Müəllimlərin nə öyrətdiyi sorğu ilə, tələbələrin necə öyrəndiyi imtahanla dəyərləndirilir


Bu ali təhsil müəssisəsində cəmi 109 tələbə bakalavr, 5 ixtisas üzrə 6 magistr magistratura pilləsində təhsil alır. Özünün yaşı da elə çox deyil. Bir il əvvələ qədər Bakı Dövlət Universitetinin bir fakültəsiykən, artıq müstəqil institut kimi kadr hazırlığı prosesinə qatılıb. Ölkənin ali məktəbləri siyahısına fəal qoşulan Azərbaycan İlahiyyat İnstitutu nə müasir təhsil prosesinin təmin edilməsi, nə demokratik tələbə mühitinin formalaşdırılması, nə də obyektib qiymətləndirmənin həyata keçirilməsi baxımından təcrübəli təhsil ocaqlarından geri qalmaq niyyətindədir. Kütləvi informasiya vasitələrinin iştirakı ilə hazırda institutda davam edən imtahan prosesinin müşahidəsi bunu deməyə əsas verir ki, Azərbaycan İlahiyyat İnstitutunda verilən təhsilin keyfiyyətinə də, tələbələrinin tədris proqramını necə mənimsəməsinə də eyni dərəcədə əhəmiyyət verilir. Bunun üçün isə həm tələbələrinin bilik və bacarıqları ölçülür, həm də müəllimlərinin müvafiq proqramı necə çatdırdığı. Birincini imtahanlar yoluyla, ikincini isə tələbələr arasında keçirilən sorğu ilə müəyyənləşdirirlər.

 

İmtahandan öncə

 

İlahiyyat İnstitutunda imtahana hazırlıq prosesi fəal keçib. İnstitutun rektoru Ceyhun Məmmədovun sözlərinə görə, imtahanlarla bağlı qərarların qəbulunun hamısında kollektiv iştirak edib. Tələbələrin bilik və bacarıqlarının yoxlanmasında yazılı imtahanlara üstünlük verilsə də, fənlərdən asılı olaraq, həm də şifahi imtahan və testlə sınanmaları məqbul sayılıb.

 

İmtahanlarda operativliyi, çevikliyi təmin etmək, şəffaf imtahan, obyektiv qiymətləndirmə təşkil etmək üçün qərargah yaradılıb. Prosesdə baş verə biləcək problemləri həll etmək, müraciətləri dəyərləndirmək, ədaləti bərqərar etmək üçün Apelyasiya Şurası yaradılıb.

 

Hazırlıq imtahan başlayan günə qədər tamamlanıb və ayın 7-dən 2018-2019-cu il qış imtahan sessiyasına start verilib. Gələn həftə, yəni yanvarın 31-də başa çatacaq prosesdə ictimaiyyət nümayəndələrinin fəal iştirakı təmin edilib.

 

“Azərbaycan müəllimi” İctimai Şuranın bir neçə üzvü və media nümayəndələri ilə birgə imtahan prosesini izləyib.

 

Qeyd edək ki, İctimai Şuranın üzvlərinin tam heyətlə təmsil olunmamasının səbəbi var. İnstitutda imtahanların daim ictimai nəzarət altında olmasını təmin etmək üçün bir qərar verilib. Həmin qərara görə, şura üzvləri hamısı eyni vaxtda deyil, ayrı-ayrı vaxtlarda imtahanlarda iştirak edirlər. Bundan əvvəl də şura üzvlərindən imtahanlarda iştirak edənlər olub.

 

İmtahan

 

5 auditoriyada imtahan gedir. Hər birində 2 nəzarətçi var. Nəzarəti gücləndirmək məqsədi ilə imtahana bəzən əlavə olaraq bir koordinator da verilir.

 

Sessiyada 110 tələbə və magistr iştirak edir. İmtahana nəzarəti başqa fənn müəllimləri həyata keçirsə də, fənlər üzrə ixtisas müəllimləri də imtahan vaxtı institutda olurlar. Qaydaya görə, imtahan zamanı suallarda hər hansı anlaşılmazlıq olarsa, fənn üzrə müəllim də imtahana dəvət edilir.

 

İctimaiyyət nümayəndələri prosesi yaxından izləmək üçün imtahanların təşkil edildiyi 5 auditoriyanı bir-bir dolaşıb. Onların ilk daxil olduğu auditoriyada III kurs tələbələri imtahan verir. Prosesə 2 koordinator nəzarət edir. İmtahanın sükutu ilə bərabər ağırlığı da otağa çöküb. Tələbələr gələnlərə nəinki vaxt ayırmaq, başını belə qaldırmaq istəmir, sanki sualların cavabını unudacaqlarından qorxurlar. Birtəhər də olsa, Nurlanın fikrini öyrənməyə müyəssər oluruq: “3 imtahan vermişəm. Hər üç imtahanı uğurla başa vurmuşam. Bu dəfə də suallara cavablarım hazırdır. Hələlik heç bir problem yoxdur”.

