“Müəllimlər məktəbdaxili qiymətləndirməni hansısa bir cəza mexanizmi kimi deyil, şagirdlərin motivasiyasının və marağının artırılması istiqamətində istifadə etməlidir.” Bu sözləri təhsil naziri Ceyhun Bayramov bir qrup gənc müəllimlə görüşündə çıxış edərkən deyib. 

 

Nazirin sözlərinə görə, gənc müəllimlər fəaliyyətinlərinin ilk günündən müəllim-şagird münasibətlərinə xüsusi diqqət etməli, şagirdlərlə əməkdaşlıq qurmalı, şagirdlərin şəxsiyyətinə hörmət etməlidirlər: "Gənc müəllimlər müasir zamanda şagirdlərin bilik və maraqlarını təhsilə bağlamaq üçün müasir tədris üsullarından və innovasiyalardan istifadə etməlidirlər. Eyni zamanda fəaliyyət göstərdiyi məktəbdəki təcrübəli müəllimlərin təcrübəsindən, təmkinindən faydalanmalıdırlar. Sadalanan xüsusiyyətlər və gənc müəllimlərin yeniliyə açıqlığı - bütün bunlar olacağı təqdirdə Azərbaycan məktəblərində gözəl mühit yaranacağının şahidi olacağıq".

 

C.Bayramov əlavə edib ki, bu günədək 140 mindən çox müəllim diaqnostik qiymətləndirmədən keçirilib. Ötən 5 il ərzində məktəblərdə aparılan təmir tikinti işləri nəticəsində 1 milyondan çox şagirdin təlim şəraiti yaxşılaşdırılıb,  100 mindən çox müəllimin gündəlik fəaliyyət  məkan tamamilə yeni standartlara uyğun qurulub.