2018-ci il üçün planlaşdırılmış işlərdən 164-ü tədrisə tətbiq olunub


Yanvarın 30-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Elmi Şurasının 2019-cu il üçün ilk iclası keçirilib. İclası açan ADPU-nun rektoru, Elmi Şuranın sədri, professor Cəfər Cəfərov  gündəliyə “ADPU-nun 2018-ci il üçün elmi və elmi-təşkilati fəaliyyəti haqqında” hesabat və  cari məsələlərin daxil edildiyini bildirib.

 

Rektor qeyd edib ki, hazırda ADPU-da 2018-2019-cu tədris ilinin payız semestrinin imtahan sessiyası davam edir. İmtahan sessiyası mütəşəkkil, şəffaf və obyektiv keçirilir. Həmçinin Filologiya fakültəsinin 5 kafedrasının müdiri vəzifəsinə seçkinin keçirilməsi nəzərdə tutulur: “Biz seçki prosesində şəffaflığı və obyektivliyi təmin etməklə yanaşı, yüksək səviyyəli mütəxəsisslərə üstünlük veririk. Universitetdə bütün ixtisaslar üzrə tədris planlarının müzakirəsi keçirilməlidir. Tədris planlarının hazırlanması zamanı qabaqcıl beynəlxalq təcrübəni mütləq tətbiq etməliyik. Son vaxtlar ölkəmizdə idarəetmənin optimallaşdırılması üçün ciddi addımlar atılır, yeni dövrün tələblərinə uyğun idarəetmə sistemi formalaşdırılır. ADPU buna uyğun olaraq işin yenidən daha yaxşı qurulmasına xüsusi diqqət yetirməlidir. Universitetimiz bütün elmi və intellektual potensialı ilə cəmiyyətdə baş verən müsbət proseslərə dəstək verməlidir”.

 

“ADPU-nun 2018-ci il üçün elmi və elmi-təşkilati fəaliyyəti haqqında” hesabat məruzəsi ilə  Elm və innovasiyalar üzrə prorektor,  professor Asəf  Zamanov çıxış edib. A.Zamanov bildirib ki, son illər inkişaf etmiş dünya dövlətlərində elm və təhsilin bir-biri ilə əlaqələndirilməsinə və hər iki sahənin innovasiyaların tətbiqi yolu ilə paralel şəkildə inkişaf etdirilməsinə xüsusi diqqət verilir. Strateji hədəf  insan resurslarının inkişaf etdirilməsidir. ADPU-da elmi potensialın yüksəldilməsi və elmi-pedaqoji kadrların hazırlanması sahəsində məqsədyönlü tədbirlər həyata keçirilir. Elmi-tədqiqat işlərinin planlaşdırılması və yerinə yetirilməsi üzrə ADPU-nun müvafiq kafedra və elmi-tədqiqat laboratoriyalarında (ETL) 2018-ci il üçün planlaşdırılmış işlər yerinə yetirilmişdir. Tamamlanmış işlərdən 164-ü tədrisə tətbiq olunub. ADPU elmi layihələrdə fəal iştirak etmək üçün səmərəli fəaliyyət göstərir.

 

2018-ci ildə universitetimiz Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun elan etdiyi “Elm-təhsilin inteqrasiyası” müsabiqəsində 5 layihə qazanılıb. ADPU-da son 3 il ərzində Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının dissertasiyaların əsas nəticələrinin dərc olunmasi tövsiyə edilən dövri elmi nəşrlərin siyahısına daxil edilmiş 6 dövri elmi jurnal nəşr olunur. Bu jurnallarda universitet mütəxəssisləri ilə yanaşı, respublikamızın, eləcə də xarici ölkə alimlərinin məqalələri dərc olunur. ADPU-nun alimləri impakt-faktor göstəricili dövri elmi jurnalların redaksiya heyətində təmsil olunurlar. Universitetdə planlaşdırılan və yerinə yetirilməsi vacib hesab edilən elmi-tədqiqat işləri müzakirədən keçərək 2018-ci il üçün təsdiqlənən planın tərkib hissəsi kimi öz əksini tapıb. ADPU-nun fəaliyyət planına uyğun olaraq 3 beynəlxalq, 10 respublika səviyyəli elmi konfrans keçirilib. Professor-müəllim heyəti ilə yanaşı, tələbələrin elmi fəaliyyətə cəlb edilməsinə də xüsusi diqqət yetirilir. Hər il, o cümlədən 2018-ci ildə də Tələbə Elmi Cəmiyyətinin konfransı keçirilib,  müsbət rəy almış işlər konfrans materialları toplusunda dərc olunub. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibəti ilə “Fənlərin tədrisi metodikası: müasir yanaşmalar” mövzusunda magistrantların I Respublika elmi konfransı keçirilmiş, konfrans materialları çap edilmişdir. 1975-2018-ci illər ərzində ADPU alimlərinin Tomson Royters qrupuna daxil edilən dövri elmi jurnallarda çap olunmuş 303 elmi məqaləsinin 58-i (20 faizə qədəri) son 3 ilə (2016, 2017, 2018) aiddir.

 

Professor A.Zamanov çıxışının sonunda ADPU-nun innovativ inkişaf, “Tədqiqat universiteti” statuslu universitetə çevrilmə, güclü elmi potensialın formalaşdırılması və bununla da Azərbaycanın inkişafına töhfə verə biləcəyi sahələrdə bundan sonra da fəaliyyətini uğurla davam etdirməsinin vacibliyi məsələlərindən söz açaraq, bu işlərin yerinə yetirilməsi məqsədilə universitetdə görüləsi işlərlə əlaqədar təkliflərini bildirib.

 

Professorlar Malik Cəbrayılov, Vəli Əliyev, Fərrux Rüstəmov,  Müseyib İlyasov, Nailə Verdizadə, dosentlər İsrayıl İsgəndərov,  Məhəmməd Abduyev hesabat məruzəsini yüksək qiymətləndiriblər.

 

Cari məsələlərin müzakirəsi zamanı Elm və innovasiyalar üzrə prorektor professor A.Zamanov ADPU-da 2018-ci il üçün fəlsəfə doktoru proqramı üzrə doktoranturaya və dissertanturaya, elmlər doktoru proqramı üzrə dissertanturaya qəbulun nəticələri barədə məlumat verib, həmçinin Elm və innovasiyalar şöbəsinin, Davamlı təhsil və təlim şöbəsinin əsasnamələrinin layihələrini təqdim edib.

 

Müzakirə olunan məsələlər barədə müvafiq qərarlar qəbul edilib.