 

Nurlan Qurbanov dinşünaslıq ixtisası üzrə III kurs tələbəsidir. 4-cü imtahanını verir. Oxuya-oxuya, arada kəsilə-kəsilə III kursa gəlib çıxıb. Ancaq hər hansı süni maneə, ədalətsiz yanaşma, yaxud qeyri-obyektiv qiymətləndirmə ilə qarşılaşmayıb.

 

Nərmin Allahverdiyeva Nurlana nisbətən sakit görünür. İndiyə qədər kəsri olmayıb. Proqramın öhdəsindən uğurla gəlir: “İndiyə qədər kəsilməmişəm. Hər şey yaxşıdır. Hətta indi daha yaxşıdır. Əvvəlcə Bakı Dövlət Universitetində imtahan verirdim. O qədər kameralara, daha çox şəxsin nəzarətinə, gərgin mühitə baxmayaraq, köçürənlər, nəzarətdən yayınanlar olurdu. Amma indi çox fərqlidir. Köçürmə mümkün olmur. Doğrusu, belə müşahidə edirəm ki, elə köçürməyə cəhd edənlər də azalıb. Tələbələr artıq buna ehtiyac hiss etmirlər. Çox normal, sakit, ədalətli təhsil mühiti var. Rektorumuz nəinki müəllimlərimizdən, hətta dostlarımızdan, yaxınlarımızdan fərqlənmir. İstənilən vaxt otağına getmək imkanımız var. Elə hər hansı problemimiz olanda da məhz ona deyirik”.

 

Nərmin deyir ki, təhsillə bağlı təşəbbüslərini də rektorla müzakirə edə bilirlər: “Təşəbbüslərimizin ən böyük dəstəkçisi məhz rektorumuzdur. Arzuladığımız, ya da dərsdə keçdiyimiz tarixi yerlərə tez-tez ekskursiyalar təşkil edilir. Tarix dərsində keçdiyimiz tarixi abidələrin çoxunu görmək, gəzmək şansımız olub. Nəzərə alsaq ki, institutumuz yeni yaranıb, düşünürəm ki, bundan sonra burada təhsil mühiti daha yaxşı, daha maraqlı olacaq”.

 

Nərminlə Nurlandan fərqli olaraq, Məhəmməd Qurbanov institutdakı vəziyyətdən, müşahidələrindən danışmaq üçün özü təşəbbüs göstərir. İmtahanların şəffaf keçirildiyini, qiymətləndirmənin obyektiv və eyni zamanda sürətli aparıldığını deyir: “Artıq 24 saat içərisində imtahanın nəticələri bəlli olur. Üstəlik, əvvəlkindən daha obyektiv, daha ədalətli. Bu dəfə də imtahandan yaxşı qiymət alacağımı düşünürəm. Düzdür, əvvəlki illərdə kəsilmişəm, amma bundan sonra kəsrimin olmamasına çalışacağam. Bu, həm də təqaüd almağım deməkdir. Əvvəllər 25 faizdən artıq qayıbı olan tələbələr üçün təşkil edilən imtahanlara pul ödəyirdik. Artıq onu da ləğv ediblər və bu, mənim ən ürəyimcə olan islahatlardandır”.

 

İnstitutun rektoru Ceyhun Məmmədovun sözlərinə görə, İlahiyyat İnstitutunda nəinki imtahan, hətta dərs vəsaiti belə ödənişli deyil: “İnstitutumuzda, ümumiyyətlə, heç nə ödənişli deyil. Halbuki ölkədəki bütün ali təhsil müəssisələrində tələbənin buraxdığı, iştirak etmədiyi dərslərin sayı 25 faizi keçərsə, onlar üçün sonradan təşkil edilən imtahanlar mütləq ödənişli olmalıdır”.

 

Növbəti auditoriyada ilk qəbulunu həyata keçirən bir institutu seçənlər, yəni İlahiyyat İnstitutunun I kurs tələbələri imtahan verir. Özü də şifahi.

 

Aytac Əhmədzadə islamşünas olacaq. Bu gün dördüncü imtahanını verir: “İmtahanlar şəffaf keçir, qiymətləndirmə obyektiv aparılır. İnstitutumuzda balından narazı olanlara az-az rast gələ bilərsiniz. Hər kəs biliyinə uyğun qiymətləndirilir. Tələbələrə hörmətlə yanaşılır. Doğrusu, institutumuzdan çox razıyıq. Burda oxumaq çox xoşuma gəlir. Yüksək təhsil verən bir ali təhsil müəssisəsində təhsil alırıq və şəxsən mən bu institutu seçdiyimə görə çox sevinirəm”.

