Məsud Əfəndiyev: “UNEC Azərbaycan elminə böyük töhfələr verən və innovativ universitetdir”
UNEC-də dünya şöhrətli riyaziyyatçı alim, fizika-riyaziyyat elmləri doktoru, professor Məsud Əfəndiyevlə görüş keçirilib.
UNEC-in rektoru, professor Ədalət Muradov beynəlxalq miqyasda tanınan və Azərbaycan vətəndaşı olaraq elmi tədqiqatlarını davam etdirən dəyərli alimi UNEC-də görməkdən qürur duyduğunu ifadə edib. Almaniyanın Münhen şəhərində yerləşən Helmholtz Elmi-Tədqiqat Mərkəzinin Dinamik sistemlər şöbəsinin müdiri, professor Məsud Əfəndiyevin yeganə azərbaycanlı alim olaraq beynəlxalq “Humboldt” mükafatına layiq görüldüyünü diqqətə çatdırıb.
Rektor UNEC-in elmi-tədqiqa yönümlü universitetə transformasiyası istiqamətində görülən işlərdən söz açıb. İlk hədəflərdən birinin tədqiqat aparmaq potensialı olan mütəxəssislərin müəyyən edilməsi olduğunu vurğulayan Ə.Muradov yeni tədris ilindən müəllimlərin təsnifatlandırılmasının aparılacağını diqqətə çatdırıb. Professor-müəllim heyətinin elmi fəaliyyətinin stimullaşdırılması məsələsinə toxunan rektor Azərbaycanda ilk dəfə olaraq məhz UNEC-də diferensial əmək haqqı sisteminin tətbiq oldunduğunu bildirib. Sistemin tətbiqindən sonra UNEC-in nüfuzlu elmi jurnallarda nəşrlərinin sayının ilbəil artmasına və dünya elm məkanına uğurla inteqrasiyasına görə “Web of Science” üzrə ölkənin ən dinamik inkişaf edən universiteti mükafatını qazandığını qeyd edib. Ə.Muradov SOCAR-ın sifarişi ilə dünyada ilk dəfə olaraq “Azeri light” neftinin dünya bazar qiymətinin proqnozlaşdırılması ilə bağlı UNEC-in reallaşdırdığı uğurlu qrant layihəsini də alimin diqqətinə çatdırıb.
UNEC-i Azərbaycan elminə böyük töhfələr verən və innovativ universitet adlandıran professor Məsud Əfəndiyev bu ali təhsil müəssisəsinin son illər əldə etdiyi uğurları daim izlədiyini və bundan qürur duyduğunu bildirib: “UNEC-in innovativ yanaşması, vizyonu xaricdə yaşayan, elmi və təhsili sevən hər azərbaycanlı üçün böyük əhəmiyyətə malikdir və biz alimlər üçün bu, çox önəmlidir. UNEC infrastrukturu və elmi mühitinə görə, mənim aləmimdə Azərbaycanın ən örnək universitetlərindəndir”. Hər bir universitetin təhsilin səviyyəsi və alimlərinin elmi fəaliyyəti ilə tanındığını diqqətə çatdıran alim, UNEC-in çoxsaylı elmi tədbirlərə, o cümlədən Türk dünyasının tanınmış Nobel mükafatçısı Aziz Sancar kimi alimlərin iştirakı ilə beynəlxalq konfranslara ev sahibliyi etməsini yüksək qiymətləndirib.
Tanınmış riyaziyyatçı-alim tədbir iştirakçıları ilə elmi-tədqiqatların aparılması, nüfuzlu elmi jurnallarda məqalələrin çap edilməsi və qrant layihələrin hazırlanması istiqamətində təcrübəsini də bölüşüb. Elmi mühitin formalaşmasında nüfuzlu universitetlərin bir-biri ilə əlaqələrini genişləndirməsi, birgə konfrans və layihələr reallaşdırmasının vacibliyini bildirib.
Görüşdə professor M.Əfəndiyev müəllimləri maraqlandıran sualları cavablandırıb, “UNEC-100” İnkişaf Strategiyasının elmin inkişafı ilə bağlı planının hazırlanmasına dəstək göstərilməsi barədə təklifi məmnuniyyətlə qəbul edib.
Dünyanın aparıcı jurnalların redaksiya heyətinin üzvü və baş redaktoru olan Məsud Əfəndiyevin baş redaktorluğu ilə UNEC-də “Web of Science” bazasına daxil ediləcək, texniki və texnoloji ixtisaslar üzrə elmi jurnalın təsis edilməsi barədə razılıq əldə olunub. Eyni zamanda alim həmin istiqamət üzrə təhsil alan UNEC-in bir doktorantına elmi rəhbərlik etməyi də öz üzərinə götürüb. M.Əfəndiyev UNEC-in müəllimlərinin Almaniyada tədqiqat aparmaları üçün dəstək göstəriləcəyini də bildirib.