Cümhuriyyətin 100 illiyinə həsr olunmuş tamaşa Rus Dram Teatrında nümayiş olunub
Dekabrın 4-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) SABAH qrupları tələbələrinin ifasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilmiş “Hərə bir qəhrəman” tamaşası nümayiş olunub.
Tamaşanın nümayişində təhsil naziri Ceyhun Bayramov, millət vəkilləri, universitet rektorları, tanınmış ziyalılar, KİV təmsilçiləri iştirak ediblər.
ADMİU-nun rektoru Ceyran Mahmudova çıxış edərək iştirakçıları salamlayıb və tamaşa haqqında qısa məlumat verib. Bildirib ki, tamaşasını hazırladıqları pyes yazıçı Qan Turalı tərəfindən məxsusi olaraq SABAH qrupları üçün yazılıb. Tamaşanın nümayişi ilə Prezident İlham Əliyev cənablarının məlum sərəncamına əsasən bütün ölkədə qeyd edilən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi yubileyinə universitet olaraq öz töhfələrini vermək istəyiblər. Tamaşa ilk dəfə SABAH qruplarının festivalında nümayiş olunub. Tamaşada çıxış edən tələbələr haqqında xoş sözlər deyən rektor bildirib ki, cəmi 3 il əvvələdək aktyorluq sənəti, səhnə haqqında heç bir təsəvvürləri olmayan bu gənclər universitetdə təhsil aldıqları muddətdə püxtələşib, müəllimləri ilə birgə çalışaraq müəyyən nailiyyətlər əldə ediblər. Ceyran Mahmudova onu da qeyd edib ki, belə tamaşalar universitetdə çox olur. Əslində bu tamaşalar SABAH qruplarının kurs işidir və payız, yaz semestrlərinin sonunda II kursun sonlarından başlayaraq bütün qruplar belə müxtəlif səpgili tamaşalar göstərirlər. Rektorun dediyinə görə, tamaşanın quruluşçu rejissoru Gümrah Ömər də SABAH qruplarının müəllimidir. Ümumiyyətlə , tamaşanın hazırlanması üzərindəki iş prosesində SABAH qruplarının bir çox müəllimi iştirak edib. Çıxışının sonunda tamaşaya gələn qonaqlara təşəkkürünü bildirən rektor SABAH tələbələrinə yaradıcılıq uğurları arzulayıb.
S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında nümayiş olunan tamaşanın bədii rəhbəri ADMİU-nun SABAH qruplarının rəhbəri Böyükxanım Məmmədbəyovadır. Tamaşada Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin III kurs SABAH qruplarının tələbələri Mirsənan Kazımlı, Ziya Ağa, Gövhər Şabanova, Fidan İsmayılova, Mətləb Abuşov, Elçin Əmirov, Toğrul Qasımov və başqaları çıxış ediblər.
Qan Turalının pyesi əsasında hazırlanmış “Hərə bir qəhrəman” tamaşasında Xalq Cümhuriyyətinin qurulmasında müstəsna xidmətləri olmuş 20 yaşlı millət vəkili Rəhim bəy Vəkilovun, Mədinə Vəkilovanın, həmçinin 23 yaşında Cümhuriyyətin ilk daxili işlər naziri təyin edilən Mustafa bəy Vəkilovun həyat hekayəsindən bəhs edilir.
Yaradıcı heyətin böyük ruh yüksəkliyi, tələbələrin obrazları peşəkar şəkildə canlandırmaları, aydın səhnə danışığı, eləcə də dinamika, geyimlər, dekorasiyanın bir-birini tamamlaması tamaşaçıların alqışları ilə qarşılanıb.
Yusif ƏLİYEV