Müəllimlərin XV qurultayının əsas məqamları, qarşıdakı vacib hədəflər

 

Azərbaycan müəllimlərinin XV qurultayı başa çatdı. Son 5 ildə təhsil sistemində qazanılan uğurlar, əldə edilən nəticələr, qarşıda dayanan vəzifələr qurultayın əsas mövzusu oldu. Azərbaycan müəllimlərinin XV qurultayının əsas məqamlarını və hədəflərini təqdim edirik:

 

1. Cari il üçün Qlobal Rəqabətlilik Hesabatında Azərbaycan 140 ölkə arasında 69-cu yerdə qərarlaşıb, ölkəmizin mövqeyi 12 indikatordan doqquzu üzrə yaxşılaşıb. O cümlədən təhsil indikatorları üzrə ciddi irəliləyişə nail olunub, Azərbaycanın göstəriciləri dünyanın bir sıra inkişaf etmiş ölkələrinin göstəricilərindən də yüksək olub. Belə ki, təhsilin kəmiyyət və keyfiyyət parametrlərinə əsaslanan “Bacarıqlar” indeksi üzrə ölkəmiz ümumilikdə 54-cü yerə, bu kateqoriyanın tərkib hissəsi olan rəqəmsal bacarıqlar üzrə 15-ci, tədrisdə tənqidi düşüncə üzrə 27-ci, bacarıqlı işçilər tapmaq asanlığı üzrə 31-ci, məzunların bacarıqları üzrə 32-ci, ibtidai təhsildə müəllim-şagird nisbəti üzrə 48-ci yerə yüksəlib.

 

2. Təhsil Nazirliyi tərəfindən təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər nəticəsində son beş ildə ali təhsil müəssisələrinə tələbə qəbulunun keyfiyyət göstəricilərində davamlı artım dinamikası müşahidə edilir. Belə ki, qəbul imtahanlarında 300 baldan çox toplayanların sayı 26,5 faiz, 400 baldan çox toplayanların sayı 35,1 faiz, 500 baldan çox toplayanların sayı 51,5 faiz, 600 baldan çox toplayanların sayı isə 81,3 faiz artıb. Cari ildə 3127 abituriyent 600 baldan yuxarı nəticə göstərib ki, bu da 2013-cü ilə nisbətən 2 dəfə artım deməkdir. Ölkədə ali təhsil alma imkanları genişləndirilib, son 5 il ərzində qəbul olunan tələbələrin sayında 20,8 faiz artım olub, bu göstərici cari ildə 41 min nəfər təşkil edib.

 

3. stedadlı uşaqlarla sistemli işin təşkili nəticəsində ölkədə olimpiada hərəkatı genişlənib, bu məqsədlə olimpiadaya hazırlıq mərkəzləri yaradılıb. Cari ildə Respublika fənn olimpiadalarında 33 mindən çox şagird iştirak edib ki, bu da 2013-cü ilə nisbətən 5 dəfə çoxdur. Həyata keçirilən tədbirlər nəticəsində 2013-2018-ci illərdə məktəblilərimiz beynəlxalq fənn olimpiadalarında 3 qızıl, 28 gümüş və 100 bürünc medal olmaqla, ümumilikdə 131 medal qazanıblar.

 

4. Ümumi təhsilin keyfiyyətini yüksəltmək, şagirdlərə seçdikləri ixtisas istiqamətləri üzrə daha yüksək kompetensiyalara yiyələnmək imkanı yaratmaq məqsədi ilə 2015-ci ildən tam orta təhsil səviyyəsində təmayülləşmənin tətbiqinə başlanılıb. Cari tədris ilində 2140 sinifdə 47930 şagird təmayüllər üzrə təhsilə cəlb edilib ki, bu da X-XI siniflərdə təhsil alanların 28 faizini təşkil edib.

 

5.  Cari ildə işə qəbul üzrə müsabiqədə iştirak etmək üçün 51 min müəllim elektron ərizə ilə müraciət edib ki, bu da 2013-cü illə müqayisədə 3 dəfə çoxdur. Son 5 ildə 18 136 müəllim işə qəbul olunub, onlardan kənd məktəblərində fəaliyyətə başlamış 11 600 nəfərinə (64 faiz) həvəsləndirmə tədbirləri tətbiq edilib.

