Ölkəmizin Tacikistandakı səfirliyi tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə əlaqədar inşa müsabiqəsi elan edilib. Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, müsabiqə Azərbaycan Xalq Cümhuriyyətinin tarixi, onun regiondakı və beynəlxalq miqyasdakı siyasi münasibətləri və digər mövzuları əhatə edib.

 

Ölkəmizin Tacikistandakı səfiri Həsən Məmmədzadə müsabiqənin iştirakçılarının bir qismi ilə görüşüb.

 

Görüşdə ölkəmizin tarixi, mədəniyyəti barədə məlumat verən səfir Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasından, onun xalqımızın tarixində buraxdığı silinməz izlərdən, milli dövlətçilik ənənələrimizin bərpasındakı və gənc nəsildə vətənpərvərlik ideyalarının formalaşmasındakı böyük rolundan ətraflı danışıb.

 

Sonra iştirakçılar yazdıqları inşalar barədə məlumat veriblər. Yazılarda 1918-ci il mayın 28-də Azərbaycanın müstəqilliyini bəyan edən İstiqlal bəyannaməsindən, Azərbaycan Xalq Cümhuriyyətinin müsəlman Şərqində ilk parlamentli respublika olmasından, Cümhuriyyətin yaradıcılarının misilsiz xidmətlərindən bəhs olunub.

 

Sonda müsabiqənin qaliblərinə diplom və mükafatlar təqdim olunub.