Peşə təhsili müəssisəsində inklüziv təhsil uğurla tətbiq olunur
Aralarında öyrənməyə həvəslisi də var, həvəssizi də. Gecə işləyib, gündüz dərsdə iştirak edəni, dərsə gəlməsi müəllimlərin valideynlərlə işbirliyinin nəticəsi olanlar, 16 yaşında məktəb partasından durub gələnləri, 50 yaşında təzədən oxumaq həvəsinə düşənləri də var.
Ancaq onlar işləyib özlərini təmin etməkdə ali məktəb məzunlarından daha məharətlidirlər. Söhbət Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Mərkəzinin tələbələrindən gedir.
Burada sağlamlıq imkanları məhdud qızların əlləri ilə yaratdıqları tikiş nümunələri, kişi peşəsi kimi tanınan qaynaqçılıqda qadın toxunuşunun fərqini göstərən 18 yaşlı qızla tanışlıq Peşə Mərkəzinə infoturda iştirak edən hər kəs üçün maraqlı oldu. Hələ peşəkar kran sürücüsünün sonradan quru inşaat ustası ixtisasına yiyələnməsinə ehtiyac duyması faktı ömürboyu təhsil anlayışının həyatımıza niyə girdiyinin zəruriliyini ortaya qoydu.
Dual təhsil sistemi
Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Mərkəzində 22 ixtisas üzrə tədris aparılır. Burada elektrik xətt quraşdırıcısı və tikişçi ixtisası üzrə hazırlıq pilot qaydada həyata keçirilir.
40 tələbəni əhatə edən layihəyə görə, Almaniyanın dual (paralel) təlim sistemi tətbiq edilir. Bu sistemə görə tədrisdə əsas üstünlük səriştəyə, praktikaya verilir. Tədris prosesində təcrübənin çəkisi 70 faiz təşkil edir. Tələbələrin səriştəsi “səriştəli”, “səriştəsiz”, “müəllimin dəstəyi ilə” səviyyələrinə uyğun dəyərləndirilir. Bölgü 3 olsa da, Mərkəzdə tələbələrinin səriştəsiz olmaması üçün əllərindən gələni edirlər.
Hər dərs həm də bir yarışdır
Bir sözlə, tədris ilinin əvvəlindən dərslərdə nəzəriyyədən çox praktika olur. Tələbələr yorğanlar sırıyır, adyallar hazırlayır, biçib tikirlər. Trikotaj məhsulu, süfrə bəzədilməsində istifadə olunan aksesuarlar, geyimlər hazırlayırlar.
İlin əvvəlindən iynə-sapı əlindən düşməyən tikiş avadanlığının operatoru, tikişçi ixtisası üzrə I kurs tələbələri ilə Texnika və Texnologiyalar üzrə usta Təranə Qasımova və Samirə Cabbarova işləyir. Bu dəfə onlar mətbəx aksesuarı hazırlayırlar. Dəmkeşin üstünə çayı isti saxlaması üçün gəlincik dekor hazırlayırlar.
Tapşırıq verilən kimi hamı dərhal işə girişir. Model bəllidir: müəllimləri onlara gözəl bir gəlincik təqdim edib. Ancaq tələbələrin öz işi bu gəlinciyə nə qədər bənzəyəcək, ümumiyyətlə, bənzəyəcəkmi, bax, bu, dərsin sonunda bəlli olacaq. Çünki çertyoj qurulandan, kəsim başlayandan sonra qızların düşüncələrində yüzlərlə model canlanır.
Hələlik heç kimə yaxın durmaq olmur. Təranə müəllim deyir ki, hər dərs onlar üçün həm də bir yarışdır. Dərsdə, sadəcə, “kim bacardı?” sualına cavab axtarmırlar, necə, nə qədər müddətə bacarmaq da qiymətləndirmədə mühüm rol oynayır. Aytac Butdayeva, Vüsalə Şükürova, Nigar Məmmədova bu yarışlarda tez-tez fərqlənib, hətta mükafatlandırılıblar da.
“Öz atelyemi quracağam”
Təranə müəllim hesab edir ki, bu qrupda 10 nəfər potensial dərzi var. Ancaq aralarında öz atelyesini yaradıb tikdikləri ilə ölkə, hətta dünya bazarına çıxmağa cəmi iki tələbə iddialıdır. Onlardan biri də Rənadır.
