər www.grants.edu.az saytında qeydiyyatdan keçərək tələb olunan sənədləri qeyd edilən tarixədək sistemə yükləməlidirlər.

Hər iki kateqoriya üzrə təqdim olunan layihə təkliflərinin icra müddəti 3 aydan az, 12 aydan çox olmamalıdır. Layihələrin icrasına 2018-ci il aprel ayının 15-dən başlanıla bilər.

Layihələrin məbləğinə gəlincə, təklifin maliyyələşdirilməsi üçün istənilən məbləğ “Ümumi təhsil müəssisələri” kateqoriyası üzrə 100000 (yüz min), Fərdi kateqoriya üzrə 10000 (on min) manatdan çox olmamalıdır.

 

Tələbləri ödəməyən layihəyə baxılmayacaq

 

Bəs, layihələrin təqdim olunmasına dair əsas tələblər nədən ibarətdir?

Ümumi təhsil müəssisələri kateqoriyası üzrə müsabiqədə dövlət tam orta ümumi təhsil müəssisələri iştirak hüququna malikdir. İbtidai və orta ümumi təhsil müəssisələri yalnız tam orta ümumi təhsil  müəssisələrilə birgə layihə ilə müraciət edə bilərlər.

Fərdi kateqoriya üzrə müsabiqədə təşkilati-hüquqi formasından asılı olmayaraq, bütün ümumi təhsil müəssisələrində çalışan pedaqoji işçilərin iştirakı mümkündür.

Ümumi təhsil müəssisələri və pedaqoji işçilər müsabiqəyə yalnız 1 layihə təqdim etməlidir. Elan olunan mövzulara və göstərilən texniki tələblərə uyğun gəlməyən layihə təkliflərinə baxılmayacaq.

Layihə təklifləri 2018-ci il fevral ayının 14-dən başlayaraq qəbul edilir.Tələb olunan sənədlər doldurulmaqla 05 mart 2018-ci il  saat 18:00-dan gec olmayaraq göndərilməlidir.

 

Qrant mükafatı əvəz edir

 

Xatırladaq ki, müsabiqə ötən il təsdiq edilən yeni tələblər əsasında artıq ikinci ildir keçirilir. Belə ki, “Təhsil haqqında” Qanuna, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na və digər normativ hüquqi aktlara uyğun olaraq “Təhsildə inkişaf və innovasiyalar üzrə qrantların məbləği və ayrılması şərtlərini, o cümlədən vəsaitlərin verilməsi prosedurları, monitorinqin aparılması, hesabat və qiymətləndirmə üzrə tələblər” müəyyən edilib. Nazirlər Kabinetinin 14 iyun 2017-ci il tarixli qərarı ilə həmin tələblər təsdiq olunub.

Bundan əvvəl, yəni  2007-2008-ci tədris ilindən başlayaraq hər tədris ilində bir dəfə olmaqla “İlin ən yaxşı məktəbi” və “İlin ən yaxşı müəllimi” müsabiqəsi həyata keçirilib. Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, “Ən yaxşı ümumi təhsil müəssisəsi və ən yaxşı müəllim mükafatlarının təsis edilməsi haqqında” sərəncam ləğv edilib. Ən yaxşı ümumi təhsil müəssisəsi və ən yaxşı müəllim mükafatları üçün dövlət büdcəsində hər il üzrə nəzərdə tutulan vəsait  təhsildə inkişaf və innovasiyalar üzrə qrant layihələrinin həyata keçirilməsinə yönəldilib.

 

50 baldan aşağı toplayan layihələr maliyyələşdirilməyəcək

 

Layihələrin qiymətləndirilməsi texniki ekspertiza və məzmun ekspertizası mərhələlərində 30 gün ərzində həyata keçirilir. Həmin müddət ərzində layihə təkliflərinin müsabiqənin şərtlərinə uyğunluğu yoxlanır, oxşarlığı və ya təkrar verilmə ehtimalı müəyyənləşdirilir. Qiymətləndirmə zamanı layihəni təqdim etmiş ümumi təhsil müəssisələrinin və ya pedaqoji işçilərin Təhsil Nazirliyinin maliyyə dəstəyi ilə əvvəl icra etdikləri layihələrin səmərəliliyi və nəticələri də nəzərə alınır.

Layihələr 100 ballıq şkala ilə qiymətləndirilir. Uyğunluq, orijinallıq, problemin vacibliyi, məqsəd və vəzifələrin dəqiqliyi, faydalılıq, monitorinq və qiymətləndirmə, maliyyə səmərəliliyi nəzərə alınır. Qeyd edək ki, ümumilikdə 50 baldan aşağı bal toplamış layihələr maliyyələşdirilmir.

 

Yeni müsabiqənin üstünlükləri

 

Əvvəlki müsabiqə ilə qrant müsabiqələrinin məqsədində heç bir dəyişiklik yoxdur. Məktəblər və müəllimlər arasında inkişaf və innovasiyanı təşviq etmək, məktəblərdə rəqabətyönlü yenilikləri, həmçinin ayrı-ayrı müəllimləri dəstəkləmək əsas məqdsəddir. Məqsəd eyni olsa da, “Ən yaxşı müəllim” və “Ən yaxşı ümumtəhsil məktəbi” adlı müsabiqələri əvəz edəcək qrant müsabiqəsi bir sıra üstünlüklərə malikdir. Belə ki, “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi 5 min manat, “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi 10 min manat məbləğində mükafat alırdı. Artıq mükafat deyil, qrant ayrılır. Qrantın məbləği isə məktəblər üçün maksimum 100 min manat, müəllimlər üçün 10 min manatdır. Yəni, ayrılan maliyyə təşəbbüsün dəyərinə uyğun olacaq.

Daha bir fərq isə müsabiqəyə qatılma səbəbləri ilə bağlıdır. Əvvəlki müsabiqənin meyarları elə formalaşmışdı ki, bəzi məktəblər bir neçə dəfə qalib gəlirdi. Kiçik məktəblərin həmin müsabiqədə özünü göstərmək imkanı, demək olar ki, olmurdu. Heç mükafat ala bilməyən məktəblər siyahısı və davamlı olaraq qalib olan məktəblər siyahısı formalaşmışdı.

Eyni vəziyyət müəllimlərlə bağlı da yaranmışdı. Hər il daha çox eyni kriteriyalara malik 100 müəllim vəsait alırdı. Tutaq ki, əvvəllər müxtəlif təlimlərdə, konfranslarda iştirak edən müəllimlər müsabiqə qalibi olurdusa, artıq fərqli fəaliyyətlə fərqlənən müəllimlər qrant ala biləcək. Belə ki, müsabiqədən fərqli olaraq, qrantlar  keçmişdə olan fəaliyyətə yox, nəzərdə tutulan təşəbbüslərə görə veriləcək. Başqa sözlə, 1 milyon manat vəsait məktəblər və müəllimlər arasında ən yaxşı təşəbbüsə görə bölüşdürüləcək.

 

Ruhiyyə DAŞSALAHLI