Birinci sinfə elektron sistem vasitəsilə şagird qəbulu məktəblər və müəllimlər üçün sağlam rəqabət mühiti də yaradır


Artıq dördüncü ildir ki, Bakı məktəblərinin birinci sinfinə qəbul elektron qaydada həyata keçirilir. Bu ildən, yəni 2018-ci il mart ayının 12-dən Gəncə və Sumqayıt şəhərlərində, o cümlədən Abşeron rayonunda da qəbulun elektron qaydada keçirilməsinə başlanılıb. Bununla da elektron qəbul məktəblərdə birinci sinfə qəbulun 40 faizini əhatə edir. Əhatə dairəsinin genişləndirilməsi tezliklə bütün ölkə ərazisində qəbulun elektron qaydada reallaşdırılacağından xəbər verir.

 

Həm qanunvericiliyin, həm də dövrün tələbi

 

Məlumat üçün qeyd edək ki, elektron xidmət  “Açıq hökumətin təşviqinə dair Milli Fəaliyyət Planı”nın, “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli Fərmanının tələblərinə uyğun həyata keçirilir. Yəni, bu, həm qanunvericiliyin, həm də dövrün tələbidir.

 

Digər tərəfdən, əhaliyə göstərilən bu elektron xidmətin dairəsinin genişləndirilməsi şagird kontingentinin uçot sisteminin təkmilləşdirilməsi məqsədi daşıyır. I sinfə şagird qəbulu üzrə müraciətlərin elektron qeydiyyat sistemi bu prosesin sadələşdirilməsinə xidmət edir.

 

Bu yenilik şəffaflığın təmin edilməsi, vaxt itkisinin aradan qaldırılması, cəmiyyətdə informasiya texnologiyalarından istifadə mədəniyyətinin formalaşması baxımından olduqca əhəmiyyətlidir.

 

Elektron qeydiyyat

 

Görək elektron sistem nədir? Bu sistemlə ərizə necə qeydiyyatdan keçirilir?

 

Beləliklə, məktəb yaşına çatmış uşağı olan ailələrdə valideyn övladının hansı məktəbə qoyulacağına qərar verdikdən sonra kompüter arxasına əyləşərək məktəbi, sinfi, müəllimi, hətta təlim dilini seçir və elektron ərizəsini qeydiyyatdan keçirir. Sonra “Şəxsi kabinet”indən elektron ərizəsini çap edərək, elektron sorğu yerləşdirdiyi məktəbə tələb olunan digər sənədlərlə birgə təqdim edir.

 

Bakı, Sumqayıt və Gəncə şəhərləri, Abşeron rayonu üzrə ərizələrin onlayn qeydiyyatı artıq başlayıb. Bakıda fevral ayının 22-dən, Abşeron rayonu, Gəncə və Sumqayıt şəhərlərində isə martın 12-dən start götürən proses bu il sentyabrın 15-dək onlayn davam edəcək. Ancaq valideynlər bəzi ayrıntılarda diqqətli olmalıdırlar. İyun ayının 14-dək elektron qeydiyyata alınan ərizələr üzrə sənədlər iyunun 20-dən gec olmayaraq məktəbə təqdim olunmalıdır. Əks halda, həmin ərizələr sistemdən silinir və təkrar qeydiyyat imkanı yaradılır. İyunun 15-dən sonra elektron ərizəsi qeydiyyata alınan şəxslər üçün sənədlərin məktəbə təqdim olunma müddəti iyul ayı istisna olmaqla, sentyabrın 18-də başa çatır.

 

Unutmayın, valideynin, yaxud qanuni nümayəndənin uşağın məktəbə qəbul olunması barədə müvafiq qəbz almasından sonra məktəbə yerləşdirilmə başa çatır.

 

Bu sistem bizə nə verəcək?