Rəna Nəbiyevanın gəlinciyi bir aşpazdır. Məktəbin fəal tələbələrindəndir. Gələcəyini bu peşədə görür: “Məktəbdə tikib-biçməyi öyrənirik. Çox həvəsliyəm. Yaxşı ki, bu məktəbi seçdim və burada oxuyuram. Məncə, məktəbi bitirən kimi dərzi işləyə bilərəm. Hətta öz atelyemi qurmaq fikrindəyəm. Adını da “Aynur” qoyacam. Ay işarəsi, yanında da nur sözü. Ayın nuru gecəni aydınlatdığı kimi, mənim də tikdiklərim insanların üzünü, ovqatını aydınladacaq”.
“Adlı-sanlı dərzi olmaq istəyirəm”
Öz gəlinciklərini bəzəmək üçün əlinə iynə-sap alan Fatimə də bu işdə ad alıb, nüfuz qazanmağa iddialıdır: “Anam dərzidir. Bu peşəyə marağım da anamdan qaynaqlanır. Məktəb barədə qohumumdan eşitmişdim. Yaxşı öyrətdiklərini demişdi. Gəlib gördüm ki, həqiqətən elədir. Təhsil almağa başlayandan çox şey öyrənmişəm. Öyrənməyimə anam da çox həvəs göstərir. Müstəqil işləməyə başladıqdan sonra əl işlərimi sosial şəbəkələr vasitəsilə nümayiş etdirəcəyəm. Əsas müştərilərimi burdan toplayacağam. Sıradan deyil, tanınmış, adlı-sanlı dərzi olmaq istəyirəm”.
İnklüziv qrup
Bu qrup həm də inklüzivdir. Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Mərkəzində iki ildir ki, inklüziv təhsil həyata keçirilir. Bu tədris ilində də Mərkəzə sağlamlıq imkanı məhdud tələbələr qəbul olunub. Tikişçi qızların arasında 5 nəfər sağlamlıq imkanı məhdud tələbə təhsil alır. Müəllimlərinin sözlərinə görə, qabiliyyət sarıdan digər tələbələrdən geri qalmırlar. Şağan 3 saylı əqli və fiziki qüsurlu uşaqlar üçün internat evindən məzun olan bu qızlardan biri Nigar Məmmədova beynəlxalq müsabiqələrə qatılaraq böyük uğurlar da qazanıb. Nigar Məmmədova uşaqlığından tikib-biçməyə, rəsm çəkməyə başlayıb. Atası da, anası da dərzidir. Nigar da dərzi kimi yetişir. Norveçdə, Hindistanda rəsm sərgiləri keçirilib və ona sertifikatlar verilib.
Samirə Cabbarova bu prosesə ilk qoşulanlardandır. Texnologiya mütəxəssisi olan Samirə müəllim iki il əvvəl kursdan keçərək nitq qüsurlu uşaqlarla işləməyə başlayıb. Bu dərsdə də surdo müəllimdir.
Onlar tullantılardan sənət nümunəsi yaradırlar
Tikişçi qızların plastik qablardan, tullantılardan maraqlı əl işləri var. Onlar öz nümunələri ilə çoxsaylı müsabiqələrə qatılıb, bol-bol uğurlar qazanıblar. Özü də, sadəcə, tikişçilər yox. Mərkəzin tələbələri müsabiqələrdə əsas yerləri tuturlar. Elə qaynaqçılar da ətrafındakı tullantılara xammal gözü ilə baxmağa başlayıblar.
STEP Kompüter Akademiyasının keçirdiyi beynəlxalq “Golden Byte” (Qızıl Bayt ) müsabiqəsinin regional mərhələsində özü ilə bağlı çəkib montaj etdiyi filmlə III yerə layiq görülən Kifayət Hüseynova ölkədə yeganə qaynaqçı qız sayılır və hazırda Mərkəzdə məhz bu ixtisas üzrə II kursda təhsil alır. 18 yaşlı qaynaqçı qız insanların atdığı dəmir tullantılarından elə onların özü üçün yararlı ola biləcək əşyalar düzəldib. Dediyinə görə, əmisinə baxıb qaynaqçı olmaq həvəsinə düşüb. Müəllimi onun barəsində bu fikirdədir: “Bu əllərlə o, yaxşı qaynaqçı ola bilər”.
“Onları mən yox, özləri qiymətləndirirlər”
Müəllimi Balağa Poladov 70-ci illərdən usta müəllimdir. Hər tələbəsinin adı qeyd olunmuş böyük masası var. Adların qeyd olunduğu cədvəldə gündəlik əl işlərini sərgiləyir: “Hər kəs adının üstündə duran işə özü qiymət verir. Onları mən yox, özləri qiymətləndirirlər. Qaynaqçılıq əl işidir. İnsan nə qədər çox işləsə, peşəsini bir o qədər yaxşı bacaracaq. Qrupda Əmrah Ağayevin əl qabiliyyəti hamıdan yaxşıdır. Onun etdiyi qaynağı tələbə demirəm, hər usta bacarmır. Taleh Əhmədov, Mehdi Mirzəyev, İlham Abbaszadə də onun kimi əlinə burada qaynaq alan uğurlu tələbələrimizdəndirlər”.
