Və yaxud şagirdlərimizin qələbə əzmi


Son illərdə Azərbaycan məktəblilərinin dünyanın nüfuzlu beynəlxalq fənn olimpiadalarından vətənə medallarla qayıtması artıq xoş ənənəyə çevrilib. Bu günlərdə təhsil ictimaiyyəti bu xoş ənənənin növbəti sevincini yaşadı. Bu sevinci yaşadan və hər birimizdə fəxarət hissini yaradan Təhsil Nazirliyi nəzdində Respublika Fizika, riyaziyyat  və informatika təmayüllü  liseyinin şagirdləri oldu.    Şagirdlərimiz 9-15 yanvar 2019-cu il tarixlərində Qazaxıstanın Almatı şəhərində keçirilən Beynəlxalq Jautıkov Olimpiadasında ölkəmizi layiqincə təmsil edərək 2019-cu ilin ilk olimpiada medallarını komandamızın hesabına yazdırıblar. Liseyin 10-cu sinif şagirdləri Abutalıb Namazov, Murad Eynizadə informatika fənni üzrə gümüş medal, 11-ci sinif şagirdi Ramil Cəbiyev və 10-cu sinif şagirdi Murad Ağazadə riyaziyyat fənni üzrə gümüş medal, 11-ci sinif şagirdi Murad Ağayev isə bürünc medal qazanıblar.

 

Şagirdlərimizin  Qazaxıstandakı  uğurlu çıxışını  “Azərbaycan müəllimi” qəzetinə  şərh edən  Təhsil İnstitutunun istedadlı uşaqlarla iş şöbəsinin müdiri, Respublika və Beynəlxalq fənn olimpiadaları üzrə koordinator Fuad Qarayev onların qələbə əzmini çox yüksək qiymətləndirib: “Hər il Qazaxıstanda təşkil olunan Beynəlxalq Jautıkov Olimpiadasında məktəblilərimiz 15 fərqli ölkədən olan şagirdlərlə riyaziyyat, fizika və informatika fənləri üzrə yarışaraq öz bilik və bacarıqlarını nümayiş etdirirlər.Əsasən Orta Asiya ölkələrinin məktəblilərinin qatıldığı olimpiadada ABŞ, Rusiya və Türkiyə məktəbliləri də iştirak edir. Bu kimi yarışlar şagirdlərimizin yeni tipli suallarla tanış olması, formada qalması və müxtəlif xalqlardan olan istedadlı yaşıdları ilə dostluq münasibəti qurması, bilik mübadiləsi istiqamətində çox əhəmiyyətlidir. Bu olimpiada şagirdlərimizin qələbə əzminin çox yüksək olduğunu göstərdi”.

 

Fuad Qarayevin sözlərinə görə, 2006-cı ildən etibarən iştirak etdiyimiz Jautıkov olimpiadasında bu günə kimi məktəblilərimiz 3-ü qızıl, 18-i gümüş, 26-sı bürünc olmaqla 47 medal əldə ediblər: “Builki olimpiadanın  nəticələrinə (4 gümüş, 1 bürüc medal) əsasən hesab edə bilərik ki, bu, kifayət qədər yaxşı nəticədir. Bu yarışma həm də beynəlxalq olimpiadalara hazırlıq prosesində hansı nüanslar üzərində daha diqqətlə dayanmağımıza, güclü və zəif tərəflərimizi müəyyənləşdirməyimizə kömək edir və onu deməyə əsas verir ki, şagirdlərimizin potensialı yüksəkdir”.

 

Fuad Qarayev beynəlxalq olimpida hazırlığında növbəti hədəflərdən də danışıb.  Onun sözlərinə görə, beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərində çalışmalar ilboyu davam edir. “Düşünürük ki, gün keçdikçə şagirdlərimizin hazırlığı daha da artacaq. Əsas hədəfimiz 5 fənn üzrə keçirilən və iştirak etdiyimiz bütün bu olimpiadalarda Azərbaycanı layiqincə təmsil edəcək şagirdləri hazırlamaqdır.   Avqust ayında ölkəmizdə təşkil olunacaq 31-ci Beynəlxalq İnformatika Olimpiadası xüsusi əhəmiyyətə malikdir. Bu səbəbdən informatika fənni üzrə şagirdlərimizin hazırlığına da xüsusi diqqət yetirməyə çalışırıq. Belə ki, bu sahədə Azercell Telekom şirkətinin Barama İnnovasiya və Sahibkarlıq mərkəzi ilə sıx əməkdaşlıq edirik. Yanvar ayının sonunda şagirdlərimizi Tehran şəhərinə riyaziyyat və informatika fənni üzrə İran məktəbliləri ilə birgə təşkil olunacaq təlim-məşq toplantılarına göndərilməsini planlaşdırmışıq. Ümumiyyətlə, əldə edilən nailiyyətlərə görə şagirdlərimizi təbrik edərək, onların müəllimlərinə təşəkkürümüzü bildiririk”.

 

Oruc MUSTAFAYEV