Paytaxt məktəbliləri arasında “Gənc istedadlar” breyn-rinq bilik yarışının ikinci mərhələsi keçirilib.

 

Bilik yarışının təşkil olunmasının əsas məqsədi şagirdlərin müxtəlif sahələr üzrə istedad və qabiliyyətinin, dünyagörüşünün, intellektual səviyyəsinin, müzakirə, təhliletmə, nitq, özünü təqdimetmə, kollektivi təmsiletmə qabiliyyətinin inkişafı və İKT-dən istifadə bacarıqlarının üzə çıxarılmasından ibarətdir.

 

Yarışda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan 21, 36, 76, 113, 145 və 312 nömrəli tam orta məktəblərin “Zirvə”, “Əlaçılar”,  “Zəfər”, “Bilik”, “İntellekt”, “Lider”  komandaları iştirak edib.

 

Bilik yarışının 20 Yanvar-Ümumxalq Hüzn Gününə həsr olunmuş ikinci mərhələsində komandalar Azərbaycan dili, fizika, kimya fənləri və ümumi dünyagörüşü üzrə biliklərini sınaqdan keçiriblər. Mərhələnin sonunda 113 nömrəli tam orta məktəbin “Bilik” komandası 9 xal toplayaraq digər komandalardan üstün olub. Birinci və ikinci mərhələnin nəticələrinə əsasən, “Bilik” komandası 20 xalla rəqib komandalardan öndədir.

 

Qeyd edək ki, “Gənc istedadlar” breyn-rinq bilik yarışının hər ay keçirilməsi planlaşdırılır. Yarışın bütün mərhələləri üzrə komandaların aylıq topladığı xallar hesablanaraq sonda qalib məktəb seçiləcək.