Təhsil Nazirliyinin SABAH qrupları və “Azercell Telekom” MMC arasında imzalanmış memorandum çərçivəsində SABAH qruplarında təhsil alan 9 tələbə “Azercell” Tələbə Təqaüdü Proqramının qalibi olub.

 

Mükafatlandırma mərasimində “Azercell Telekom” MMC-nin prezidenti Vahid Mürsəliyev və SABAH qruplarının İcra Komitəsinin tədris işləri üzrə meneceri Eldar Qocayev qalibləri təbrik edib, onlara sertifikat və hədiyyələr veriblər.

 

“Azercell” Tələbə Təqaüdü Proqramında seçimlər 3 mərhələdən ibarət olub. Birinci mərhələdə  tələbələrin onlayn rejimdə təqdim etdikləri ərizə və sənədlər dəyərləndirilib. İkinci mərhələdə tələbələr məntiq və ingilis dilindən xüsusi hazırlanan test tapşırıqları ilə biliklərini sınayıblar. Tapşırıqları uğurla yerinə yetirən tələbələr müsahibələrə dəvət alıblar. Tələbələr akademik bilikləri, dünyagörüşü, elmə-təhsilə həvəs və s. meyarlar əsasında qiymətləndiriliblər.

 

Proqramın məqsədi təhsildə müvəffəqiyyət qazanan və fərqlənməyi bacaran tələbələrə xüsusi qayğı nümayiş etdirmək, yüksək potensiala malik gənclərin peşəkar kimi formalaşmasına dəstək olmaqdan ibarətdir.

 

Proqrama qəbul edilən istedadlı tələbələr cari təhsil müddətinin sonuna qədər “Azercell” şirkəti tərəfindən müəyyənləşdirilmiş təqaüdü alacaqlar. Bununla yanaşı, həmin tələbələrin karyera baxımından inkişafı üçün şərait yaradılacaq. Belə ki, onlar telekommunikasiya sahəsində biliklərini artırmaq, şirkətin korporativ tədbirlərində, sosial fəaliyyətində iştirak etmək, müxtəlif təlimlərə qatılmaq və şirkətdə təcrübə keçmək imkanı əldə edəcəklər.

 

Təqaüdə Bakı Mühəndislik Universitetinin “İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi” ixtisası üzrə tələbələri İlqar Məmmədzadə və İbrahim Əliyev, Bakı Dövlət Universitetinin “Kompüter Elmləri” ixtisası üzrə tələbəsi Aygül Bayramova, “Hüquqşunaslıq” ixtisası üzrə tələbələri İlqar Məmmədzadə və Sonaxanım Qaybaliyeva, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Neft-qaz qurğuları mühəndisliyi” ixtisası üzrə tələbəsi İmaməli Şükürlü, “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə tələbəsi Cavid Aslanlı və Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə” ixtisası üzrə tələbələri Elnur Namazov və Ömər Əzizli layiq görülüblər.

 

Memorandum çərçivəsində 2017-ci ildə SABAH qruplarının 7 tələbəsi “Azercell” şikətinin tələbə təqaüdünü qazanıb, 10 tələbə isə şirkətdə ixtisas təcrübəsi keçmək imkanı əldə edib.

 

Qeyd edək ki, SABAH qrupları Təhsil Nazirliyinin təşəbbüsü ilə 2014-2015-ci tədris ilindən etibarən dövlət ali təhsil müəssisələrində tədrisin keyfiyyətinin yüksəldilməsi, yenilikçi mühitin yaradılması məqsədilə formalaşdırılmış, müxtəlif ixtisaslar üzrə savadlı, bacarıqlı, hazırlıqlı tələbələrdən ibarət qruplardır. Hazırda SABAH qrupları 12 ali təhsil müəssisəsini, 6 ixtisas istiqaməti üzrə (təhsil, texniki, təbiət, humanitar, iqtisadiyyat, incəsənət) 40-a yaxın ixtisas,  2200-dən çox tələbə və 1500-dən artıq məzunu əhatə edir.