Leyla İsmayılova 2019-cu ilin iyulundan vəzifəsinin icrasına başlayacaq
ABŞ-ın Çikaqo Universiteti rektorunun müvafiq sərəncamı ilə ölkənin ən reytinqli ali təhsil müəssisəsində çalışan azərbaycanlı tədqiqatçı Leyla İsmayılova bu universitetin Sosial Xidmətlər Məktəbinin assosiativ professoru (dosent) təyin edilib. L.İsmayılova 2019-cu ilin iyulundan vəzifəsinin icrasına başlayacaq. Professor L.İsmayılova beynəlxalq kontekstdə uşaqların rifahının yaxşılaşması üçün ailə tədbirlərinin işlənib hazırlanması və adaptasiyası sahəsində ixtisaslaşıb.
O, Afrika, Yaxın Şərq və keçmiş sovet respublikalarında beynəlxalq tədqiqat layihələrində iştirak edir. Onun iş təcrübəsinə həmçinin Nyu-Yorkda uşaq və ailə psixiatrik klinikalarında kliniki fəaliyyət, eləcə də Şimali Uqandanın müharibədən zərər çəkmiş rayonlarında zorakılığın qarşısının alınması və İordaniyada İraq qaçqınları üçün uşaqların inkişaf proqramlarının hazırlanması və həyata keçirilməsi də daxildir. Azərbaycanlı alimin tədqiqat proqramları psixi sağlamlıq fəaliyyətinin yaxşılaşdırılmasına və təhlükəli davranışların (seksual təhlükəli davranış və psixi aktiv maddələrin istifadəsi) azaldılması, uşaqlar və digər risk qruplarına aid gənclər arasında zorakılığın aradan qaldırılmasına hesablanmış mədəni tədbirlərin hazırlanmasına yönəlib.
Leyla İsmayılova 1995-ci ildə Bakı Dövlət Universitetinin sosial elmlər və psixologiya fakültəsini bakalavriat, 1999-cu ildə isə magistratura səviyyələri üzrə bitirib. Bir müddət psixoloji məsləhət mərkəzinin təsisçici və direktoru olub. Mərkəz müxtəlif emosional və davranış problemləri olan uşaqlara və ailələrə, yaşlılara məsləhət xidmətləri göstərən ilk psixi sağlamlıq klinikası kimi fəaliyyət göstərib.
L.İsmayılova 2002-2004-cü illərdə Kolumbiya Universitetinin magistraturasında, 2005-2009-cu illərdə isə doktoranturasında təhsil alaraq magistr (M.Sc.) və fəlsəfə doktoru (PhD) elmi dərəcələri alıb. 2006-2007-ci illərdə Nyu-York Psixiatriya İnstitutunda elmi tədqiqatçı kimi çalışıb. 2008-2009-cu illərdə Nyu-York Universitetində mühazirə deyib. 2009-2012-ci illərdə Kolumbiya və Nyu-York universitetlərində tədqiqatçı alim kimi fəaliyyət göstərib. 2012-ci ilin iyulundan bu vaxta kimi Çikaqo Universitetində çalışır. L.İsmayılova 790-dan artıq elmi məqalənin müəllifidir. Alimin Hirş əmsalı (elmi məqalələrə olunan istinadların ümumi sayı) 14, i10 indeksi (müəllifin qiymətləndirilməsi üçün elmmetrik göstərici) 21-dir.
Oruc MUSTAFAYEV