Taleh Əhmədov İsmayıllı rayonundandır. İş tapmaq dərdi yoxdur. Deyir ki, gedib rayonda öz sexini açıb işləyəcək.
Fərid Məlikov IX sinifdən çıxıb peşə məktəbinə gəlib: “İstədim ki, bir sənətim olsun. Uşaqlıqdan bu sənətlə məşğulam. Atam yönləndirdi məni. İndiyədək dostumla birgə işləyirdim. Artıq 6 ildir qaynaqçıyam. Burada isə bu sənətin texnikasını öyrənirəm”.
Növbəti emalatxanada hərə bir işlə məşğuldur. Kəsən, birləşdirən, quraşdıran... Amma onlar gücünü qızlar kimi parça üzərində deyil, dəmir-dümür üzərində sınayırlar. Nə işlə məşğul olduqlarını özlərindən öyrənməyə çalışırıq.
“Öyrənməyə başlayandan sonra bu peşəni də sevdim”
Çilingər-santexnik ixtisası üzrə təhsil alan tələbələr tədrisə cəmi 7 aydır başlamalarına baxmayaraq, artıq bir çox hamam, mətbəx sisteminin çəkilişini öyrəniblər. Bu da sübutu. I kurs tələbələri su kranı quraşdırır.
Elşən Xıdırov maşın elektriki olmaq istəyirmiş. Ancaq attestat balı çilingər-santexnik ixtisası üzrə təhsil almağa imkan verib: “Öyrənməyə başlayandan sonra bu peşəni də sevdim”.
Peşəsini də sevib, kranı da quraşdırıb. Ancaq quraşdırdığı kranın su buraxıb-buraxmayacağı bəlli deyil: “Bu gün praktika günümüzdür. Müəllim də bilmək istəyir ki, əlimizdən bir iş gəlir, yoxsa yox. Biz də kranı quraşdırıb göstərəcəyik ki, əlimizdən bir iş gəlir”.
Diplom arzulayan çilingərlər
Vahid Nadirov çilingər-santexnik ixtisası üzrə ustadır. 20 nəfər tələbə ilə işləyir: “Tələbələrimiz məişətimizdə istifadə edilən santexnika cihazlarının quraşdırılması, xətlərin çəkilməsini öyrənirlər. Bundan sonrakı mərhələdə onlar istehsalatda olacaqlar. Demək olar ki, hazır vəziyyətdədirlər. 18-23, hətta 30 yaşına qədər olan tələbələrimiz var. Hazırda bu qrupda ən kiçik tələbəmiz 16, ən böyük tələbəmiz təxminən 30 yaşındadır. Elə tələbələrimiz var, artıq bu sahədə işləyirlər. Ancaq kortəbii tətbiq etməyi bilirlər. Peşə Mərkəzində təhsil almaqla isə nəzəriyyəni öyrənir və onu tətbiq etməyin texnikasına bələd olurlar. Bu səbəbdən də Mərkəzə üz tutanların sayı kifayət qədərdir”.
Çilingər-santexnik ixtisası üzrə hazırlıq müddəti bir il nəzərdə tutulub. Bu müddətdə 3, hətta 4-cü dərəcəyədək yüksələn tələbələr var.
16 yaşlı Ülvi Talıbov bu qrupda yetişməkdə olan çilingər santexniklərin yaşca ən kiçiyidir: “Metal boru kəsməyi, yiv açmağı öyrənirəm. Məktəbdən IX sinifdən çıxıb burada oxumağa gəldim”.
Peşəni qohumları sevdirsə də, onlardan deyil, məktəbində öyrənməyə üstünlük verib: “Valideynlərim də bu peşəyə marağımı dəstəklədilər. İstəyirəm həm peşəni öyrənim, həm də diplomum olsun”.
Peşə Mərkəzinin ixtiraçıları
Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Mərkəzində, sadəcə, əl əməyi, göz nuru ilə deyil, beyninin məhsulu ilə də öyünən, müsabiqələrdə qazanan tələbələr təhsil alır. 4 nominasiya üzrə “Azərbaycanın intellektual birincisi” də Peşə Mərkəzindən çıxıb. “Xəmsə”, “Nə, harada, nə zaman”, “Vətəni tanı”, “Axtar tap” yarışlarında II yerə layiq görülüblər.
Bakı Mühəndislik Universitetində 20-dən artıq universitetin iştirak etdiyi “İdeya” bilik yarışlarında Malik Əliyev adlı tələbəsinin su generatoru qızıl medala layiq görülüb.
