Yaxud dünyanın ən yaxşı biznes məktəblərindən birində gələcək sahibkarlar necə hazırlanır


Gələcəyini biznesdə görən və biznesmen peşəsinə yiyələnmək istəyən gənclərin ticarət işi üzrə ali savad almalarına ehtiyac var, yoxsa bu, anadangəlmə intuisiya və fərasətdən asılı bacarıqdır? Tarix boyu dünya heç bir məktəb oxumamış minlərlə uğurlu tacirlərə şahidlik edib. İndinin özündə də təhsili boş vaxt itkisi sayan böyük kapitala sahib biznesmenlər var. Bir tərəfdən iri transmilli şirkətlərdə işçilərin işə götürülməsi zamanı diplomlardan imtina edilməsi tendensiyasını izləyirik. Qərbin böyük korporasiyaları bacarıqları diplomdan üstün tutmağa başlayıblar. Digər tərəfdən isə gəncləri biznes işinə öyrədən köklü universitetlər fəaliyyətlərini uğurla davam etdirirlər. Bir çox reytinqlərə görə ən yaxşı biznes təhsili verən ali məktəblərdən biri də ABŞ-ın Babson Kollecidir.

 

 

Məqsədə nail olmaq üçün iradəyə malik şəxslərin məktəbi

 

 

Babson Kollecinin əsası 100 il əvvəl Massaçusetsdə Rocer Babson tərəfindən qoyulub. Ali məktəb Boston şəhərinə coğrafi yaxınlığa malikdir. Bu şəhər isə məlum olduğu kimi, ABŞ-ın iri biznes mərkəzlərindən biri hesab olunur. Babson Kolleci biznes təhsili ənənələrinə malik olan sayılıb seçilən ali məktəblər sırasında ən yaxşılardandır. Bir əsrdir ki, bu təhsil ocağı nəinki ənənələrini qoruyub saxlayır, Babson Kolleci eyni zamanda, bütün bəşəri yeniliklərə açıq ali məktəbdir. Təsadüfi deyil ki, hazırda qarşısında durduğu ən ciddi məsələ bir sıra peşələrin tədricən süni intellekt tərəfindən əvəzlənməsi ilə əlaqədar olaraq həm proqramın, həm də tədris metodlarının transformasiyasına nail olmaqdır.

 

Kollecin təqribən 3500 tələbəsi var. Onlar həm bakalavr, həm də magistr proqramları üzrə təhsil alırlar. Eyni zamanda, rəhbər heyət üçün xüsusi proqramlar da fəaliyyət göstərir. Tələbələr üçün təklif edilən magistr proqramlarında fənlərin tən yarısı humanitar istiqamətlidir. Ancaq 24 ixtisasdan 6-sı humanitar əsaslıdır.

 

“U.S. News and World Report” kimi nüfuzlu nəşr özünün “ABŞ-ın ən yaxşı biznes məktəbləri” araşdırmasında Babson Kollecini “Sahibkarlıq üzrə №1 biznes məktəb” elan edib. Düz 13 il! “Success” jurnalı isə kolleci 5 il ardıcıl olaraq “Sahibkarlar üçün ən yüksək səviyyəli təhsil ocağı” olaraq təqdim edib. “Ernst & Young”, “Highwired Network”, “International Data Corp.”, “A.T.Kearney”, “Deloitte & Touche”, “KPMG Peat Marwick”, “Polaroid”, “SAP America” kimi dünya çaplı korporasiyalar Babson Kollecinin əsas rekruterləridir. Kolleci bitirən şəxslərin işlədikləri yerlərdə illik maaş göstəriciləri 100 min dollarlıq həddən başlayır.

 

Kollecin innovativ bakalavr proqramı nüfuzlu “The Pew Charitable Trust” mükafatına malikdir. “Menecment və sahibkarlığın əsasları” kursu Amerikanın Kiçik biznes və sahibkarlıq Assosiasiyası tərəfindən sahibkarlıq sahəsində ən qabaqcıl proqram kimi qəbul olunur. Babson bakalavr biznes təhsilinə görə Teodor Hesberq mükafatına layiq görülüb. “Financial Times” və “BusinessWeek” Babsonun ixtisasartırma kurslarını dünyada ən yaxşılardan biri kimi qiymətləndirirlər.

 

Babson ailəsi özünün dənizlə bağlılığı ilə məşhur olub, nəsildən bir neçə gəmi kapitanı çıxıb. Bu səbəbdən universitetin gerbində də gəmi şəkli öz əksini tapır. R.Babson hesab edirdi ki, üzən gəmi öz yerini bilən və qarşısındakı məqsədə nail olmaq üçün kifayət qədər iradəyə malik şəxslərin simvoludur.

