Məktəblilərarası “Gənc istedadlar” breyn-rinq bilik yarışının növbəti mərhələsi keçirilib.
Yarışda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan 21, 36, 76, 113, 145 və 312 nömrəli tam orta məktəblərin “Zirvə”, “Əlaçılar”, “Zəfər”, “Bilik”, “İntellekt”, “Lider” komandaları iştirak edib.
Bilik yarışının Beynəlxalq Ana Dili Gününə həsr olunmuş üçüncü mərhələsində komandalar ədəbiyyat, ingilis dili, biologiya və ümumi dünyagörüşü üzrə biliklərini sınaqdan keçiriblər. Mərhələnin sonunda 312 nömrəli tam orta məktəbin “Lider” komandası 4 xal toplayaraq digər komandalardan üstün olub.
Cari tədris ili ərzində keçirilən “Gənc istedadlar” breyn-rinq bilik yarışının hər üç mərhələsinin ümumi nəticələrinə əsasən, 113 nömrəli tam orta məktəbin “Bilik” komandası 20 xalla rəqib komandalardan öndədir.
Qeyd edək ki, bilik yarışının təşkil olunmasının əsas məqsədi şagirdlərin istedad və qabiliyyətinin, dünyagörüşünün, intellektual səviyyəsinin, müzakirə, təhliletmə, nitq, özünü təqdimetmə, kollektivi təmsiletmə qabiliyyətinin inkişafı və İKT-dən istifadə bacarıqlarının üzə çıxarılmasından ibarətdir.
Onu da qeyd edək ki, hər ay keçirilməsi planlaşdırılan “Gənc istedadlar” breyn-rinq bilik yarışının növbəti mərhələsi “Nəsimi İli” ilə əlaqədar olaraq böyük Azərbaycan şairi İmadəddin Nəsimiyə həsr olunacaq.
Yarışın bütün mərhələləri üzrə komandaların aylıq topladığı xallar hesablanaraq sonda qalib məktəb seçiləcək.