Yanvarın 24-də İsmayıllı rayonu Lahıc qəsəbə tam orta məktəbi və Gəndov kəndində yeni istifadəyə verilən modul tipli ümumi orta məktəblə tanışlıq üçün mediatur keçirilib.  

 

Mediaturda KİV nümayəndələri ilə yanaşı, təhsil ekspertləri də iştirak ediblər.

 

Öncə qonaqlar Gəndov kəndindəki modul tipli məktəblə tanış olublar. Bildirilib ki, modul məktəb ölkə Prezidentinin sərəncamına əsasən 2018-ci ildə quraşdırılıb. Məktəbdə 4 kənddən gələn 44 şagird təhsil alır. 56 şagird yerlik məktəb 7 sinif və bir müəllim otağından ibarətdir.

 

Məlumat verilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə ilk dəfə olaraq ucqar kəndlərdə az şagird kontingentli qəzalı məktəblərin yeni binalarla əvəz edilməsi çərçivəsində modul tipli məktəb təcrübəsi tətbiq edilib. 2017-ci ildə 40 rayonda 6 min şagird yerlik 106, 2018-ci ildə isə 43 regionda 8120 şagird yerlik 137 modul tipli məktəb quraşdırılıb.

 

Modul tipli məktəblərin üstünlüyü onların azməsrəfli olması ilə yanaşı, qısa müddət ərzində istənilən relyefdə quraşdırılması, asan daşınması, sinif otaqlarının sayının şagirdlərin sayına uyğun olaraq rahatlıqla azaldılıb-artırılmasıdır.

 

Mediatur iştirakçıları müəllimlərin işə qəbulu üzrə müsabiqədə yüksək bal toplayan Ceyhun Əsgərov və Orxan Kamallının dərslərini izləyiblər.

 

Daha sonra qonaqlar Lahıc qəsəbə tam orta məktəblə tanış olublar. Bildirilib ki, məktəbin tikintisinə 2017-ci ilin dekabr ayında başlanılıb, 2018-ci ilin avqust ayında tikinti-quraşdırma işləri başa çatdırılıb. 400 yerlik məktəb 3 mərtəbədən ibarətdir. Məktəbdə 200 şagird təhsil alır.

 

Məktəb binasında videomüşahidə, yanğın əlehinə siqnalizasiya sistemləri, ərazisində isə qazanxana, nasosxana, transformator yarımstansiyası, yeraltı içməli su anbarı və çirkab su anbarı mövcuddur. Otaqlar mərkəzləşdirilmiş istilik sistemi ilə təchiz olunub. Binanın  daxilində  idman zalı, hər mərtəbədə şagird və müəllimlər üçün ayrı-ayrılıqda sanitar qovşaqlar var.   

 

Mediatur iştirakçıları biologiya müəllimi Cəmilə Kamilovanın, fizika müəllimi Rövşən Əliyevin, ibtidai sinif müəllimi Günay Cəbrayılovanın dərslərini izləyiblər. Daha sonra isə məktəbin Tarix-Diyarşünaslıq Muzeyində 9-cu sinif şagirdlərinin tarix dərsinin gedişi ilə tanış olublar.

 

Mediatur çərçivəsində “Təhsil” televiziyasının "Təməl" verilişinin Lahıcın təhsil həyatına həsr olunmuş buraxılışı canlı yayımlanıb.