Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində Mir Cəlal Paşayevin 110 illik yubileyinə həsr olunmuş tədbirlər keçirilir.
Məktəblərin pedaqoji kollektivi, yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və valideynlərin iştirak etdiyi tədbirlərdə məktəblilər görkəmli alim Mir Cəlal Paşayevin “Bir gəncin manifesti” romanı əsasında hazırlanmış tamaşaları səhnələşdirirlər.
Tədbirlərdə çıxış edənlər görkəmli yazıçı Mir Cəlal Paşayevin Azərbaycan elminin, ədəbiyyatının və təhsilinin inkişafındakı misilsiz xidmətlərindən danışıblar. Bildirilib ki, böyük alim və pedaqoq Mir Cəlal Paşayev Azərbaycan ədəbi-bədii fikrində və elmində özünəməxsus yeri olan böyük şəxsiyyətdir.
Həyatını elmin və ədəbiyyatımızın inkişafina sərf edən böyük şəxsiyyətin xeyirxah əməlləri ilə Azərbaycan xalqının yaddaşında əbədi yaşayacağı bir daha diqqətə çatdırılır.
Qeyd edək ki, ümumi təhsil müəssisələrində əsərin müxtəlif parçalarından ibarət səhnələr nümayiş olunduqdan sonra hazır tamaşalar əsasında final tədbirin keçirilməsi nəzərdə tutulur.