 

Ali məktəbə ilk olaraq 27 nəfər qəbul olunub və söz verilib ki, onlara uğurlu biznes karyerası qurmaları üçün lazım olan nə varsa, öyrədiləcək: şəxsi gigiyenadan tutmuş mühasibat uçotuna qədər. Düşünə bilərsiniz ki, şəxsi gigiyenanın tədris proqramına nə dəxli? Elə deyil. Babsonun niyyəti mükəmməl biznes adamlarını yetişdirmək olub, onun hərtərəfli inkişafı və dünyagörüşü, o cümlədən, şəxsi gigiyenası da diqqət mərkəzində olmalıdır. Tələbələr dress-koda və sənaye dövrünün iş saatına bərabər sərt dərs vaxtı rejiminə riayət edirdilər, hər biri biznes-mühitin imitasiyası məqsədilə köməkçilərə malik idilər.

 

Babson əmin idi ki, insanın xarakteri onun taleyini müəyyən edir və nəsildən-nəslə ötürülür. Bu səbəbdən o, ilk illərdə universitetə istisnasız olaraq iş adamlarının övladlarını qəbul edirdi. Tezis belə idi: İşgüzarlıq anadangəlmə qabiliyyətdir! Coan Roulinqin magiyalı dünyasındakı kimi - ya var, ya yoxdur.

 

Ancaq sonradan hamı anlamağa başladı ki, həvəs və savad əldə etmək istəyinin mövcudluğu şəraitində hər bir şəxs biznes təhsili ala bilər. Maraqlıdır ki, bu qənaətin lokomotivlərindən biri də məhz elə Babson Kolleci oldu. Əvvəl Babson düşünürdü ki, bacarıqlar insanda doğulan andan mövcuddur, latent haldadır və onları inkişaf etdirmək lazımdır.

 

Cəmi bir il sonra isə fikrini dəyişməli oldu və biznes peşəsinə yiyələnmək istəyən hər bir kəsi kollecə qəbul etməyə başladı. Dress-kod ləğv edildi, köməkçilər ixtisara düşdü. 4 illik sistem təyin edildi, kurslar modullara bölündü, tədris vaxtı fərdiləşdi. İşgüzarlıq konkret tapşırıq deyil, riski də nəzərə almaqla özünə istədiyin istiqamətdə cığır açma bacarığı kimi qəbul edilməyə başlandı.

 

 

Pul qazanmaqdan da ali amallar var

 

 

Tədris planını şərti olaraq ETA (Entrepreneurial Thought and Action) formulu və “mədəni hazırlığ”ın vəhdəti hesab etmək olar. ETA qeyri-müəyyənlik şəraitində işgüzarlıq fəaliyyətini əks etdirən Babson metodologiyasıdır. Bakalavr mərhələsində dərslərin yarısı azad sənət kurslarına həsr olunur. Məsələn, “Şəhər bir test kimi”, yaxud “Qədim Yunan fəlsəfəsi”. Bu, tələbənin mədəni hazırlığını təmin edən dərslər blokudur. Hesab olunur ki, birincisi, azad sənətlər insanı cəmiyyətin elitasına yaxınlaşdırır, bir növ sizin vizit kartınızdır. Söhbət nədən gedir? Sizin mədəni hazırlığınız həmsöhbətinizlə ünsiyyətinizi daha möhkəm, davamlı və məzmunlu edir. Elə bu ünsiyyət müstəvisində də bizneslə bağlı problemləri həll edə bilirsiniz. Ən azı cəhd edirsiniz. İkincisi isə azad sənətlərdə, incəsənətdə insanın dünyagörüşünün formalaşması texnikası mövcuddur.

 

Digər dərslər bloku isə sırf biznes və sahibkarlıqla bağlı fənlərdən ibarətdir. Bunlardan ikisinə xüsusilə toxunaq. Məsələn, “Menecment və sahibkarlığın əsasları”. Bu kursu bir il müddətində şəxsi biznesin başlanılması və inkişaf etdirilməsi kimi də qələmə verə bilərik. Proses necə baş verir? Başlıca tezis budur: nəyisə məhz edərkən öyrənmək olar. Tələbələrə startap üçün 3000 dollar verilir. Onlar da bu vəsaiti bir işə yatırırlar, əldə edilən gəlir yerli sosial xidmətlərin hesablarına ianə edilir. Özü də “startap” deyilərkən mütləq halda hansısa nou-haudan söhbət getməməlidir. Əsas məqsəd gəlir əldə etməkdir. Məsələn, 2017-ci ildə tələbələr “Gold feet” adlı şirkət yaradıblar. Şirkət gül ətri verən corablar istehsal edib. Satışdan əldə edilən pullar isə Massaçusetsdəki evsizlərin hesabına köçürülüb. Kurs ərzində tələbələr real işin köməyi ilə biznes bacarıqlara yiyələnirlər. Paralel olaraq həm də bu tip ianə və yardımlarla digərlərinin həyatlarını necə dəyişə bilmək imkanları barədə məlumatlanırlar. Bu yanaşma R.Babsonun mənəviyyat fəlsəfəsindən qaynaqlanır.

