Müsabiqə qalibləri mükafatlandırılıb
Dekabrın 20-də Fövqəladə Hallar Nazirliyinin Akademiyasında “Fövqəladə hallar uşaqların gözü ilə” VIII Respublika uşaq yaradıcılıq müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi olub.
Müsabiqə Təhsil və Fövqəladə Hallar nazirliklərinin birgə təşkilatçılığı ilə ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilib.
Mərasimdə təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, fövqəladə hallar nazirinin müavini Faiq Tağızadə, gənclər və idman nazirinin müavini İntiqam Babayev, YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbərinin müavini Min Yuan, mətbuat və ictimaiyyət nümayəndələri iştirak edib.
Cari ilin sentyabr-dekabr aylarında keçirilmiş müsabiqənin məqsədi uşaqlara təhlükəsiz həyat fəaliyyətinin əsaslarının öyrədilməsi, istedadlı uşaqların üzə çıxarılması və onlara dəstək verilməsi, yetişməkdə olan gənc nəslin vətənpərvərlik ruhunda tərbiyələnməsi, fövqəladə hal problemlərinə ictimaiyyətin diqqətinin yönəldilməsidir.
Respublikanın bütün şəhər və rayonlarının ümumtəhsil məktəblərinin iştirak etdiyi müsabiqə rəsm, plakat, əl işi, yanğın və qəza-xilasetmə texnikasının modeli, yumşaq oyuncaq nominasiyaları üzrə keçirilib.
Müsabiqənin respublika mərhələsinin qaliblərinin seçimi Təhsil, Fövqəladə Hallar nazirlikləri, Rəssamlar İttifaqı, Bəstəkarlar İttifaqı və Rəssamlıq Akademiyasının nümayəndələrindən ibarət münsiflər heyəti tərəfindən aparılıb.