Təqdim olunan 76 məqalə toplu şəklində çap edilib


Dekabrın 19-da Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “Azərbaycanda iqtisadi islahatların həyata keçirilməsinin aktual problemləri” mövzusunda respublika elmi-praktikikonfransı öz işinə başlayıb. Konfransda Milli Məclisin üzvləri, aparıcı ali təhsil müəssisələrindən, elmi mərkəzlərdən, müxtəlif təşkilatlardan nümayəndələr, görkəmli alimlər iştirak ediblər.

          

Konfransı giriş nitqi ilə açan universitetin rektoru, professor Gülçöhrə Məmmədova  bu il ərzində AzMİU-da müxtəlif yönümlü beynəlxalq və respublika miqyaslı elmi konfransların keçirildiyini deyib və  bügünkü tədbirin əhəmiyyətini vurğulayıb. G.Məmmədova bildirib ki,  konfransın təşkil edilməsində məqsəd elmi mühitin milli iqtisadiyyatın inkişafının aktual problemlərinin tədqiqinə cəlb edilməsi, əldə olunmuş elmi nəticələrin paylaşılması və müzakirə edilməsi üçün platforma təqdim etməkdir.

               

Sonra konfrans plenar iclasda davam etdirilib. Milli Məclisin üzvü, millət vəkili Eldar İbrahimov “İqtisadi islahatlar inkişafın əsasıdır” mövzusunda məruzə  edib, Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətinin artırılması sahəsində görülən işlərdən danışıb.                   

       

“Azərbaycanın yeni iqtisadi inkişaf modeli”  adlı məruzə  ilə çıxış edən parlamentin üzvü Əli Məsimli qeyd edib ki, ölkənin sosial, iqtisadi inkişafını xarakterizə edən statistik məlumatların təhlili bu gün Azərbaycanda yeni, mükəmməl milli iqtisadi inkişaf modelinin formalaşdırıldığını göstərir.

             

Konfransda AMEA-nın Aqrar məsələlər üzrə müşaviri Qərib Məmmədovun “Müasir şəraitdə aqrar islahatların respublikamızın tərəqqisində rolu” adlı məruzəsi regionların iqtisadiyyatının əsasını təşkil edən kənd təsərrüfatının daha da inkişaf etdirilməsi üçün görülən işlər və son illərdə bu sahədə əldə olunan yüksək nailiyyətlərə həsr olunub.

              

Plenar iclasdan sonra konfrans öz işini bölmələrdə davam etdirib. Konfransa təqdim olunan 76 məqalə toplu şəklində çap olunub və qeydiyyat zamanı iştirakçılara təqdim olunub.Onu da qeyd edək ki, bugünkü konfrans texniki təmayüllü universitetlər arasında iqtisadi mövzuda keçirilən ilk elmi konfransdır.