Bakı şəhəri 177 nömrəli tam orta məktəbin X sinif şagirdi Selcan Nurullayeva “Sabahın alimləri” VIII Respublika müsabiqəsinin qalibi olub. S.Nurullayeva müsabiqədə “Biologiya” nominasiyası üzrə I yeri tutaraq qızıl medalla təltif edilib.
Bu uğuruna görə S.Nurullayeva 12-17 may 2019-cu il tarixində ABŞ-ın Finiks şəhərində keçiriləcək İntel ISEF-Beynəlxalq Elm və Mühəndislik Sərgisində Azərbaycanı təmsil etmək imkanı əldə edib.
Selcan Nurullayeva müsabiqədə əldə etdiyi bu nailiyyəti Akademik Zərifə Əliyeva adına liseyin şagirdi Vaqif Məmmədzadə ilə birlikdə hazırladığı layihə üzrə qazanıb.
S.Nurullayeva ötən il keçirilən “Sabahın alimləri” VII Respublika müsabiqəsində “Biologiya” nominasiyası üzrə II yeri tutaraq gümüş medala layiq görülüb.
Qeyd edək ki, Təhsil Nazirliyinin əsas təşkilatçılığı ilə 2012-ci ildən etibarən keçirilən “Sabahın alimləri” Respublika müsabiqəsinə maraq ildən-ilə artmaqdadır. Müsabiqə riyaziyyat, fizika, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya, mühəndislik, kompüter elmləri üzrə keçirilir. Müsabiqənin keçirilməsində məqsəd yuxarı sinif şagirdlərinə tədqiqat aparmaq, öz elmi nailiyyətlərini nümayiş etdirmək imkanı yaratmaq və onların arasından hər il ABŞ-da keçirilən İnteI ISEF–Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak edəcək namizədləri müəyyənləşdirməkdir.
Müsabiqə Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Heydər Əliyev Mərkəzi, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə keçirilir.