ADMİU-da “Şöhrət” ordenli rəssamın yubileyi qeyd olunub
...Bu böyük düha sahibinin əsərlərinə həyəcansız baxmaq mümkün deyil. Sanki başqa bir dünyada hiss edirsən özünü. Bu, sadəcə bütün rəssamların əlində olan bir fırça möcüzəsi deyil, bu, hər biri bir simvolun tərənnümçüsü olan qara, ağ, göy, qırmızı, yaşıl və sair rənglərin qəhrəmanlıqları da deyil bu, dərin məna çalarlarının sıralandığı təsvirlərdə dünya şöhrətli bir rəssamın daxili zənginliyinin parlaq təcəssümü, aydın təfəkkürüdür, dil açıb danışır, tamaşaçını yel qanadlarında bam-başqa əsrarəngiz aləmlərə qovuşdurur. Yalnız ilahi hisslərlə cilalanmaqla, bu qədim el sənətinin sirlərinə dərindən yiyələnməklə, təbiətin hikmətini, onun dərin fəlsəfəsini duymaqla, yalnız göylə yer arasında Ulu Tanrının yaratdığı möcüzələrin mahiyyətini anlamaqla bu cür möhtəşəm əsərlər ərsəyə gətirmək olar. Dünya sərgilərində zaman-zaman sərgilənən bu əsərlərin qüdrəti bir də ondadır ki, onlarda milli üslub dünyəvi təsvirlə vəhdətdə təqdim olunur, necə deyərlər, müasirlik elementləri bütün qitələri, dinləri, dilləri doğmalaşdırır. Bir az da dərinə getsək azərbaycançılıq ideologiyası bu dünyaşöhrətli rəssamın sanballı əsərlərinin dərin çalarlarında xüsusi ustalıq və bacarıqla tərənnüm olunur.
...Haqqında ürəkdolusu çıxışlar səslənən bir dahi insanın - “Şöhrət” ordenli, görkəmli rəssam Arif Əzizin Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təntənəli şəkildə qeyd olunan 75 illik yubiley tədbirindəyik. YUNESKO yanında “Yeni Era” Beynəlxalq Rəssamlar Akademiyasının həqiqi üzvü, qurumun Bakı filialının prezidenti, Mərkəzi qərargahı Nyu-Yorkda yerləşən Beynəlxalq Reklam Assosiasiyasının üzvü, Azərbaycan Rəssamlar, Reklamçılar və Dizaynerlər İttifaqının üzvü, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kafedra müdiri, əməkdar incəsənət xadimi, professorun 75 illik yubileyinə həsr olunmuş sərgi universitetin tarixində ilk dəfə olaraq “ müəllim-tələbə” formatında təşkil olunmuşdu. Belə ki, sərgidə Arif Əzizin fərqli yaradıcılıq dövrlərini əks etdirən 10 əsəri ilə bərabər rəssamlıq fakültəsinin müxtəlif ixtisasları üzrə təhsil alan I kurs magistr tələbələrinin də əl işləri nümayiş olunurdu. Yubiley tədbirini universitetin rektoru, sənətşünaslıq üzrə elmlər doktoru, əməkdar incəsənət xadimi, professor Fərəh Əliyeva açaraq yubilyarın dərin və hərtərəfli yaradıcılıq məharəti tələb edən rəssamlıq sənətinə verdiyi misilsiz töhfələrdən bəhs edib. Bildirib ki, 40 ildən artıq Azərbaycan incəsənətində imzası ilə tanınan, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru Arif Əziz fəaliyyətində bədii yaradıcılıq ilə pedaqoji işi, üslub axtarışlarında ənənə və yeniliyi, fərdi manerasının formalaşmasında akademik məktəb və dövrün meyillərini birləşdirən şəxsiyyətdir. Arif Əzizin yaradıcılıq diapazonu dekorativ sənət, qrafika, rəngkarlıq, dizayn, teatr-dekor sənəti sahələrini əhatə etməklə ardıcıl şəkildə milli təsviri incəsənətimizin son yarım əsrdə keçdiyi tərəqqi yolunu özündə aydın və emosional tərzdə əks etdirir. Müasir səpgidə işləməsi, zamanın çağırışlarını duymaq, onun bədii nəbzini hiss edib, ətrafdakılara ötürmək, bilikləri ilə paylaşmaq, alicənablıq-sadalanan bu amillər artıq qırx yeddi ildir ki, tələbələrimizi cəlb edir, zənginləşdirir və dünyanı fərqli tərzdə ifadə etməsinə yol açır.
Rektor Fərəh Əliyeva yubilyar haqqında ürək sözlərini bitirdikdən sonra çıxış üçün söz Arif Əziz yaradıcılığının sehrinə düşən sənət yoldaşlarına, dostlarına və universitetin tələbələrinə verildi. Bütün çıxışlarda dünyaşöhrətli rəssamın zəngin yaradıcılıq potensialından, onun ərsəyə gətirdiyi bütün əsərlərə uzunömürlülük statusu qazandırdığından, öz sənətini sevimli tələbələrinə dərin məhəbbətlə mənimsətdiyindən bəhs olundu. Qeyd olundu ki, Arif Əzizin bir vaxtlar tələbəsi olan onlarla istedadlı rəssam hazırda bu sənətin sirlərini öz yetirmələrinə öyrədir, bu böyük sənətkardan əxz etdiklərini yeni nəslə ötürürlər.
Tələbələrinin sevimli müəllimləri Arif Əziz haqqında
Ləman Məmmədova: Xoşbəxtəm ki, Arif müəllim yubiley sərgisini bizlərlə bölüşdü. Mənim də əsərim nümayiş olundu. “Siluet” əsərimi Arif müəllimin emalatxanasında ərsəyə gətirmişəm. Geniş ürəkli, daim sənətini tələbələrinə sevdirən Arif müəllim! Bunun yalnız magistratura illərində deyil, bakalavr olduğum illərdə də şahidi olmuşam. Arif müəllim tələbələrinə qarşı həmişə ədalətli mövqe tutur, əsl dost kimi yanaşır, qayğısına qalır, ata kimi münasibət göstərir. Onun əsl məqsədi bizləri düşündürmək, bizdə olan potensialı üzə çıxarmaqdan ibarətdir. Tələbənin “özü”nü taparaq fərdi formalaşması Arif müəllim üçün önəmlidir.
Aysel Vəliyeva: Sehirli fırçası ilə gözə görünən dünyanın gözəgörünməz gözəlliklərini göz önünə sərən dəyərli Arif müəllim, bizə ağlı-qaralı dünyanı bərli-bəzəkli sevdirdiyinizə görə minnətdarıq. Daim fırçanız barmaqlarınızın ağuşunda, adınız böyük əsərlərin və uğurların imza köşəsində, ürəyiniz sevginin orbitində olsun.
Aydan Əliyeva: Görkəmli rəssamın tələbəsi olduğum üçün qürur duyuram. Onun sayəsində müasir üslubda rəsm çəkməyi öyrəndim. O, öz tələbələrinə həmişə dəstək olmuş, sərgilərini hazırlamaqda onlara kömək etmiş, onların tərtibatında iştirak etmişdir. Dəyərli Arif müəllim! Rəssamlığı bizə fərqli tərəfdən göstərdiyiniz üçün böyük minnətdaram. Sizə cansağlığı, uzun ömür arzulayıram.
Sifai SƏFƏROVA