 

Gördüyünüz kimi, elektron sistem vasitəsi ilə ərizələrin qeydiyyatdan keçirilməsi və məktəbə qəbul prosesi olduqca sadə və asandır. Valideyn kompüter arxasına əyləşərək övladı üçün məktəbi, müəllimi, hətta sinfi belə rahatlıqla seçir. Yəni, əhatə dairəsi genişləndirilməkdə olan elektron qəbul ilk növbədə valideynlərin rahatlığına, vətəndaş məmnuniyyətinə xidmət edir.

 

Sistemin məktəblər üçün də əhəmiyyəti böyükdür. Sinif və şagirdlərin komplektləşdirilməsi işi daha optimal həyata keçirilir. Bəzi məktəblərin həddən artıq yüklənməsi, bəzilərində isə şagird azlığı problemi aradan qaldırılır.

 

Üçüncüsü, şagird qəbulu prosesində əvvəlki illərdə müşahidə olunan neqativ halların qarşısı alınır. Subyektivlik halları aradan qalxır. Birinci sinfə qəbulda vahid və düzgün yanaşma ortaya qoyulur.

 

Xırda narazılıqlar böyük işi necə kölgədə qoyur?

 

Maraqlıdır ki, ilk növbədə valideynlərin rahatlığına, vətəndaşların məmnunluğuna hesablanmış bu addım heç də birmənalı qarşılanmır. Ortaya çıxan xırda problemlərdən qaynaqlanan “böyük” narazılıqlar prosesin əhəmiyyətini az qala kölgədə qoyur. Evdə resursların olmaması, valideynlərin kompüter biliklərinin zəifliyi və başqa səbəblərdən elektron ərizələrin qeydiyyatında yaranan narahatlıqlardan başqa, mikroərazi prinsipinin tətbiqi ilə bağlı da problemlər ortaya çıxır. Bu da problemlərin səbəbini elektron sistemə keçiddə axtaranlara narazılıq üçün fürsət verir.

 

Əslində isə elektron sistemə keçiddə 3 illik təcrübə onun tətbiqinin  təkmilləşdirilməsinə imkan verib. Valideynlərin hər hansı problemlə qarşılaşmamaları üçün bütün tədbirlər görülüb.

 

Evdə resurslar yoxdursa...

 

Məsələn, ailələrin hamısında kompüter və ya internet olmaya bilər. Bu məqam elektron qəbul sisteminin tətbiqində nəzərə alınıb. Belə ki, valideyn və ya qanuni nümayəndə özü hər hansı səbəbdən www.mektebeqebul.edu.az saytına daxil olaraq  onlayn qeydiyyat apara bilmirsə, Alternativ Qeydiyyat Mərkəzlərinə müraciət edə bilərlər. Abşeron rayonu, Bakı, Sumqayıt və Gəncə şəhərləri üzrə I sinfə elektron sistem vasitəsilə ərizələrin qeydiyyatı məsələlərində məhz vətəndaşlara kömək göstərilməsi məqsədilə müəyyənləşdirilmiş 66 məktəbdə Alternativ Qeydiyyat Mərkəzləri fəaliyyət göstərir. Alternativ Qeydiyyat Mərkəzləri fəaliyyət göstərən məktəblər elə seçilib ki, hər bir vətəndaş rahat şəkildə onların xidmətindən yararlana bilsin. Məsələn, Bakıda bir rayon daxilində 4-5 Alternativ Qeydiyyat Mərkəzi fəaliyyət göstərir. Digər rayon və şəhərlərdə də bu amil nəzərə alınıb.

 

Səbail rayonu üzrə 7, 163, 236 nömrəli, Nizami rayonu üzrə 12, 129, 145, 214 nömrəli, Nəsimi rayonu üzrə 19, 44, 247 nömrəli, Yasamal rayonu üzrə 18, 21, 60 nömrəli, Nərimanov rayonu üzrə 57, 82, 177 nömrəli, Xətai rayonu üzrə 17, 24, 116, 165, 191 nömrəli, Sabunçu rayonu üzrə 69, 74, 75, 78, 128, 130, 170 nömrəli, Suraxanı rayonu üzrə 84, 270, 279, 285, 315 nömrəli, Qaradağ rayonu üzrə 110, 180, 195, 228, 274, 288 nömrəli, Xəzər rayonu üzrə 117, 120, 156, 181, 234 nömrəli, Pirallahı rayonu üzrə 235 nömrəli, Binəqədi rayonu üzrə 83, 102, 182, 297, 313 nömrəli tam orta məktəblərdə fəaliyyəti təşkil edilən Alternativ Qeydiyyat Mərkəzləri Bakı şəhər sakinlərinin ixtiyarındadır. Bu məqsədlə Gəncə şəhərində 10, 16, 25, 27, 32 nömrəli tam orta məktəblər, Sumqayıt şəhərində 6, 16, 23, 28 nömrəli tam orta məktəblər, Abşeron rayonu üzrə Xırdalan şəhəri 4 nömrəli və 6 nömrəli, Masazır kənd 3 nömrəli, Mehdiabad kənd 3 nömrəli, Qobu qəsəbəsi 1 nömrəli, Saray qəsəbə 3 nömrəli tam orta məktəblər nəzərdə tutulub.

 

Mikroərazi prinsipi: nədən narazıyıq?

 

Bakı şəhərində mikroərazi prinsipinin tətbiq edilməsi, hətta lisey və gimnaziyalara qəbulda belə bu prinsipin tanınması təbəqələşməyə, məktəblərdə qruplaşmalara, aztəminatlı ailələrin bəzi məktəblərə yaxın düşə bilməməsi kimi formalaşmaqda olan təsəvvürlərə kökündən zərbə vurdu. Sosial fərqləri aradan qaldırmağa yönələn bu addım hər uşağın evinin yaxınlığındakı məktəbə getmək hüququ olduğunu cəmiyyətə xatırlatdı.

 

Düzdür, ötən il müşahidə olunan bəzi faktlar göstərdi ki, bu islahat bütün təhsil müəssisələrində birmənalı qəbul edilmədi. Hətta bir sıra təhsil müəssisələri xidməti ərazidə yaşayanların qəbulunda bəzi əngəllər də yaratmağa çalışdı. Məsələn, lisey və gimnaziyalarda ərazi prinsipi ilə sözügedən təhsil müəssisəsinə qəbul olunan uşaqların qarşısına müsabiqə tələbi qoyuldu. Bu cür məsələlər bu il də ortaya çıxa bilər. Belə faktların olmaması üçün ilk növbədə valideynlər diqqətli olmalıdır. Elə götürək qeydiyyat prosesini. Valideyn bilməlidir ki, prosesi düzgün həyata keçiribsə, sistem avtomatik olaraq onu qeydə alır, yaxud İşçi Qrup 3 gün ərzində həmin valideynin müraciətinə baxaraq, onun xeyrinə qərar verir. Burada əsas məsələ valideynin səhv etməməsidir. Tutaq ki, hər hansı lisey və ya gimnaziyanın xidməti ərazisində yaşayan valideyn “müsabiqəyə yazıl” düyməsini seçibsə, bu, onun özünün yaratdığı problemdir. Yaxud ola bilər ki, valideyn yaşayış yerinin onun arzuladığı məktəbin xidməti ərazisində olduğunu düşünür. Halbuki onun ünvanı həmin xidməti ərazidə deyil. Belə vəziyyət anlaşılmazlıqlara və bu səbəbdən doğan narazılıqlara meydan açır.

 

Xidməti ərazi məsələsi nisbətən mürəkkəb olduğundan onun müəyyənləşməsində bəzən çaşqınlıqlar, anlaşılmazlıqlar ortaya çıxır. Çox vaxt valideynlərlə məktəb arasında problemlər də məhz bu məsələdən qaynaqlanır. Qeyd etməliyik ki, məktəblərin xidməti ərazilərini sadəcə Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Təhsil Nazirliyi müəyyən etmir. Rayon icra hakimiyyətlərinin nümayəndələri ilə birgə həyata keçirilən müəyyənləşdirmə zamanı mikroərazidəki 6 yaşlı uşaqların sayı və məktəb rəhbərliyinin rəyi əsas götürülür. Odur ki, ilk növbədə yaşayış yerinin müəyyən olunmuş xidməti ərazisində yerləşən təhsil müəssisəsini seçmək lazımdır. Əgər digər ərazidəki bir məktəbi seçmisinizsə və sizin seçdiyiniz məktəbə I sinfə qəbul üzrə mikroərazi prinsipi tətbiq olunursa, bu halda qaydaların tələblərinə əməl etməkdən başqa çıxış yolunuz qalmır. Əgər yaşayış yerinizə ən yaxın ərazidə yerləşən təhsil müəssisəsini seçərkən belə, yenə də sistemdə övladınızın müsabiqəyə cəlb edilməsi tələbi qoyulursa, rahat şəkildə Bakı Şəhəri üzrə Təhsil İdarəsinə və Təhsil Nazirliyinə müraciət edə bilərsiniz. Əmin olun ki, hüququnuz tanınacaqdır.

 

Qeyd edək ki, bölgələrdə mikroərazi prinsipi olmadan süni, yoxsa həqiqi sıxlıq olduğunu aydınlaşdırmaq məqsədi ilə Abşeron rayonu, Sumqayıt və Gəncə şəhərlərində mikroərazi prinsipi tətbiq olunmur. Yalnız Bakı şəhərinin bir sıra məktəblərində I sinfə qəbul ərazi prinsipi əsasında aparılır. Qeyd edək ki, mikroərazi prinsipi tətbiq edilən məktəblər paytaxt üzrə ümumi təhsil müəssisələrinin 10 faizindən də azdır.

 

Hamının istədiyi məktəbdə təhsil almaq hüququ təmin edilir

 

Daha böyük problemlərin həllinə böyük ümidlər yaradan bu islahat - ərazi prinsipinin tətbiqi heç valideynlər tərəfindən də birmənalı qarşılanmayıb. Xüsusən, bu il daha çox səslənən “Niyə uşağımı istədiyim məktəbdə oxutdura bilmirəm?” və buna bənzər suallarla narazılıq edənlərə də rast gəlinir. Halbuki bu qərar heç kəsin hüququnu məhdudlaşdırmır. Yetər ki, birinin hüququnun təmin edilməsi başqasının hüququnun tapdalanması ilə nəticələnməsin. Yəni, valideynin övladı üçün arzuladığı məktəb yaşadığı ərazidə deyilsə, bu o deməkdir ki, həmin valideyn məktəbin xidməti ərazisində yaşayanların uşaqlarının yerləşdirilməsini gözləməli olacaq. Ərazi prinsipi ilə şagirdlərin qəbulu başa çatdıqdan sonra boş yer qalarsa, başqa ərazidə yaşayan valideynlər də uşaqlarını həmin məktəbə yerləşdirə bilərlər.

 

Məktəbəhazırlıqda oxuyanlara üstünlük

 