 

Babson düşünürdü ki, pul qazanmaq vacibdir, ancaq əsas məqsəd olmamalıdır. Çünki pul qazanmaqdan da ali və müqəddəs amallar var.

 

İkinci proqram isə “Liderliyə və komanda işinə hazırlıq” adlanır. Tələbələr müxtəlif keyslər üzərində işləyir, müəllimlər və iş adamları isə onların düşüncə tərzləri və qərar qəbuletmə bacarıqlarını izləyirlər. Sonra müəllim hər tələbə ilə ayrılıqda görüşüb söhbətləşir, iki həftə sonra isə hər kəsə məktub göndərilir. Məktubda buraxılan səhvlər və zəif nöqtələr barədə məlumat verilir. Vəssəlam. Heç bir qiymətləndirmə sistemi yoxdur.

 

 

Təkrar edilməyəni və ehtimal olunmayanı kəşf etmək

 

 

Babson Kolleci Olin Kolleci ilə qonşuluq edir. Olində gələcəyin mühəndisləri hazırlanır. Babson və Olin “qonşu” olsalar da, onların tələbələrini dərhal fərqləndirmək mümkündür. Olinin gələcək mühəndislərini gözlərindən tanıya bilərsiniz - sakit, mülayim, haradasa xəyalpərəst görünüşlü. Babsonun yetirmələri isə əksinə, özündən arxayın, inamla addımlayan, sanki nəyi necə etməyi hamıdan yaxşı bilən.

 

Sahibkarlıq təhsili getdikcə bir normaya çevrilir və bu prosesdə Babson nəinki sonuncu rolu oynamır, kollec hətta ən yaxşı biznes savadı verən ali məktəblərdən biridir. “Bizim biznes təhsilinə baxışımız ənənəvidir: tələbəyə şəxsi işini qurmağa kömək et və bu, yetərlidir” - deyə kollecin beynəlxalq əlaqələr üzrə məsul nümayəndəsi Amir Reza söyləyir. Babsonun ETA sistemi bu prosesi tənzimləyir. ETA hər şeyə cavabdehdir - biznesin açılmasından bağlanmasınadək, “paslanmış” işin yenidən dirçəldilməsindən hətta romantik münasibətlərin qurulmasınadək. Kollecin fəlsəfəsi bütünlüklə sahibkarlıq ruhunun formalaşmasına xidmət edir.

 

20 il bundan əvvəl Babsonla London Biznes Məktəbi birlikdə “Global Entrepreneurship Monitor” (GEM) proqramına start veriblər. Proqramın əsas vəzifəsi sahibkarlığı araşdırmaqdır. GEM-in əldə etdiyi hər bir yenilik dərhal tədris proqramına daxil edilir. Olinlə müştərək yeni proqrama da start verilib. “Foundry”nın fəaliyyət sahəsi sahibkarlıqla mühəndisliyin “sərhəd”idir.

 

Yüz ildir Babson ənənələri qorumaqla yanaşı, həm də inkişaf edir və dəyişir. Mütəxəssislərin dediyinə görə, hazırda ABŞ-da biznes təhsili sanki bir böhran yaşayır. Şirkətlər əməkdaşlarının “upgrade”i üçün ya vəsait ayırmırlar, ya da bunu könülsüz edirlər. Statistika göstərir ki, magistraturaya daxil olmaq üçün tələb olunan GMAT-ı verən tələbələrin sayı getdikcə azalır. Bu tendensiya hətta məşhur Harvard Biznes Məktəbinə də şamil olunur. Belə bir reallıqda hamı, o cümlədən Babson da çıxış yolları arayır. Kollecdə MBA sabibkarlıq kursları onsuz da çox idi, getdikcə daha da artır. Babson rəhbərliyi hesab edir ki, daima eksperimentlər etməlisən, risk olmasa, inkişaf edə bilməyəcəksən. Boston Universitetinin prezidenti Cozef Aun özünün “Süni intellekt əsrində ali təhsil” (Robot-Proof: Higher Education in the Age of Artificial Intelligence) kitabında yazır ki, “nəyi ki, təkrarlamaq və ehtimal etmək olar, avtomatlaşdırılacaq”. Bu tezisdən çıxış edən Babson rəhbərliyi də hesab edir ki, kollecin amalı təkrar olunmayan və ehtimal edilməyəni kəşf edə biləcək tələbələri hazırlamaq olmalıdır.

 

 

Rüstəm QARAXANLI