Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən (BŞTİ) ümumi təhsil müəssisələrinin rəhbərləri, tanınmış təhsil mütəxəssisləri və qabaqcıl müəllimlərin iştirakı ilə müsabiqə-konfrans keçiriləcək.
“Uşaq və gənclərin azərbaycançılıq ideologiyası ruhunda tərbiyəsi” mövzusunda təşkil olunacaq müsabiqə-konfransın əsas məqsədi uşaq və gənclərin milli ideologiyamız olan azərbaycançılıq məfkurəsi əsasında tərbiyə edilməsi, onların mütərəqqi dünyagörüşə malik şəxsiyyət kimi formalaşması, milli-mənəvi dəyərlərinə sadiq, vətənpərvər ruhda böyüməsi istiqamətində görülən işləri daha da gücləndirməkdən ibarətdir.
Müsabiqə-konfrans məktəb, rayon və şəhər üzrə-3 mərhələdə keçiriləcək. Ümumi təhsil müəssisələrində təşkil olunacaq I mərhələdə (13-26 fevral tarixlərində) seçilmiş ən yaxşı tədqiqat işləri paytaxt üzrə rayon mərhələsində (27 fevral-19 mart tarixlərində) iştirak etmək hüququ qazanacaq. Konfrans şəklində keçiriləcək III mərhələdə isə II mərhələdə qalib gəlmiş ən yaxşı tədqiqat işləri dinləniləcək və qaliblər müəyyənləşdiriləcək.
Sonda BŞTİ tərəfindən müsabiqədə qalib gəlmiş 6 iştirakçıya diplom və hədiyyələr, şəhər mərhələsinin iştirakçılarına isə sertifikatlar təqdim olunacaq.
Qeyd edək ki, “Uşaq və gənclərin azərbaycançılıq ideologiyası ruhunda tərbiyəsi” adlı müsabiqə-konfrans Təhsil nazirinin “Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə” əmrinin icrasını təmin etmək məqsədilə keçirilir.