Firudin Qurbanov: “Onlar bu uğurları daha böyük idman yarışlarında təkrarlayacaq və ölkəmizi layiqincə təmsil edəcəklər”
Yanvarın 21-də Təhsil Nazirliyində təhsilin inkişafındakı xidmətlərinə görə fərqlənən, məktəbdənkənar sahədə çalışan təhsil işçiləri və yüksək nəticə göstərən idmançılar ilə görüş keçirilib.
Mərasimdə təhsil nazirinin müavini Firudin Qurbanov, məktəbdənkənar fəaliyyətin təşkili üzrə müəssisələrin rəhbərləri, idmançılar iştirak ediblər.
Təhsil nazirinin müavini Firudin Qurbanov çıxış edərək ölkə rəhbərliyi tərəfindən təhsilin inkişafı sahəsində görülən işlərdən, həyata keçirilən islahatlardan danışıb.
Nazir müavini 2018-ci il ərzində Təhsil Nazirliyinin müvaviq əmrləri ilə təhsilin inkişafındakı xidmətlərinə, gənc nəslin təlim-tərbiyəsi sahəsində yüksək nailiyyətlər əldə etdiklərinə görə təltif edilən təhsil işçilərini təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. F.Qurbanov qeyd edib ki, 1997-ci ildən ölkəmizdə idman sahəsi sürətlə inkişaf etməyə başlayıb. Bu, ölkənin və onun başçısının bu sahəyə olan diqqətindən irəli gəlib. Sevindirici haldır ki, bu gün ölkəmiz dünyada idman dövləti kimi tanınır. İdmana rəhbərlik edən bütün qurumlar fəal işləyirlər: “Ölkəmizdə yüksək səviyyədə dövlət siyasəti aparılır. Bu siyasət nəticəsində bu gün idmançılarımız bizi qələbələrlə sevindirirlər. Bu, bir daha onu göstərir ki, Azərbaycanda çox gözəl gənc nəsil yetişir. Peşəkar idmançılar əldə etdikləri gözəl qələbələrlə bizi sevindirirlər, dünya, Avropa çempionatlarında, Olimpiya Oyunlarında idman şöhrətimizi yüksəklərə qaldırırlar. İnanırıq ki, idmançılaımız bundan sonra da ardıcıllıqla uğurlara imza atacaqdır. Gənc və yeniyetmə idmançılarımızın uğurları tarixi nailiyyətdir. Onlar bu uğurları daha böyük idman yarışlarında təkrarlayacaq və ölkəmizi layiqincə təmsil edəcəklər”.
Sonra Firudin Qurbanov təltif olunan şəxslərə Təhsil Nazirliyinin "Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı, Fəxri fərman və təşəkkürnamələr təqdim edib.
Qeyd edək ki, Təhsil Nazirliyi tərəfindən təltif edilən şəxlər Avropa və dünya səviyyəli yarışlarda uğurlu nəticələr əldə edən Uşaq-Gənclər İdman-Şahmat məktəblərinin yetirmələri, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının 2017-2018-ci il mövsümündə müxtəlif yaş qrupları üzrə təşkil etdiyi liqalarda uğurlu nəticələr qazanan “Vətən” İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbi və “Təhsil” Respublika İdman Mərkəzinin 8 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin nümayəndələridir. Mərasimin sonunda xatirə şəkil çəkdirilib.
Rəşad ZİYADOV