12 oktyabr saat 10:00-da ARTİ-nin Təhsil Texnologiyaları Mərkəzində kimya fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq qruplarına seçmə imtahanı təşkil olunacaq. Seçmə imtahanı aşağı və yuxarı yaş qrupları üzrə aparılacaq.

 

Təhsil İnstitutundan "Azərbaycan müəllimi"nə verilən məlumata görə, aşağı yaş qrupunun seçmə imtahanına 2023/2024-cü tədris ilində keçirilən Fənn Müsabiqələrində kimya fənni üzrə qalib olan şagirdlər, həmçinin Respublika Fənn Olimpiadalarında kimya fənnindən final turunda iştirak edən 8-ci sinif şagirdləri (qalib və finalçılar) dəvətlidirlər.

 

Yuxarı yaş qrupunun seçmə imtahanına isə 2023/2024-cü tədris ilində kimya fənni üzrə keçirilən Respublika Fənn Olimpiadalarının final turunda iştirak edən 9 və 10-cu sinif şagirdləri (finalçı və qaliblər) dəvətlidirlər.

 

Seçmə imtahanına qatılmaq istəyən şəxslərdən xahiş olunur ki, (051) 333 35 31 “Whatsapp” əlaqə nömrəsinə şagirdin ad, soyad, ata adı, təhsil aldığı ümumtəhsil müəssisəsinin adı, sinfi və bölməsi barədə qısa məlumat göndərilsin. İmtahana qeydiyyat 11 oktyabr saat 10:00-a qədərdir. İmtahana gələrkən şagirdlər özləri ilə kalkulyator, su və şirniyyat götürə bilərlər. Bundan əlavə, girişdə hər hansı problemin yaranmaması üçün şagirdlərdən özləri ilə şəxsiyyət vəsiqələrini götürmələri də xahiş olunur.

 

Nəzərinizə çatdırırıq ki, bu barədə məlumat ümumtəhsil müəssisələrinin tabe olduqları Regional Təhsil İdarələrinə bildirilib.