Fərzalı Məhərrəmli: “Gimnaziyanın təkcə builki buraxılışının 8 məzunu 600-dən yuxarı bal toplayıb”


Hər dəfə yüksək biliyə malik, istedadlı gənclərlə rastlaşanda onları yaxından tanımaq, eyni zamanda ictimaiyyətə də tanıtdırmaq arzusu oyanır qəlbimdə. Təsadüf elə gətirdi ki, onunla başa vurmaqda olduğumuz 2018-ci ilin son günlərinin birində tanış oldum.

 

Onu öz həmyaşıdlarından fərqləndirən başlıca xüsusiyyət yüksək bilik və bacarığa sahib olmasıdır. Ağlına belə gəlməzdi ki, bir gün hamı ondan qürur hissi ilə danışacaq, böyüyüb-boya başa çatdığı ailəsinin, bütövlükdə rayonun fəxrinə çevriləcək. Söhbət Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadiyyat Məktəbinin maliyyə ixtisası üzrə I kursunda təhsil alan, Prezident tədaüdçüsü  Fərzalı Məhərrəmlidən gedir.

 

2000-ci il dekabrın 8-də Ağdaş rayonunun Dəhnəxəlil kəndində anadan olan Fərzalı ibtidai təhsilini şəhərdəki Bəkir Nəbiyev adına 3 nömrəli tam orta məktəbdə alıb. 5-ci sinifdən təhsilini Ağdaş şəhər Maqsud Şeyxzadə adına internat tipli Texniki, humanitar və təbiət fənləri təmayüllü gimnaziyada davam etdirib. Oxuduğu illər ərzində gimnaziyanın yüksək təlim göstəriciləri ilə fərqlənən şagirdlərindən biri olub. Məktəblilərin fənn olimpiadalarında müvafiq yerlər tutub, eləcə də “Xəmsə” Milli İntellektual oyunları üzrə respublika çempionatında komanda kapitanı olaraq  öz biliyi və hazırcavablılığı ilə təhsil aldığı rayonun məktəblilərini layiqincə təmsil edib. Orta məktəbi fərqlənmə attestatı ilə bitirib: “Təhsil aldığım müddətdə hər zaman biliyimə görə seçilən şagird olmuşam. Müəllimlərim də yüksək biliyə malik pedaqoqlar idi. Gimnaziyanın direktoru Şəhla Hacıbalayevanın bizə qarşı tələbkarlığı, eyni zamanda, biz şagirdlərin potensialını vaxtında görüb  düzgün istiqamətləndirməsi sonda uğurlu nəticələr əldə etməyimizə imkan verdi. Gimnaziyanın təkcə builki buraxılışının 8 məzunu 600-dən yuxarı bal toplayıb. Oxuduğum təhsil ocağının müəllimlərinin üzərimdə çəkdiyi əziyyətini danmaq haqsızlıq olar”, - deyə o, bizimlə söhbətində bildirdi.

 

Elə məhz gimnaziya rəhbərliyinin yüksək peşəkarlığı, müəllim-şagird-  valideyn münasibətlərinin düzgün qurulmasının, təhsil müəssisəsində əlverişli təlim mühitinin yaradılmasının nəticəsi olaraq Fərzalı Məhərrəmli builki ali məktəblərə qəbul imtahanlarında 685 bal toplayaraq ən böyük arzusuna çatır. Azərbaycan Dövlət  İqtisad Universitetinin Beynəlxalq İqtisadiyyat Məktəbinin maliyyə ixtisasına qəbul olunur. Ölkə başçısı İlham Əliyevin sərəncamı ilə Prezident təqaüdünə layiq görülən gənclərdən biri olur:

“Hədəfim yüksək nəticə əldə edərək Prezident təqaüdçüsü olmaq idi. Sevinirəm ki, çoxları üçün əlçatmaz olan bu arzuma çatdım. Həmin xoş hadisəni həyatımın uğurlu başlanğıcı kimi qəbul edirəm. Bu qədər gəncin içindən seçilmək, tanınmaq və əldə etdiyim uğurun dövlət başçısı İlham Əliyev tərəfindən qiymətləndirilməsi mənim üçün ən böyük mükafatdır”.

 

Fərzalının vaxtilə təhsil aldığı gimnaziyanın direktoru Şəhla Hacıbalayeva onun oxuduğu illərdə hər zaman diqqətdə saxlanıldığını deyir: “Fərzalı öz əzmkarlığı ilə hər zaman seçilirdi. Onun başqa şagirdlərdən fərqli cəhəti özünə qarşı inamlı, məqsədinə çatmaq üçün çox çalışqan olmasıdır. Gimnaziyamız onunla qürur duyur. Sevindirici haldır ki, bizim belə savadlı gənclərimizin sayı ildən-ilə artır”.

 

Bəli, bu gün Fərzalının çevrəsi, onu yaxından tanıyanlar bu gənclə fəxr etdiklərini söyləyir. Fərzalı Məhərrəmli bu qürur və fəxarət hissinin daha başqa hədəflərinə çatmaqla davamlı olmasını qarşısına məqsəd qoyub. Bir vaxtlar xəyalını qurduğu, arzuladığı ali məktəbə, seçdiyi ixtisasa qəbul olunan gənc  tələbəlik həyatından ağızdolusu danışır. Azərbaycan Dövlət  İqtisad Universitetində tədrisin müasir təhsil standartlarına uyğun, hər bir prosesin gənclərin daha rahatlıqla  tələbəlik həyatına adaptasiya olunmasına yönəlik olduğunu, eləcə də onların savadlı kadr kimi Azərbaycan iqtisadiyyatında layiqli yer tutması üçün çoxsaylı layihələrin həyata keçirildiyini söyləyir: “Mən çox şanslıyam ki, məhz Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsiyəm. Ən böyük arzum isə gələcəkdə magistratura təhsilimi Almaniyada davam etdirməkdir”.

 

Samirə KƏRİMOVA