 

6. Müəllimlərin diaqnostik qiymətləndirilməsi və əməkhaqqının əhəmiyyətli artımı, şəffaf və obyektiv müsabiqə yolu ilə işə qəbulu, bu istiqamətdə həyata keçirilən digər tədbirlər nəticəsində müəllim peşəsinə maraq əhəmiyyətli şəkildə artıb. Belə ki, 2018-ci ildə 500 və daha artıq bal toplayan məzunlar arasında müəllimlik ixtisasını seçənlərin  sayı 2090 nəfər olub. Bu, 2013-cü ilə nisbətən 2,3 dəfə, ötən ilə nisbətən isə 53,6 faiz artım deməkdir.

 

7. Yüksək idarəçilik qabiliyyətinə malik şəxslərin seçilib yerləşdirilməsi məqsədi ilə Təhsil Nazirliyi tərəfindən yeni mərkəzləşdirilmiş müsabiqə mexanizmi tətbiq edilib, son 5 ildə 700 nəfər direktor vəzifəsinə işə qəbul olunub.

 

8. Son 5 ildə 500-dən çox, 2003-2018-ci illər ərzində isə ölkədə 3200-dən çox məktəb binası tikilib və ya əsaslı təmir edilib, nəticədə 1 milyondan çox şagirdin təlim şəraiti əhəmiyyətli şəkildə yaxşılaşdırılıb. Ölkə Prezidentinin təşəbbüsü ilə ilk dəfə olaraq ucqar kəndlərdə az şagird kontingenti olan qəzalı məktəblərin modul tipli məktəblərlə əvəzlənməsinə başlanılıb. 2017-ci ildə 40 rayonda 6 min şagird yerlik 106 modul tipli məktəb quraşdırılıb.

 

9. 2013-2018-ci illərdə Təhsil Nazirliyinin idman və şahmat məktəblərinin yetirmələri beynəlxalq yarışlarda 537 qızıl, 468 gümüş, 681 bürünc medal qazanıblar.

 

10. Ölkənin iqtisadi inkişaf strategiyasında peşə təhsilinin prioritet rolu nəzərə alınaraq, 2016-cı ildə ölkə Prezidentinin Fərmanı ilə Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi yaradılıb, “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafı üzrə Strateji Yol Xəritəsi” təsdiq edilib və icrasına başlanılıb. 2016-2017-ci illərdə Bakı, Gəncə şəhərlərində və Qəbələ rayonunda yerləşən peşə təhsili müəssisələri şəbəkəsinin rasionallaşdırılması nəticəsində 34 peşə təhsili müəssisəsinin bazasında müxtəlif istiqamətlər üzrə ixtisaslaşmış 14 Peşə Təhsil Mərkəzi yaradılıb. Koreya İqtisadi İnkişaf və Əməkdaşlıq Fondu ilə imzalanmış kredit sazişinə əsasən sənaye və innovasiyalar üzrə ixtisaslaşmış peşə təhsil mərkəzinin tikintisinə başlanılıb. Mingəçevir şəhərində regionun xüsusiyyətləri nəzərə alınaraq ixtisaslaşmış "ASAN Peşə" təhsil mərkəzi yaradılıb.  Peşə təhsili və təlimi mərkəzlərinin müasirləşdirilməsi üzrə Avropa İttifaqının 4 qrant layihəsinin icrasına başlanılıb. Layihə çərçivəsində Gəncə, Qəbələ, Qax, İsmayıllı və Bərdə rayonlarında peşə təhsili müəssisələrində infrastrukturun müasirləşdirilməsi, yeni kurikulumların hazırlanması və mühəndis-pedaqoji heyət üçün təlimlərin keçirilməsi tədbirləri həyata keçirilməkdədir.

 

11. 2016-cı ildən başlayaraq peşə təhsili müəssisələrinə qəbulda şəffaflığın və vətəndaşların rahatlığının təmin edilməsi üçün “ASAN Peşə” layihəsinə başlanılıb, hazırda layihə ölkəni tam əhatə edir. Qəbulun keyfiyyət göstəriciləri üzrə əhəmiyyətli dəyişikliklər olub, qəbul edilənlərin 20%-nin orta attestat balı “4”-dən yuxarıdır. Ümumilikdə, sənəd qəbulunda iştirak edənlər arasında attestat qiymətləri “4” və “5” olanların sayı son 2 ildə 3 dəfədən çox artıb. İşəgötürənlərlə sıx əməkdaşlıq nəticəsində həyata keçirilən pilot layihələr çərçivəsində turizm-xidmət sektoru üzrə məzunların 62.3, informasiya texnologiyaları sektoru üzrə 73, xidmət sahəsi üzrə 68.4 faizi işlə təmin edilib.

