Oktyabrın 3-də Elm və Təhsil Nazirliyinin mətbu orqanlarının redaksiya heyətləri ilə görüş keçirilib. 
 
"Azərbaycan müəllimi" xəbər verir ki, Elm və təhsil nazirinin müavini Firudin Qurbanovun iştirakı ilə keçirilən görüşdə “Azərbaycan məktəbi”, “Məktəbəqədər və ibtidai təhsil”, “Azərbaycan dili və ədəbiyyat tədrisi”, “Peşə təhsili və insan kapitalı” jurnalları və “Azərbaycan müəllimi” qəzetinin nümayəndələri iştirak ediblər. 
 
Görüşdə çıxış edən nazir müavini Firudin Qurbanov müasir informasiya texnologiyalarının geniş yayıldığı bir dövrdə qəzet və jurnalların əhəmiyyətini itirməməsi baxımdan öz təklif və tövsiyələrini səsləndirib. 
 
Gənclərin maariflənməsində təhsilyönümlü mətbu orqanlarının rolunu xüsusi vurğulayan nazir müavini görüş iştirakçılarına gələcək fəaliyyətlərində uğurlar arzulayıb. 
 
Daha sonra mətbu orqanların baş redaktorları çıxış edib və onlara verilən dəstəyə görə təşəkkürlərini ifadə ediblər. 
 
Görüşün sonunda mətbu orqanların əməkdaşlarına  Elm və Təhsil Nazirliyinin "Fəxri Fərman" və "Təşəkkürnamə"si təqdim edilib.