Yanvarın 12-də Abşeron rayonu Saray qəsəbəsi 3 nömrəli tam orta məktəbdə “Fənn kurikulumlarının  tətbiqi: reallıqlar və hədəflər” mövzusunda zona müşavirəsi keçirilib.

 

Zona müşavirəsində təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, Təhsil Nazirliyinin, Təhsil İnstitutu və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məsul əməkdaşları, Sumqayıt şəhərinin, Abşeron, Qubadlı, Laçın, Kəlbəcər, Zəngilan rayonlarının təhsil işçiləri – metodistlər, məktəb direktorları, müəllimlər və dərslik müəllifləri iştirak ediblər.   

 

Müşavirə iştirakçıları əvvəlcə Abşeron rayonunun ümumtəhsil məktəbləri şagirdlərinin əl işlərindən ibarət sərgi ilə tanış olublar. Sonra tədbir iştirakçıları tərəfindən rayonun 33 müəlliminin nümunəvi dərsi dinlənilib.

 

Daha sonra müşavirədə dinlənilmiş dərslər müzakirə olunub. Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədov çıxış edərək tədbirin əhəmiyyətindən söz açıb. Bildirib ki, dərslərin dinlənilməsi ilə müəllimlərin metodiki hazırlığı haqqında alınan məlumat əsasında onlara nə kimi kömək lazım olduğunu müəyyənləşdirmək mümkündür.

 

Müşavirədə həmçinin, məzmun standartları və fənn kurikulumlarının, fənlərin tədrisi metodikasının təkmilləşdirilməsi, fənlər üzrə şagirdlərin təlim naliyyətlərinin yaxşılaşdırılması, dərsliklər və təhsil texnologiyaları barədə rəy və təkliflər dinlənilib.