Yanvarın 23-də Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) vəBeynəlxalq Əmək Təşkilatının (BƏT) birgə təşkilatçılığı ilə “Gənclərin məşğulluğu: işəgötürənlərin baxışı, çağırışlar və perspektivlər” mövzusunda konfrans keçirilib.
Konfransda bir sıra dövlət qurumlarının, beynəlxalq təşkilatların, ali təhsil müəssisələrinin və şirkətlərin nümayəndələri, eləcə də sahibkarlar iştirak ediblər.
Tədbirdə çıxış edən ASK-nın prezidenti Məmməd Musayev məşğulluğun təminatında özəl sektorun mühüm rola malik olduğunu, aktiv sosial müdafiə tədbirlərinin uğurlu təşkilində məşğulluq orqanları ilə sahibkarlar arasında səmərəli sosial tərəfdaşlığın önəmini qeyd edib.
Təhsil nazirinin müavini İdris İsayev peşə təhsilinin inkişafı istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər, görülən işlər barədə ətraflı məlumat verib. Nazir müavini bildirib ki, “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”nə əsasən, işəgötürənlərin peşə təhsili sisteminə cəlb edilməsi, kadr hazırlığının işəgötürənlərin tələblərinə uyğun aparılması və təhsildə dövlət-özəl tərəfdaşlığı sisteminin həyata keçirilməsi əsas şərtlərdən biridir.
“Peşə təhsili haqqında” Qanunda işəgötürənlərin stimullaşdırılması ilə bağlı maliyyə, hüquqi və digər sahələr üzrə güzəştlərin verilməsinin nəzərdə tutulduğunu qeyd edən nazir müavini bunun özəl sektorun peşə təhsili ilə tərəfdaşlığa daha çox maraq göstərməsinə imkan yaradacağını diqqətə çatdırıb.
Nazir müavini əmək bazarında baş verən dəyişikliklərlə əlaqədar yeni çağırışların bu sahədə aparılan siyasətin daim təkmilləşdirilməsini və peşə təhsili ilə əlaqəli həyata keçirilməsini tələb etdiyini, hazırkı konfransın bununla bağlı məsələlərin müzakirəsi baxımından önəmli olduğunu qeyd edib.
Tədbirdə digər çıxış edənlər əmək bazarının çağırışları, problemlər və onların həlli yolları, sosial dialoqun inkişafı, gənclərin məşğulluğu sahəsində mövcud vəziyyət və beynəlxalq təcrübə barədə geniş məlumat veriblər.
Konfransda daha sonra BƏT tərəfindən “Əməyin gələcəyi” mövzusunda hazırlanan qlobal hesabat açıqlanıb.
Konfrans “Əmək bazarının tələbləri, təhsil, təlim və bacarıqların inkişafı”, “Gənclər arasında sahibkarlığın inkişafı”, “Əlverişli qanunvericilik və əmək münasibətləri” mövzularında panel iclaslar ilə davam edib.
“Əmək bazarının tələbləri, təhsil, təlim və bacarıqların inkişafı” mövzusunda keçirilən panel iclasda Peşə Təhsili üzrə Dövlət Agentliyinin nümayəndəsi işəgötürənlər ilə peşə təhsili müəssisələri arasında müxtəlif səviyyələrdə əməkdaşlığın qurulmasının günün tələbi olduğunu vurğulayıb, agentlik tərəfindən bu istiqamətdə görülən işlər və həyata keçirilən layihələr barədə ətraflı məlumat verib.
Konfrans çərçivəsində həmçinin “Dayanıqlı inkişaf naminə gənclərin imkanlarının genişləndirilməsi” layihəsinin təqdimatı keçiriləcək.