Nazirlər Kabineti “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişikliklər barədə qərar qəbul edib. Qərara əsasən, regionlarda fəaliyyət göstərən 20 peşə təhsili müəssisəsinin bazasında 10 Dövlət Peşə Təhsil Mərkəzi yaradılıb.
Belə ki, Abşeron Binə Peşə Liseyi Aviasiya və Avtomobil Nəqliyyatı üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə birləşdirilib. 1 nömrəli Sumqayıt Peşə Liseyi və 10 nömrəli Sumqayıt Peşə Liseyi birləşdirilərək onların bazasında Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzi, 3 nömrəli Sumqayıt Peşə Liseyinin bazasında Xidmət Sahələri üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzi, Xaçmaz Peşə Məktəbi və Xaçmaz Peşə Liseyi birləşdirilərək onların bazasında Xaçmaz Dövlət Peşə Təhsil Mərkəzi, Lerik Peşə Məktəbi və Lənkəran Peşə Liseyi birləşdirilərək onların bazasında Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi, Cəlilabad Peşə Məktəbi və Cəlilabad Peşə Liseyi birləşdirilərək onların bazasında Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzi, Ağstafa Peşə Məktəbi, Vüqar İdris oğlu Süleymanov adına Qazax Peşə Liseyi və Tovuz Peşə Liseyi birləşdirilərək onların bazasında Tovuz Dövlət Peşə Təhsil Mərkəzi, 1 nömrəli Şəki Peşə Məktəbi və 2 nömrəli Şəki Peşə Məktəbi birləşdirilərək onların bazasında Şəki Dövlət Peşə Təhsil Mərkəzi yaradılıb.
O cümlədən, 1 nömrəli Balakən Peşə Məktəbi və 2 nömrəli Balakən Peşə Məktəbi birləşdirilərək onların bazasında Balakən Dövlət Peşə Təhsil Mərkəzi, 2 nömrəli Ağdam Peşə Məktəbi və 4 nömrəli Ağdam Peşə Məktəbi birləşdirilərək onların bazasında Ağdam Dövlət Peşə Təhsil Mərkəzi, 1 nömrəli Füzuli Peşə Məktəbi və 2 nömrəli Füzuli Peşə Məktəbi birləşdirilərək onların bazasında Füzuli Dövlət Peşə Təhsil Mərkəzi təşkil edilib.
Peşə təhsili müəssisələrinin rasionallaşdırılması “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”nə uyğun həyata keçirilir. 2016-2017-ci illərdə Bakı, Gəncə şəhərlərində və Qəbələ rayonunda 34 peşə təhsili müəssisəsinin bazasında 14 Peşə Təhsil Mərkəzi yaradılıb.