Dekabrın 14-də Azərbaycan Texniki Universitetinin (AzTU) İdman Sarayında I Karyera Sərgisi təşkil olunub. Azərbaycan Texniki Universiteti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən sərgidə 70-dən çox şirkət tələbə və məzunlara, ümumilikdə, 267-dən çox vakansiya üzrə iş yerlərini təklif edib. “Karyerada ilk addım” suarı altında keçirilən sərgidə SOCAR, Bakı Metropoliteni, “Azərişıq”, “Azərsell”, “Baksell”, “Nar”, “Azərsun” Holdinq, “Gilan” Holdinq, Sumqayıt Texnologiya Parkı və digər dövlət və özəl şirkətlər iştirak edib. 1500-dək tələbə və məzunun iştirak etdiyi sərgi böyük maraqla qarşılanıb.
Azərbaycan Texniki Universitetinin rektor əvəzi, professor Xalq Yahudovun sözlərinə görə, universiteti cari ildə bakalavriat və magistratura səviyyələrində 2450 tələbə bitirəcək. "Təbii ki, məzunlarımızın işlə təmin olunması həmişə universitet rəhbərliyinin diqqət mərkəzindədir. Buna görə də vaxtaşırı, demək olar ki, hər il bu cür əmək yarmarkaları, yaxud karyera sərgiləri təşkil olunur. Bizim tələbələrimizin istehsalat müəssisələri, müxtəlif şirkətlərin nümayəndələri ilə görüşləri keçirilir",-deyə rektor əvəzi bildirib.
Sərginin əhəmiyyətindən danışan rektor əvəzi ali məktəbdə tələbələr üçün mütəmadi təlimlər, şirkət rəhbərləri, müxtəlif müəssisələrin insan resursları üzrə mütəxəssisləri ilə görüşlər təşkil edildiyini qeyd edib. Sərginin gənclərin karyera qazanmaları üçün böyük əhəmiyyət kəsb etdiyini deyən rektor əvəzi onlara uğurlar arzulayıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Xidmətinin rəis müavini Şahbaz Xələfov qeyd edib ki, sərginin əsas məqsədi Azərbaycan ali məktəb tələbələrini işəgötürən təşkilatlarla əlaqələndirmək və gənclərin ixtisas sahələri üzrə təklif olunan vakansiyalarla tanış etməkdir. Onun sözlərinə görə, sərgidə iştirak edən müəssisələrin əksəriyyəti texniki istiqamətlər üzrə vakansiyalar təklif edir. Əmək yarmarkasında əsas məqsəd vətəndaşların məşğulluğunun təmin olunmasıdırsa, karyera sərgisində başlıca məqsəd gənclərin əmək bazarına inteqrasiyasıdır. İndiyə qədər Bakıda keçirilən karyera sərgilərində 2 minədək gəncin CV-si qəbul edilib və onlardan 150 nəfərdən çoxu işlə təmin olunub. "Məqsəd odur ki, gənclər sərgidə iştirak edən müəssisələrlə gələcəkdə əlaqə qura bilsinlər. Söhbət gənclərin həm də hər hansı məşğulluq idarələrinin köməyi olmadan işəgötürən müəssisələrə birbaşa müraciət edə bilməsini təmin etməkdir".
Sərgidə şirkət nümayəndələri təmsil olunduqları müəssisələrdəki vakansiyalar haqqında ətraflı məlumat veriblər. Gənclər şirkət nümayəndələrinə CV-lərini təqdim ediblər.
Qeyd edək ki, tələbələrə məşğulluq, iş, təcrübə imkanları təklif edən sərginin məqsədi gələcək mühəndislərə, ali məktəb məzunlarına müxtəlif şirkətlərin insan resursları üzrə mütəxəssisləri ilə peşəkar ünsiyyət qurmaq şəraitinin təmin olunmasıdır.
Oruc MUSTAFAYEV