Bakıda “Dayanıqlı İnkişaf Məqsədləri gənclər üçün” mövzusunda konfrans keçirilib


Dekabrın 20-də Bakıda “Dayanıqlı İnkişaf Məqsədləri gənclər üçün” mövzusunda konfrans keçirilib.

 

Əvvəlcə Dayanıqlı İnkişaf Məqsədlərindən bəhs edən videoçarx nümayiş olunub.

 

Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası katibliyinin rəhbəri Hüseyn Hüseynovun moderatorluğu ilə keçən konfransda çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov Dayanıqlı İnkişaf Məqsədlərinin əhəmiyyətindən danışıb. Bildirib ki, təhsil Dayanıqlı İnkişaf Məqsədləri arasında xüsusi yer tutur. Cəmiyyətin inkişafında təhsil böyük əhəmiyyətə malikdir. Lakin heç də bütün ölkələrdə təhsil üçün əlverişli şərait yoxdur. Azərbaycan dövləti təhsilə xüsusi əhəmiyyət verir. Ölkəmizdə təhsilin inkişaf etdirilməsi üçün ardıcıl işlər görülür.

 

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli dünyada Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı vəziyyətin heç də ürəkaçan olmadığını bildirib. O deyib ki, Azərbaycanda bu sahədə davamlı tədbirlər həyata keçirilir. Yoxsulluğun səviyyəsi beş faizə düşüb. Bu isə Azərbaycan dövlətinin Dayanıqlı İnkişaf Məqsədləri istiqamətində apardığı davamlı işlərin nəticəsidir. Ölkəmiz Minilliyin İnkişaf Məqsədlərinə qoşulub, bu sahədə xeyli uğurlarımız var.

 

Milli Məclisin deputatı Məlahət İbrahimqızı Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı qəbul edilən qərarların 30 faizdən çoxunun gənclərlə bağlı olduğunu bildirib. Buna görə də bu qərarların yerinə yetirilməsində gənclər fəal olmalıdırlar. Azərbaycanda uğurlu gənclər siyasəti həyata keçirilir. Gənclərimiz müxtəlif dövlət qurumlarında təmsil olunurlar.

 

YAP Gənclər Birliyinin sədri Seymur Orucov bu gün dünyada ibtidai təhsil ala bilməyənlərin əlli faizinin münaqişə zonalarının vətəndaşları olduğunu bildirib. Qeyd edib ki, bu gün Azərbaycanın ərazisinin 20 faizi işğal altındadır. Faktiki olaraq müharibə şəraitində yaşayırıq. Buna baxmayaraq ölkəmizdə ibtidai təhsil yaşına çatan bütün vətəndaşlarımız ibtidai təhsil alırlar. Bu, Azərbaycan dövlətinin həyata keçirdiyi sosial siyasətin nəticəsidir.

 

BMT-nin Azərbaycandakı nümayəndəliyinin Dayanıqlı İnkişaf Məqsədləri üzrə eksperti Delavar Barekzai deyib ki, gənclər Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi prosesinə fəal şəkildə qoşulmalıdırlar.

 

Konfrans müzakirələrlə davam edib.