Ümumi təhsil müəssisələrində informatika müəllimləri üçün seminarlar keçirilib.

 

Təlimə Dəstək Mərkəzi tərəfindən təşkil olunmuş seminarların əsas məqsədi informatika fənninin tədrisi prosesində müasir təlim texnologiyalarından istifadə, dərs planlaşdırması, informatika müəllimlərinin bilik və bacarıqlarının artırılması, dərs prosesinin daha yaxşı təşkilinə dair zəruri məlumatları çatdırmaqdan ibarətdir.

 

Paytaxtın 12 inzibati rayonu üzrə təşkil olunmuş seminarlarda 450 informatika müəllimi iştirak edib. Seminarlarda informatika fənninin tədrisi zamanı dərsin düzgün istiqamətdə qurulması, müvafiq təlim forma və üsullarının məqsədəuyğun şəkildə seçilməsinin tədrisin keyfiyyətinə təsiri, qiymətləndirmədə müxtəlif üsul və vasitələrdən istifadə zamanı müəllimlərin qarşılaşdıqları problemlərin həlli yollarının müəyyənləşdirilməsi barədə söhbətlər aparılıb, müəllimlərə müvafiq tövsiyələr verilib.

 

Seminarların sonunda mövzu ətrafında müəllimlərlə fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilib.