ADPU yalnız pedaqoji təcrübənin müddətini uzatmayıb


Ölkəmizdə müəllim hazırlayan ən böyük ali təhsil müəssisəsi olan Azərbaycan Dövlət Pedaqoji Universiteti bu il pedaqoji təcrübənin müddətini 8 həftədən 14 həftəyə qədər uzadıb. Universitetdə pedaqoji təcrübələrlə bağlı digər yenilikləri öyrənmək məqsədilə ADPU-da və ali təhsil müəssisəsinin tələbələrinin təcrübədə olduğu bir sıra orta ümumtəhsil məktəbində olduq.

 

Universitetin tədris işləri üzrə prorektoru Eldar Aslanov bizimlə söhbətində bildirdi ki, kadr hazırlığının ən mühüm məsələlərindən biri istehsalat təcrübəsidir. Universitet rəhbərliyinin bu sahəyə xüsusi diqqət yetirdiyini deyən prorektor gələcək illərdə pedaqoji təcrübələrin daha da təkmilləşdiriləcəyini vurğuladı: “Pedaqoji kadr hazırlayan bir ali məktəb kimi bizim əsas vəzifələrimizdən biri ölkəmizin müasir təhsil çağırışlarına cavab verən, bilikli, savadlı, həmçinin bacarıqlı gənc mütəxəssislər yetişdirmək və təhsil sisteminə təqdim etməkdir. Bununla əlaqədar bu ildən başlayaraq universitet pedaqoji təcrübələrlə bağlı yeniliklərə imza atıb. Ötən illərdən fərqli olaraq bu il pedaqoji təcrübənin müddəti artırılıb. Yeni tədris planına əsasən, Pedaqoji Universitetdə bu ildən ilk dəfə olaraq 8-ci semestrdə 14 həftəlik pedaqoji təcrübə keçirlər. Əvvəllər pedaqoji təcrübə 3 və 4-cü kurslarda, hər birində 4 həftə həyata keçirilirdi. Bu il isə 4-cü kursun ikinci semestri bütövlükdə pedaqoji təcrübəyə həsr olunub. Burada məqsəd tələbələrin məktəb mühitinə daha çox alışması, bilik və bacarıqlarının artırılmasından ibarətdir. Bunun bir çox üstünlüyü var. Əvvəla, tələbə semestr imtahanını başa vurub rahat şəkildə təcrübəyə gedir. Fikirləşmir ki, qayıdanda qarşıda onu dərslər və imtahanlar gözləyir. Bu sistem həmçinin tələbəyə şərait yaradır ki, universiteti bitirən kimi müəllimlərin işə qəbulu imtahanlarına sərbəst şəkildə hazırlaşsın”.

 

Əvvəllər tələbə 4-cü kursda 4 həftə təcrübədə olduqdan sonra yenidən universitetə qayıdır, dərslərə davam edir və sonda semestr imtahanlarına hazırlaşırdı. Bu, onlarda əlavə stress yaradırdı. 

 

Ötən illərdən fərqli olaraq bu il universitet özünə daha sağlam təhsil mühiti olan tərəf-müqabilləri seçib. E.Aslanov bu il tələbələrin göndərildiyi məktəblərə, orada çalışan müəllimlərin səriştəliliyinə xüsusi diqqət yetirildiyini diqqətə çatdırdı: “Məktəb seçimi zamanı reytinqi yüksək olan məktəblərə üstünlük veririk. Tələbələr diaqnostik qiymətləndirmədə yüksək bal toplayan, fəxri ad almış müəllimlərin yanında təcrübə keçirlər. Digər bir məsələ isə qiymətləndirmə ilə bağlıdır. Hazırda təcrübədə olan tələbələrin qiymətləndirilməsi tam olaraq məktəblərdə aparılır. Lakin gələcəkdə bu qiymətləndirmənin bir hissəsinin universitetdə aparılmasını planlaşdırırıq. Pedaqoji təcrübə əsasında tələbələrin hazırlayacağı təqdimatların universitetdə xüsusi komissiya tərəfindən qiymətləndirilməsini nəzərdə tuturuq”.