Malikin təhsil aldığı qrupdayıq. Burada Nərminə Zamanovanın dərsidir. Nərminə müəllim Elektrik xətt quraşdırıcısı ixtisası üzrə təhsil alan I kurs tələbələrinə bu ixtisas üzrə dərs deyir. Bu gün onların da istehsalat günüdür. Uşaqlar sxem yığırlar. Qrup şəklində işləyirlər: “Hər birinin ideyasını dəyərləndiririk. İdeyanı onlar verir, onu reallaşdırmaq üçün biz kömək edirik. Hər biri bir ixtiraçıdır. Qrupda 19 nəfər var, onların 10 nəfəri ideya verə biləcək səviyyədədir. Ziyad Məmmədli mini mühərriklərin dövriyyəyə qoşulmasını sərbəst işləyib. Asif Mehdiyev səsgücləndirici sxemi yığıb. Dəyişən cərəyanın gücləndirilməsi, körpü sxemi Malik Əliyevin öz ideyası və sərbəst işidir. Elmar Zeynalov da ideyalarını sərbəst işləmək iqtidarında olan uşaqlarımızdandır. O, verdiyi ideya və yaratdığı sxemlə birinci qatda oturub, ikinci qatda olan elektrik açarlarını idarə edir. Uşaqlarımızın sərbəst işi çoxdur. Sənan Lətifov gərginliyi tənzimləmənin sxemini yığıb. Qrupda 6-7 liderim var ki, istənilən əməliyyatı icra etmək, maraqlı ideyalar vermək onlar üçün çətin deyil”.
“Hər yerdə internetimiz də ola bilər”
Malik Əliyev yanacaqdan istifadə etmədən, ətraf mühit üçün tam zərərsiz ixtiranın müəllifi olaraq bir dəfə müsabiqə qalibi olub. Bəs, görəsən, növbəti hədəfi nədir? Dediyinə görə, hazırda ölkəni internetlə təmin etməyin iqtisadi cəhətdən səmərəli yolu üzərində düşünür: “İnternet əsridir. Ancaq Bakının belə hər yerində internet yoxdur. Kabeldən istifadə etmədən peyklərimizdən istifadə edərək Bakının hər yerini internetlə təmin edə bilərik. Bunu reallaşdırmaq üçün mənə rabitə sistemində istifadə olunan modullar lazımdır, bir də bu sahə üzrə mühəndis. İdeyamı reallaşdırmaq üçün hələ o qədər bacarığım da yoxdur. Hesab edirəm ki, bu ideyamı reallaşdıra bilsəm, telefon işlədə bildiyimiz hər yerdə internetimiz də ola bilər”.
Onların məzunları “yerdə qalmır”
Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Mərkəzində məzunlarının hamısının səriştəli olması üçün əllərindən gələni edirlər. Tədris istehsalat işləri üzrə direktor müavini Aytac Rzayeva məzunlarının iş tapma faizini 72 faiz dəyərləndirir: “Məzunlarımız təhsil aldıqları ixtisas üzrə işin texnikasını bilir və iş tapmaqda çətinlik çəkmirlər”.
Qeyd edək ki, məzunlarının işlə təminatında Mərkəzin nəzdində fəaliyyət göstərən beynəlxalq resurs mərkəzləri - Almaniyanın “Grohe” Akademiyası, Rusiyanın “Knauf” Resurs Mərkəzi, Türkiyənin “İnova Tədris-Təhsil Mərkəzi” də böyük rol oynayır. Həmin resurs mərkəzlərinin əməkdaşları tərəfindən müəssisə və şirkətlərdə tələbələr üçün ustad dərsləri, iş yerində təcrübə proqramı əsasında təlimlər keçirilir. Təlimlər əsasında kursu bitirdikdən sonra müsabiqə və müsahibədən uğurla keçərək sertifikatlaşan tələbələr həmin şirkətlər tərəfindən işlə təmin edilirlər.
Qədir Hacıyevin həmin mərkəzlərdən birində - Rusiyanın “Knauf” Resurs Mərkəzinin quru inşaat ustası ixtisası üzrə təhsil alır. 50 yaşı var. Bu yaşına qədər kran sürücüsü işləyib. 6-cı dərəcəli kran sürücüsüdür: “Təhsil almaq, öyrənmək heç vaxt gec deyil. Bundan sonra lazım olsa, ev də təmir edəcəyəm”, - deyir.
Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Mərkəzinin tələbələri arasında başqa peşə sahibləri, ali məktəb məzunları olduğu kimi, məzunları arasında da ali məktəb tələbələri var.
Ruhiyyə DAŞSALAHLI