Onların arasında həmyerlimiz də var


Amerikanın "Simons "  Fondu  (The Simons Foundation) 2018-ci il üzrə ABŞ və Kanadanın  nüfuzlu universitetlərində  tədqiqatlar aparan 52  alimə  təqaüd ayırıb. Onların  arasında həmyerlimiz,  ABŞ-ın Minnessota Universitetinin Riyaziyyat Məktəbinin professoru  Anar Əhmədov da var. A.Əhmədov riyaziyyat və nəzəri fizika üzrə xüsusi təqaüdə (Simons Fellows in Mathematics and Theoretical Physics Announced)  layiq  görülən ilk azərbaycanlı alim-tədqiqatçıdır.  Fond alimin kiçikhəcmli və simplektik topologiya üzrə tədqiqatlarını yüksək qiymətləndirib.

 

1994-cü ildən başlayaraq  gənc tədqiqatçılara  elmi ictimaiyyətin diqqətinə səbəb olmuş ciddi elmi işlərinə görə təqaüd ayıran fond onları   elmi liderlərin gələcək nəsillərinin  parlaq ulduzları kimi qiymətləndirir. Mükafatlar səkkiz elmi sahə  - kimya, informatika,  iqtisadiyyat, riyaziyyat, təkamül və hesablama molekulyar biologiyası, neyro-biologiyaya, fizika və okeanoqrafiya  üzrə verilir.    Namizədlər  yaşlı alimlər qrupunun dəstəyini almalıdır.  Təqaüdün həcmi 100. 000 ABŞ dollarıdır. Bu vəsait sonrakı tədqiqat üçün istifadə ediləcək.


Qeyd edək ki, Anar Əhmədov ABŞ-ın Minnesota Universitetində riyaziyyat və dəqiq elmlər üzrə professordur. O, riyaziyyat sahəsində elmi dərəcəni Kaliforniya Universitetində qazanıb. Həmçinin Vyana Universitetində, Kolumbiya Universitetində, Zürih Universiteti və Georgia Texnologiya İnstitutunda dərs deyib.    A. Əhmədov  bu il  Minnessotta Universitetindən namizədliyi yüksək elmi  təqaüdə layiq təqdim olunmuş yeganə tədqiqatçıdır.   Fondun təqaüdünə layiq görülənlər arasında ABŞ-ın Massaçusets Texnologiya İnstitutu, Harvard, Yel, Pensilvaniya, Kornell, Kaliforniya Berkli, Con Hopkins, Çikaqo, Miçiqan, Kanadanın Toronto  kimi universitetlərində  çalışan alimlər yer alıb.  Həmyerlimizin adıçəkilən nüfuzlu universitetlərin tədqiqatçıları arasında olması  qürurvericidir. 


Oruc MUSTAFAYEV