 

Prorektor ötən illərdə pedaqoji təcrübədə əsas diqqətin sınaq dərslərinə yönəldiyini bildirir. Lakin indi sınaq dərsləri ilə yanaşı, tələbənin təcrübədə məktəbşünaslığı öyrənməsinə daha çox maraq göstərilir: “Belə ki, məktəb həyatı, məktəbin icması, valideynlərlə iş, sinif rəhbərinin vəzifələri, idarəçilik, pedaqoji kollektivlə iş və s. məsələlər də bizi daha çox maraqlandıran amillərdir. Axı gələcəyin müəllimləri məktəbdə dərs deməklə bərabər, həm də tədris ocağının idarə olunmasında da iştirak edəcəklər. Gələcəkdə pedaqoji təcrübə ilə bağlı digər yeniliklərin olması, pedaqoji təcrübənin səmərəliliyinin artırılması istiqamətində digər işlər görülməsi qarşımızda duran məsələlərdir. Düşünürük ki, pedaqoji təcrübənin müddətini daha da artıraq. Tələbələr təkcə 4-cü kursda deyil, aşağı kurslarda da məktəblə tanışlıq mərhələsini keçsinlər. Gələcəkdə nəzərdə tutduğumuz məsələlərdən biri də baza məktəblərinin sayının artırılmasıdır. Həmin baza məktəblərdə kafedralarımızın, belə deyək ki, filiallarını, kabinetlərini təşkil edək. Metodist müəllimlər həmin baza məktəblərində tədqiqatlarla məşğul olsunlar və tələbələr mütəmadi olaraq bu məktəblərlə sıx əlaqə qursunlar”.

 

ADPU-nun ibtidai təhsil pedaqogikası və metodikası kafedrasının baş müəllimi, 212 nömrəli tam orta məktəbdə pedaqoji təcrübə rəhbəri Gülşən Eminova bizimlə söhbətində bildirdi ki, daha çox tələbələrin siniflərə adaptasiya olunmasına, onların gələcəkdə bir peşəkar müəllim kimi formalaşmasına istiqamət verirlər. Təcrübəyə pedaqoq, psixoloq və müxtəlif ixtisaslar üzrə metodistlər cəlb olunub. Metodist müəllimlər təcrübə müddətində tələbələrə dərslərə hazırlıq mərhələsini, dərsin quruluşunu, qiymətləndirmə və digər məsələləri öyrədirlər. Psixoloqlar şagirdlərə fərdi yanaşma, hər hansı bir situasiyadan çıxış yolu və s. məsələlərdə tövsiyələr verir. Tələbələrin keçdiyi sınaq dərslərdən sonra metodistlərin iştirakı ilə dərsin müzakirəsi  aparılır.

 

ADPU-nun ibtidai təhsil pedaqogikası və metodikası kafedrasının dosenti Şahrza Ağayev pedaqoji təcrübədə əsas məqsədlərdən birinin də uğurla həyata keçirilən kurikulum islahatının praktik şəkildə reallaşmasını təmin etmək olduğunu dedi: “İllərlə təhsilimizin məzmunu hafizə məktəbi üzərində qurulmuşdur. Lakin indi hafizə məktəbindən təfəkkür məktəbinə keçid etmişik. Bu baxımdan təfəkkür məktəbi yeni təlim texnologiyalarının tətbiqini zəruri edir. Universitetdə tədris olunan mövzular standartlara müvafiq olaraq keçirilir. İndi biz bu standartlarda öyrəndiyimiz nəzəri bilikləri məktəbdə təcrübi biliklərlə həyata keçirməyə çalışırıq. Sevindirici haldır ki, tələbələrimiz təcrübələrə çox həvəslə gəlirlər. Ən gözəl cəhət isə tələbələr sınaq dərslərində standartların təlim məqsədində reallaşdırılmasına  nail olurlar. Bu, çox vacib amildir”.

 