 

12. 2017-2018-ci illərdə 60 peşə təhsili müəssisəsində çalışan 2 minədək müəllim və istehsalat təlimi ustasının bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılıb, onların həftəlik dərs yükü norması 1,5 dəfə, aylıq vəzifə maaşı orta hesabla 2 dəfə artırılıb.

 

13. Ali təhsil sahəsində keyfiyyət göstəricilərinin yüksəlməsi nəticəsində ölkəmizdə təhsil alan əcnəbi tələbələrin sayında müsbət dinamika müşahidə edilməkdədir. 2017-2018-ci tədris ilində Azərbaycanda ali təhsilin bütün səviyyələri üzrə təhsil alan əcnəbilərin sayı 76 ölkədən olmaqla 5871 nəfər təşkil edib, bu, əvvəlki illə müqayisədə 17 faiz artım deməkdir.

 

14. 2015-ci ildə dünyanın tanınmış elmi-analitik informasiya təminatçısı olan “Clarivate Analytics” şirkəti və Təhsil Nazirliyi arasında bağlanmış sazişə əsasən, ölkəmizin ali təhsil müəssisələrinin “Web of Science®” elmi məlumat platformasına çıxışının təmin edilməsi ilə başlanan uğurlu əməkdaşlıq öz müsbət nəticələrini verməkdədir. Qlobal elmi bazadan istifadə aktivliyinin dinamikasında 2017-ci ildə əvvəlki illə müqayisədə 75 faiz, impakt faktorlu jurnallarda çap olunmuş məqalələrin sayında isə son 4 ildə 68% artım qeydə alınıb. Nəşr aktivliyinin son 3 ildə artım dinamikasına görə Azərbaycan regionda birinci yerə çıxıb. 2017-ci ildə nəşrlərin sayı 1160 olmaqla son 25 ilin ən yüksək göstəricisi qeydə alınıb, onların təxminən 43%-i ali təhsil müəssisələrinin payına düşüb.

 

15. Təhsil Nazirliyi sistemində olan universitetlərin professor-müəllim heyəti tərəfindən ixtiraların patentləşdirilməsinə dair son 5 ildə 216 sifariş verilib. İxtiralara alınan patentlərin sayı isə 164 olub, onlardan 98-i Azərbaycanda, 66-sı isə ölkə hüdudlarından kənarda alınıb. Təhsil Nazirliyi, AMEA, ölkəmizin 9 və Avropa Birliyinin 5 ali təhsil müəssisəsi tərəfindən “Azərbaycanda doktorantura təhsilinin təkmilləşdirilməsi və vahid Avropa təhsil məkanının tələblərinə uyğun strukturlaşdırılması” (Nizami layihəsi) həyata keçirilir.

 

16. Məzmun islahatları çərçivəsində dərslik hazırlığında yeni reqlament və prosedurların tətbiqinə başlanılıb. Hazırlanmış dərsliklər Dərslikləri Qiymətləndirmə Şurası, Dövlət İmtahan Mərkəzi, AMEA-nın müvafiq institutları, ali təhsil müəssisələri tərəfindən qiymətləndirilir, eyni zamanda bu məqsədlə yaradılmış portalda yerləşdirilərək ictimai müzakirəyə çıxarılır, təkliflər təhlil edilərək nəşriyyatlara və müəlliflərə yönəldilir. Qeyd olunan prosedurlar gözlənilməklə cari tədris ilinə I-XI siniflər üçün 332 adda 6,7 milyon nüsxədən artıq dərslik və müəllimlər üçün metodik vəsait  çap edilib məktəblərə paylanılıb.  Təhsil İnstitutu nəzdində Tədris Resursları Mərkəzi yaradılıb və dərslik hazırlığı üzrə mütəxəssislər cəlb edilib, ümumtəhsil məktəbləri üçün ehtiyat dərsliklərin hazırlanmasına başlanılıb.

 

17. Təhsilin məzmununun formalaşmasında akademik biliklərlə yanaşı, praktik bacarıqların, səriştənin vacibliyi önə çəkilməlidir. Təhsilin məzmunu texnoloji yenilikləri nəzərə almaqla inkişaf etdirilməli, ümumi təhsil pilləsində şəxsiyyətin hərtərəfli formalaşdırılması prioritet olduğu halda, peşə və ali təhsildə əmək bazarının cari və gələcək tələbləri əsas götürülməli, əmək bazarında iş təklif edən bütün subyektlər, dövlət və özəl olmasından asılı olmayaraq, maraqlı tərəfə çevrilməlidir. Məhz bu yanaşmadan çıxış edərək “Səriştəyə əsaslanan şəxsiyyətyönlü təhsil məzmununun yaradılması” istiqamətində uşaqların erkən yaş dövründə inkişafının səmərəli təhsil modelinə əsaslanan məktəbəqədər təhsilin standart və kurikulumları, cəmiyyətin tələblərinə uyğun səriştə əsaslı ümumi təhsil, peşə və orta ixtisas təhsili standartları və kurikulumları, ali təhsil müəssisələrinin təhsil-tədqiqat-innovasiya mərkəzlərinə çevrilməsinə dəstək verən və rəqabətqabiliyyətli mütəxəssis hazırlığını təmin edən ali təhsil standartları hazırlanıb, onların təsdiqi və tətbiqi ilə bağlı işlər davam etməkdədir.

