ADİU-da təşkil olunan təlimlərdə kolleclərin müəllimləri iştirak ediblər


Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Sahibkarlığın əsasları” mövzusunda təlimlər başa çatıb.

 

5 gün davam edən təlimlərdə Təhsil Nazirliyinin tabeliyində olan kolleclərin müəllimləri iştirak ediblər. UNEC-in dosentləri müəllimlərə sahibkarlıq mühiti, kiçik və orta sahibkarlıq fəaliyyəti, innovasiya sahibkarlığı, sahibkarlıq fəaliyyətində risklər, vergiqoyma və bu istiqamətdə digər mövzularda təlimlər keçiblər.

 

UNEC-in tədris və təlim texnologiyaları üzrə prorektoru, dosent Anar Rzayev kiçik və orta sahibkarlıqla bağlı keçirilən təlimlərin əhəmiyyətindən danışıb, bu istiqamətdə qabaqcıl təcrübənin öyrənilməsinin vacibliyini vurğulayıb. A.Rzayev təlim müddətində müəllimlərin əldə etdikləri biliklərin onlar üçün faydalı olacağına əminliyini bildirib.

 

Sonda təlimləri uğurla bitirən kollec müəllimlərinə sertifikatlar təqdim olunub.

 

Xatırladaq ki, təlimlər “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”nin müvafiq bəndinin icrasını təmin etmək məqsədilə Təhsil Nazirliyi ilə birgə təşkil olunub.