Sənəddə bir sıra istiqamətlərdə qarşılıqlı maraq doğuran tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur
Dekabrın 17-də Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla İndoneziya nümayəndə heyəti ilə görüşüb.
Görüşdə ADU və İndoneziya Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb.
Sənəddə ali təhsil müəssisələri arasında əlaqələrin möhkəmləndirilməsi, birgə tədqiqatlar aparılması, tələbə və müəllim mübadiləsi, elmi-pedaqoji kadrların ixtisaslarının artırılması sahəsində əməkdaşlıq, birgə akademik konfransların keçirilməsi, elmi nəşrlərin hazırlanması və bir sıra başqa istiqamətlər üzrə qarşılıqlı maraq doğuran faydalı əməkdaşlığın həyata keçirilməsi nəzərdə tutulur.
Rektor K.Abdulla qonaqları universitetdə görməkdən məmnun olduğunu bildirib. Universitetlərarası geniş layihələrin həyata keçirilməsi üçün imkanlar yaratmağın vacib olduğunu deyən rektor faydalı qarşılıqlı münasibətlər qurulacağından əminliyini ifadə edib. İndoneziya Universitetində Azərbaycan dili və mədəniyyəti mərkəzinin açılması ilə bağlı böyük işlər görüldüyü üçün təşəkkürün bildirən rektor K.Abdulla ADU-nun indoneziyalı müəllim və tələbələrin üzünə daim açıq olduğunu vurğulayıb.
Dillər Universitetinin rektoru Azərbaycanın multikulturalizm sahəsində gördüyü işlərdən danışaraq bu istiqamətdə də birgə əməkdaşlığın mümkünlüyündən söz açıb. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Yay və Qış məktəbləri layihəsi haqqında danışan rektor indoneziyalı tələbələrin də orada iştirakını görməkdən şad olduğunu bildirib.
Səmimi qəbula görə ADU rəhbərliyinə təşəkkürünü bildirən İndoneziya Universitetinin Tədris işləri üzrə prorektoru, professor Bambanq Vibavarta təmsil etdiyi universitet haqqında məlumat verib. O, bildirib ki, İndoneziya Universitetində 14 fakültə, 2 institut fəaliyyət göstərir, 45 min tələbə təhsil alır. O, mövcud əlaqələrin, qarşılıqlı-faydalı əməkdaşlığın bundan sonra daha yüksək səviyyəyə çatacağına əminliyini ifadə edib. ADU-nun İndoneziya Araşdırmalar Mərkəzinin fəaliyyətinə göstərdiyi diqqətə görə rektora təşəkkürünü bildirən B.Vibavarta mərkəzin müxtəlif ədəbiyyat nümunələri ilə, tələbə-müəllim heyətinin konfranslarda iştirakının təmin olunmasında lazımi köməkliyi göstərəcəyini deyib.
Daha sonra qarşılıqlı əməkdaşlıq, tələbə və müəllimlərin təkmilləşməsi istiqamətində aparılacaq işlər və gələcək perspektivlər müzakirə olunub.