Ölkə ərazisində 5 yaşlı uşaqların məktəbəhazırlıq qruplarına cəlb olunması prosesi sürətlənib. Bu il beşyaşlıların artıq 65 faizini əhatə edən məktəbəhazırlıq bir çox məsələdə olduğu kimi, birinci sinfə qəbulda da valideynlərin işini asanlaşdırıb. Məsələ bundadır ki, məktəbəhazırlıq qruplarında komplektləşdirilmiş siniflərin I sinifdə də eyni müəllimə həvalə olunması nəzərdə tutulub. Bu qərar verilərkən məhz məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların valideynlərinin istəyi nəzərə alınıb və 2017-2018-ci tədris ilində məktəbəhazırlıq qruplarında dərs deyən, 2018-2019-cu tədris ilində I sinifdə tədris aparması planlaşdırılan müəllimlərin dərs dediyi siniflərə şamil olunub. Beləliklə, məktəbəhazırlıq qrupunda təhsil alan uşaq üçün sistem tərəfindən təhsil aldığı məktəb və müəllim avtomatik seçilir. Yəni, məktəbəhazırlıqda oxuyarkən uşaqlara şəxsi iş açılır və belə uşaqların birinci sinfə qəbulu üçün valideynlərindən sadəcə elektron ərizəni çap edərək məktəbə təqdim etmək tələb olunur. Valideyn sistemin seçimi ilə razıdırsa, şəxsi kabinetdən ərizəni çap edib, digər müvafiq sənədlərlə birgə məktəbə təqdim edir. Razı deyilsə, şəxsi kabinetə daxil olaraq yerləşdirilmiş sorğunu silib, yenidən məktəb və müəllim seçir. Beləliklə, növbəti tədris ili üzrə Bakı, Sumqayıt və Gəncə şəhərləri, eləcə də Abşeron rayonu üzrə məktəbəhazırlıq qrupuna cəlb olunmuş 30 mindən çox uşaq avtomatik olaraq birinci sinfə qəbul üçün qeydiyyatdan keçirilib.

 

Problem yaranarsa...

 

Elə isə, heç yerə getmədən, məktəblərdə saatlarla vaxt itirmədən, sadəcə kompüter arxasında oturaraq övladının təhsil alacağı təhsil müəssisəsini, müəllimi seçən valideyn nədən narazıdır? Əvvəllər məktəblər özünün bir müsabiqə mexanizmini tətbiq edir, valideynləri get-gələ salırdı. Subyektiv amillərə əsaslanan tələblər irəli sürülürdü. Narazılıq və narahatlıqlar yaradılırdı. Bəlkə valideynlər yenə bu sistemi arzulayır? İnanmaq çətindir. Axı, elektron sistemin tətbiqindən sonra valideynə hər hansı əlavə tələb irəli sürülmür və haqqı olan təhsil hüququ təmin edilir. Bu deyilənlərlə bağlı hər hansı problem yaranarsa, valideynlər bütün hallarla bağlı şəhər və rayon ərazisində fəaliyyət göstərən Apelyasiya Komissiyasına müraciət edə bilərlər. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (012) 599-12-22 nömrəli telefonu (daxili: 6076; 6124), eləcə də  info@baku.edu.gov.az elektron poçt ünvanı, Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzi (nömrə - 146) iş günü və saatlarında vətəndaşların xidmətindədir.

 

Gəncə Şəhər Təhsil İdarəsinin (022) 256-15-76 nömrəli telefonu, eləcə də ganja@edu.gov.az elektron poçt ünvanı vasitəsilə Gəncə şəhər sakinləri, Sumqayıt Şəhər Təhsil Şöbəsinin (018) 642-00-88 nömrəli telefonu, eləcə də  sumgayıt@edu.gov.az  elektron poçt ünvanı vasitəsilə Sumqayıt şəhər sakinləri, Abşeron Rayon Təhsil Şöbəsinin (012) 342 29 06 nömrəli telefonu, eləcə də absheron@edu.gov.az elektron poçt ünvanı vasitəsilə rayon ərazisində yaşayan valideynlər əlaqə saxlayaraq istənilən sorğusuna cavab ala bilərlər.

 

Əziz valideynlər, I sinfə qəbul üzrə hər bir yeniliyin yalnız sizin rahatlığınız və subyektiv amillərin aradan qaldırılması üçün olduğunu unutmayın. Dünyanın bir sıra inkişaf etmiş ölkələrində mövcud olan qaydaların Azərbaycanda da tətbiqi əlavə vaxt itkisinin qarşısını alır, məktəblər və müəllimlər üçün sağlam rəqabət mühiti yaradır, övladlarınızı hər hansı uzaq məktəbə getmək üçün saatlarla yol qət etməkdən azad edir. Sözün hər mənasında məktəbə gedən yolunuz yaxın və asan (elektron) olsun!

 

Ruhiyyə DAŞSALAHLI