ADPU-nun biologiya və onun tədrisi metodikası kafedrasının dosenti Həqiqət Hacıyeva da bu yeniliklərin çox səmərəli olacağını deyir: “Universitet üzrə pedaqoji təcrübə komissiyasının üzvüyəm. Hazırda 49 nömrəli tam orta məktəbdə təcrübə rəhbəriyəm. Pedaqoji təcrübə ilə bağlı uzun illər təcrübəm var. Əvvəllər 3-4-cü kurslarda təşkil olunan təcrübələr tələbələrin ixtisasa tam yiyələnməsinə mane olurdu. Çünki tələbələr bir ay təcrübədə olduqdan sonra yenidən dərsə başlayırdılar və imtahanlar barədə düşünürdülər. 14 həftəlik pedaqoji təcrübəyə keçməyimizin bir çox üstünlüyü var. Artıq onlar nəzəri biliklərə tam yiyələndikdən sonra təcrübəyə bir müəllim kimi gedirlər. Müddətin artması, düşünürəm ki, çox faydalı olacaq. Onlar təkcə sınaq dərsləri ilə kifayətlənməyəcəklər. Həmçinin məktəbdə baş verən proseslərlə yaxından tanış olacaqlar. Bu müddətdə tələbələr sinif rəhbərinin işini, proqramı yetirməyən şagirdlərlə işi dərindən öyrənəcəklər. Ən vacibi isə şagirdlərlə əməkdaşlığı öyrənəcək, məktəbin müəllim kollektivinin yaxın üzvü olacaqlar. Təcrübənin başlamasından iki həftə keçməsinə baxmayaraq, tələbələr artıq məktəbə qaynayıb-qarışıblar. Düşünürəm ki, 14 həftəlik pedaqoji təcrübədən sonra tələbələrimiz tam yetişmiş bir kadr kimi məktəblərdə əmək fəaliyyətinə başlaya bilər”.

 

Tələbələr də pedaqoji təcrübənin müddətinin artırılmasından razıdırlar. Türkan Əliyeva bizimlə söhbətində bildirdi ki, bu müddət ərzində məktəbin səriştəli, peşəkar müəllimlərinin dərslərində olublar: “Bundan başqa, metodistlərin bizlərə verdiyi tövsiyə və tapşırıqları dinlədik. Universitetdə əldə etdiyimiz nəzəri bilikləri təcrübi biliklərə çevirməyə çalışırıq. Doğrudan da, biz tələbələr təcrübədə olduğumuz müddətdə anladıq ki, məktəbdə öyrənəcəyimiz çox şey var. Açığı, təcrübəyə gəlmədən öncə belə düşünmürdüm. Fikirləşirdim ki, biliyim varsa, gedib rahat dərs deyə bilərəm. Lakin burada gördüm ki, yaxşı müəllim olmaq üçün təkcə nəzəri bilik kifayət etmir”.

 

ADPU-nun digər tələbəsi Aynur Rzaquliyeva məktəbə get-gedə alışdığını deyir. O, təcrübələrin onların gələcək karyeraları üçün çox səmərəli olacağını düşünür: “Pedaqoji təcrübədə olduğumuz müddətdə bizim üçün hər bir şərait yaradılıb. Çalışırıq ki, 14 həftəlik təcrübədən maksimum şəkildə yararlanaq. Bu, bizim gələcəkdə müəllim kimi fəaliyyət göstərməyimizdə ən vacib amillərdəndir. Təcrübənin gedişi də mənim bu qənaətdə olduğumu sübut edir. Belə ki, qısa müddətdə məktəbdə müəyyən təcrübə qazandıq. Məktəb mühitinə də demək olar ki, yavaş-yavaş alışırıq. Məktəbin kollektivi bizə çox mehriban münasibət göstərir. Bilmədiklərimizi onlardan öyrənməyə çalışırıq. Biri var nəyisə kənardan izləyəsən, biri də var prosesin içində olasan. Fikrimcə, biz prosesin içində nə qədər çox olsaq, gələcəkdə məktəbdə qarşılaşdığımız problemləri də asanlıqla həll edə bilərik”.

 

ADPU tələbələrinin təcrübə keçdiyi paytaxtın 45 nömrəli tam orta məktəbinin direktoru Nəcibə Axundova ilə də söhbətləşdik. O, pedaqoji təcrübənin məktəbdə keçirilməsinin səmərəliliyini pedaqoji təcrübə üçün yaradılan şəraitin əlverişliliyindən asılı olduğunu diqqətə çatdırdı. Bildirdi ki, 45 nömrəli məktəbdə bunun üçün əlverişli şərait, sağlam təhsil mühiti mövcuddur: “Çalışırıq ki, tələbələrə maksimum dərəcədə kömək göstərək, onlara dəstək olaq. Tələbələrin daha effektli biliklər əldə etməsi, müəllim kompetensiyalarına yiyələnmələri üçün biz məktəbin ən yaxşı müəllimlərini bu işə cəlb etmişik. Onların sınaq dərslərinin vaxtında, dolğun keçirilməsini təmin edirik. Kollektivimiz təcrübəçi tələbələrə bizimlə çiyin-çiyinə çalışan müəllim kimi yanaşır”.

 

Niyazi RƏHİMOV