 

Bəs, testlə hazırlaşan abituriyent üçün müəllimin qarşısında oturub ona şifahi imtahan vermək çətin deyil ki? Aytac üçün bu imtahan uğurla nəticələnəcəkmi: “Quran”dan şifahi imtahan veririk. Hesab edirəm ki, nəticə mənim üçün yaxşı olacaq. İmtahana hazıram. Düzdür, “Quran”ı hələ təzə öyrənməyə başlamışam. Ancaq bu imtahana həvəslə hazırlaşmışam. Çünki “Quran”ı oxumağı da, müəllimizi də çox sevirəm. Çox ədalətli müəllimdir”.

 

Vüsal Məmiyev İlahiyyat fakültəsinin dinşünaslıq ixtisası üzrə I kursda təhsil alır: “İmtahanlara 33 balla girmişəm. Bacardığım qədər oxuyuram. Oxuduğumu da müəllimlərim qiymətləndirirlər”.

 

Dinşünas tələbələr arasında Sevil Hüseynova da imtahan verir. 5 sualdan hamısını bilirəm. İndiyə qədər “Quran”dan heç nə, hətta ərəb əlifbasını da bilmirdim. Hamısını müəllimim öyrətdi. İnstitutumuzda ərəb dilini öyrənirik. Ancaq ingilis dili kursları da açılıb. Düzü, mən getmirəm. Çünki dərslərimi çatdıra bilmirəm”.

 

İsgəndər İsgəndərov isə I kursda oxusa da, artıq hafizdir. “Quran”ı əzbər bildiyindən imtahanını verib və çıxıb. İlahiyyat İnstitutuna daxil olanda “Quran”ı əzbər bilirdi. Şəki hafizlik Kollecinin yetirməsidir. Amma “Quran”ı əzbər bilsə də, bəzi fənlərin öhdəsindən gəlməkdə çətinlik çəkir: “Multikulturalizm fənnindən qiymət ala bilmədim. Onun da günahı özümdədir. Yaxşı hazırlaşmamışdım”.

 

İslamşünaslıq ixtisası üzrə magistr təhsili alan Aygün Məmmədova deyir ki, bakalavr pilləsində tələbə sayı çox olduğundan müəllimlə münasibətlər o qədər sıx deyildi. O cümlədən təhsillə bağlı da dərs prosesində hər tələbəyə düşən zaman kəsiyi az olurdu. Lakin magistraturada müəllim-tələbə münasibətləri daha yaxşıdır. Bakavr pilləsini yaxşı qiymətlərlə başa vuran Aygün magistr olaraq da uğurlu nəticə əldə etmək niyyətindədir. Deyir ki, keyfiyyətli təhsili ölkəni tərk etmədən də almaq mümkündür: “Müəllimlərimiz xaricdə olan müəllimlərdən daha üstündür”.

 

Qiymətləndirmə

 

Qiymətləndirməyə gəlincə, tələbələrin dediyi kimi, bu gün qiymətlərini öyrənəcəklər. Araşdırmaya ehtiyac olarsa, yaxud hər hansı problem çıxarsa, nəticələrin elan olunması bəzən növbəti günə qala bilər. Ancaq bu hal çox olmur. 

 

İnstitutun rektoru Ceyhun Məmmədovun sözlərinə görə, tələbələrə, onların şikayətlərinə həssas yanaşır: “Rektor olaraq otağımın qapısı həmişə açıqdır. Tələbələr istənilən vaxt yaxınlaşıb sözünü deyir. İmtahanla bağlı narazılığı, şikayəti olan tələbələri qəbul edirəm. Onlarla mübahisəli məsələləri araşdırırıq.  Anlaşılmazlıq varsa, aradan qaldırmağa çalışırıq”.

 

Rektora müraciət, hər hansı narazılığı bildirməyin yeganə yolu deyil. İmtahan günlərində tələbələrə şikayətlərini bildirmələri, fikirlərini, təkliflərini rəhbərliyə çatdırmaları üçün hər cür şərait yaradılıb. Hər bir imtahan otağında bu məqsədlə ayrıca qutular yerləşdirilib.

 

Bu hazırlıq öz müsbət nəticəsini verib. Tələbələr bir neçə istiqamət üzrə institut rəhbərliyinə müraciət edərək narazılığını, şikayətini və arzularını bildirib. Ceyhun Məmmədovun sözlərinə görə, ilk müraciətlər imtahana buraxılmayanlardan olub. 109 tələbədən 4-nün imtahana buraxılmadığını deyən rektor həmin şəxslərdən və onların valideynlərindən daxil olan müraciətlərlə bağlı fərqli qərar verə bilmədiklərini deyib: “Nazirlər Kabinetinin qərarı ilə 25 faizdən artıq dərs buraxan tələbələr imtahanlara buraxılmır. Tələbələrimizdən bu limiti aşanlar vardı. Valideynləri ilə birgə  müraciət edənlər belə vardı. Ancaq onlara cavabımız bu qərarı göstərmək oldu. Qayıb limitini keçənlər mövcud prosedurlar əsasında ya növbəti mərhələdə təşkil edəcəyimiz imtahanlarda iştirak edəcək, ya da girə bilmədikləri imtahanı kəsir qaydasında verəcəklər”.

