“Bilik əsaslı iqtisadiyyata keçid: Potensial imkanlar” forumu keçirilib


“Dünyadakı qloballaşma milli iqtisadiyyatlara öz təsirini göstərir. Bu təsir həm müsbət, həm də mənfi ola bilər. Müsbət təsiri şərtləndirən ən vacib amillərdən biri həmin ölkələrdə təhsilin və elmin inkişaf səviyyəsidir. Azərbaycan Dövlət İqtisad Universitetində bizim yanaşmamız ondan ibarətdir ki, təhsilin keyfiyyətinin artırılması burada həyata keçirilən və həyata keçirilə biləcək tədqiqatların səmərəliliyinin artırılması real sektorla əməkdaşlıqdan keçir. Sirf nəzəri konstruksiyalara əsaslanan təhsil fundamental əhəmiyyətini itirib. Yalnız praktikaya söykənən təlim də artıq o qədər faydalı deyil. Daha faydalı olan bunların sintezi əsasında vərdişlərə əsaslanan təhsilin təşkilidir”. Bu fikirləri Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Bilik əsaslı iqtisadiyyata keçid: Potensial imkanlar” forumunda universitetin rektoru Ədalət Muradov deyib.

 

Onun sözlərinə görə, bilik iqtisadiyyatının verə biləcəyi üstünlüklərdən yararlanmaq üçün ciddi işlər görülməlidir. Həmin işlərdən biri təhsil müəssisələri ilə real sektor arasında əməkdaşlıqdır: “Düşünürük ki, təhsil proqramlarımızın hazırlanmasında da real sektor iştirak etməlidir. İkinci ixtisas qrupu üzrə iş aparırıq. 16 mərkəzi icra hakimiyyəti orqanına, 60 iri şirkətə etmək istədiyimiz dəyişikliklərin layihəsini göndərmişik. Nəzərdə tutmuşuq ki, real sektorun nümayəndələri ilə birgə tədris proqramımız olsun. Universitet ayrı-ayrı işəgötürən üçün kadr hazırlamalı deyil. Hesab edirik ki, işəgötürənlərin tələbi vacib olsa da, ali təhsil müəssisələrinin kadr hazırlığında həlledici amil olmamalıdır. İşəgötürənin tələbinin bir sıra hallarda keyfiyyət tələblərinə uyğun olmaması, onun ali təhsil qarşısında qaldırdığı məsələlərin keyfiyyətsiz olması ilə nəticələnir. Ona görə də əmək bazarının müxtəlif seqmentlərinin təhlili aparılmalı, tələblərimizə cavab verən seqmentin tələbləri əsas  götürülməlidir”, - deyən Ə.Muradov rəhbərlik etdiyi universitetin hədəfini açıqlayıb: “Bizim önəm verdiyimiz məsələ məzunlarımızın işəgötürən olaraq bazara daxil olmasıdır”.

 

UNEC-in Bilik İqtisadiyyatı Konsepsiyasının hazırlanmasına dair qərar verildiyini bildirən rektor bu istiqamətdə mümkün təkliflər üçün İqtisad Universitetinin hazır olduğunu qeyd edib. UNEC-in iş dünyası ilə strateji əməkdaşlıq istiqamətlərindən biri “UNEC2B” platforması barədə məlumat verən rektor deyib ki, bu layihə çərçivəsində tədrisin əmək bazarının tələblərinə uyğunlaşdırılması, sahibkarlıq universiteti modelinin yaradılması və məzunlarının işlə təmin olunmasında birgə fəaliyyət təmin edilir. UNEC öz məzunlarının ixtisaslı kadr olmasına təminat verərək, onların bilik və bacarıqlarında işəgötürənin aşkar etdiyi mümkün boşluqları öz hesabına, əlavə təlim, hazırlıq vasitəsi ilə həyata keçirməyi öhdəsinə götürür.

 

Qeyd edək ki, sözügedən forum UNEC Beynəlxalq İqtisadiyyat Məktəbi (İSE) və Yüksək Texnologiyalar Parkının birgə əməkdaşlığı ilə təşkil olunub. Dövlət və özəl sektorun nümayəndələrinin qatıldığı tədbirdə Yüksək Texnologiyalar Parkının direktoru Tural Kərimli universitet-dövlət-sənaye əməkdaşlığının aktuallığından və mümkün perspektivlərindən bəhs edib. O, bilik iqtisadiyyatına keçidin məhz institusional, real və təhsil sektorunun birgə əməkdaşlığı ilə mümkün olacağını qeyd edib. Dünyada iri şirkətlərin öz laboratoriyalarının fəaliyyətini məhdudlaşdıraraq elmi bazalarını artıq təhsil müəssisələrinə keçirdiyini, texnologiyalar parklarının investisiya məkanından daha çox özəl sektorun aktiv iştirakçısına çevrildiyini bildirib.

 

Forumun ilk panelində bilik iqtisadiyyatı indeksinin kriteriyaları, bilik iqtisadiyyatı çərçivəsində U-D-S (universitet -dövlət-sənaye) modelinin tətbiqi mexanizmi, innovasiya ekosistemi və texnologiyanın transferi məsələləri müzakirə olunub. “Bilik İqtisadiyyatı İndeksinin kriteriyaları” mövzusu ətrafında UNEC “Beynəlxalq iqtisadiyyat (ingilisdilli)” kafedrasının müdiri Altay İsmayılov çıxış edib.

 

UNEC Emprik Tədqiqatlar Mərkəzinin direktoru Xətai Əliyev bilik iqtisadiyyatı konsepsiyası, bilik indeksi barədə ətraflı məlumat verib. Fikir mübadiləsi zamanı “Mediatürk” MMC proqramlaşdırma şirkətindən Emil Bəylərov qeyd edib ki, azərbaycanlı tələbə və ya yeni məzunlarla işləməkdənsə, Türkiyədən mütəxəssis çağırmaq onlara daha çox sərf edir: “Tələbə və ya məzunlar təcrübəsi olmadığı halda elə əməkhaqqı tələb edirlər ki, onlara həmin maaşı verməkdənsə, Türkiyədən mütəxəssis dəvət etmək daha sərfəlidir. Tələbələr kompüter proqramçısı işləmək üçün bizdən 2-3 min manat maaş tələb edirlər. Soruşanda məlum olur ki, heç təcrübəsi də yoxdur. Biz tələbə və ya təcrübəsiz məzunlara 400 manat maaş təklif edirik. Halbuki bu maaşa Afrika kimi ölkələrdən təcrübəli mütəxəssis çağıra bilərik”.

 

Forumun ikinci panelində Milli İnnovasiya Sisteminin (MİS) bilik iqtisadiyyatında mövqeyi, İKT-nin inkişaf mərhələləri və bilik iqtisadiyyatına keçid mövzusunda çıxışlar olub, MİS-in inkişaf etməkdə olan ölkələrin innovasiya modelinin formalaşmasındakı əhəmiyyətli rolu qeyd olunub.

 

Forumun son hissəsində məruzəçilər və forum iştirakçıları arasında yekun müzakirə təşkil olunub və Azərbaycanda bilik iqtisadiyyatının qurulması və inkişaf etdirilməsi ilə bağlı konkret təkliflər təqdim edilib.

 

Ruhiyyə DAŞSALAHLI