 

18. Təhsil daim dəyişən və yeniliklər tələb edən bir sahədir. Bu baxımdan növbəti qurultayadək ümumi təhsilin məzmununun təkmilləşdirilməsi, beynəlxalq qiymətləndirmə tədqiqatlarının meyarlarına və əmək bazarının gələcək tələblərinə uyğunlaşdırılması, o cümlədən innovasiyaların tətbiqi qarşıda duran başlıca vəzifələrdəndir. Yaxın perspektivdə əmək bazarında yeni bacarıqlara, yeni ixtisaslara ehtiyac yaranacaq. Bununla əlaqədar təmayülləşmənin daha erkən yaşlardan tətbiqi, xüsusilə riyaziyyat, informatika, təbiət fənləri, mühəndislik, o cümlədən robototexnika, süni intellekt, nano-texnologiyalar və bu kimi bir sıra innovativ məzmunun ümumi təhsildə tətbiqi prioritet hesab olunmalıdır.

 

19. Yeni məzmunun tətbiqi yeni yanaşmaları mənimsəyən və tətbiq etməyi bacaran pedaqoji kadrlar tələb edir. Heç bir təhsil sisteminin potensialı həmin sistemdə çalışan müəllimlərin bacarıq səviyyəsindən yüksək ola bilməz. Bu fikir son illərdə Təhsil Nazirliyi tərəfindən dəfələrlə vurğulanıb. Məhz bu səbəbdən müəllim hazırlığı üzrə yeni məzmunun tətbiqi, təcrübə komponentinin əhəmiyyətli şəkildə artırılması, təhsil sistemi üçün vacib olan kurikulum, qiymətləndirmə, məktəb psixologiyası, təhsili idarəetmə sahəsində magistratura proqramlarının hazırlanması və tətbiqi bu istiqamətdə əsas hədəflər kimi müəyyən edilib.

 

20. Peşə təhsili sahəsində son illərdə əldə edilən nailiyyətlərin davamı olaraq ixtisasların yeni məzmununun hazırlanması, əmək bazarının tələblərinin nəzərə alınması baxımından biznes subyektləri və işəgötürənlərlə səmərəli əməkdaşlıq münasibətlərinin qurulması və birgə proqramların həyata keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda qeyri-formal və informal yolla əldə edilmiş səriştələrin qiymətləndirilməsi və tanınması mexanizminin hazırlanması və tətbiqi də bu sahədə əsas hədəflərdən biri kimi müəyyənləşdirilib.

 

21.  Ali təhsil sahəsində fəaliyyətin ən mühüm istiqamətləri əhatəliliyin və keyfiyyətin artırılmasıdır. Ölkə başçısı tərəfindən təsdiq edilən “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması  üzrə Dövlət Proqramı”nın birinci istiqaməti çərçivəsində ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları və xarici mütəxəssislərin cəlb olunması yolu ilə təkmilləşdirilməsi, yeni akademik mühitin yaradılması nəzərdə tutulur. İkinci istiqamət isə ölkəmizin ali təhsil müəssisələrinin akademik potensialının gücləndirilməsi məqsədi ilə milli kadrların hazırlanması üçün xaricdə doktorantura səviyyəsində təhsilin maliyyələşdirilməsini əhatə edir. Proqramın növbəti illərdə uğurlu icrası ali təhsilin keyfiyyətinin artırılmasına və kadr potensialının gücləndirilməsinə əhəmiyyətli töhfə verəcək. Akkreditasiya mexanizmlərinin təkmilləşdirilməsi, o cümlədən beynəlxalq akkreditasiyadan keçmiş ali təhsil proqramlarının sayının artırılması, ali təhsil sahəsində tədqiqatlar, innovasiyalar və inkişaf tədbirlərinin, habelə tələbə-sahibkarlıq təşəbbüslərinin dəstəklənməsi də başlıca hədəflərdəndir.