 

Müraciət edənlər arasında qiymətindən narazı qalanlar da olub: “İndiyədək  2-3 nəfər bu məqsədlə müraciət edib və müəllimlə birgə tələbəni dəvət edərək məsələni aydınlaşdırmışıq. Tələbəyə yol verdiyi səhvlər və qiymətləndirmə əsaslandırılıb. Əksəriyyəti bu qiymətləndirmə ilə sonradan razılaşıb. Tələbələrimiz bu əsaslandırma ilə razılaşmasa, başqa bir müəllim dəvət edib yenidən qiymətləndirmə keçiririk və nəticələri müqayisə edirik. Ancaq hələlik buna ehtiyac qalmayıb. Çünki tələbələr elə düşünürlər ki, müəllimlər onlara daha çox bal verə bilərdi. Ancaq anlayanda ki, qiyməti verdiyi cavablara uyğundur, o zaman qərarla razılaşırlar”.

 

Tələbələrin şəxsən müraciətlərində hər hansı əngəl olmadığından və rektorla istənilən problemi müzakirə etmək imkanları yaradıldığından auditoriyalara qoyulan qutulara hər hansı müraciət, şikayət məktubu atılmayıb.

 

Müəllimlər də qiymətləndirilib

 

Azərbaycan İlahiyyat İnstitutuna müəllimlər müsahibə yolu ilə qəbul edilir. Verilən şərtlərə uyğun gələn namizədlərə xəbərdarlıq edilir ki, tələbələr arasında keçirilən sorğularla onların verdiyi təhsilin keyfiyyəti ölçüləcək. Rektorun fikrincə, bu məqsədlə tələbələrin bilik və bacarıqlarını yoxlamazdan əvvəl müəllimlərlə bağlı tələbələrin rəyi öyrənilib: “Semestrin sonuna doğru sorğular keçirmişdik. Tələbələrin fikrini, təkliflərini, müəllimlərə münasibətlərini həmin sorğular əsasında müəyyənləşdirdik. Hazırda sorğuların nəticələrinin təhlili davam edir. Müəllimin davranışından tutmuş fənn bilikləri, bunu tələbələrə necə çatdırması ilə bağlı 23 sual qoyulub və həmin suallara cavab əsasında qiymətləndirmə aparılıb. Bu sorğunun nəticəsi olaraq, 1 müəllimlə bağlı araşdırmalarımız davam edir. Ümumiyyətlə, elə bir ciddi problem yaranmayıb. Sadəcə, metodologiyada fərqlər ola bilər və biz də bunu vaxtında müəyyənləşdirməyə çalışırıq”.

 

Aİİ ilə bağlı ictimai rəy

 

Aİİ-də imtahan prosesinin sonunda hesabat hazırlanacaq və həm müəllimlər, həm də tələbələrlə görüş keçiriləcək.

 

Mediaturda iştirak edən İctimai Şuranın üzvü Əliməmməd Nuriyev öz təəssüratını bölüşüb: “Azərbaycanda yeni nəsil rektorlar yetişir. Təhsil sisteminin ən böyük uğurlarından biri də məhz uğurlu kadr seçimidir. Universitetlərdə yeni təhsil mühitinin formalaşmasında, islahatların uğurla aparılmasında təşəbbüskar fəaliyyətlə fərqlənən həmin idarəedici şəxslər universitetlərin gələcəyinə böyük ümid vəd edirlər”.

 

Təhsil eksperti Nadir İsrafilov bildirib ki, İnstitutun yaradılmasına ilk dəstək verənlərdən olub: “Bu institut yarananda sosial mediada da belə fikirlər səslənməyə başladı ki, mollaların sayı artır. Çox təəssüf ki, onlar başa düşmürdü ki, bu, molla yetişdirən institut olmayacaq. İlahiyyat dinin elmi cəhətdən əsaslandırılmasına xidmət edir. Bu institutun yaradılması din haqqında yanlış təsəvvürləri dəyişəcək kadrların yetişdirilməsində böyük xidmətləri olacaq. Dinləri ayırmaq, fərqləndirmək olmaz. Ona görə də bu institutda dinşünaslıq islamşünaslıqla yanaşı keçilir ki, bu da dinin ümumi mahiyyətinin açılmasında böyük rol oynayacaq”.

 

Ruhiyyə DAŞSALAHLI