Avqust-sentyabr aylarında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində Təhsildə İnnovativ Texnologiyalar (ITE) Əlavə Təhsil Mərkəzi tərəfindən 30 regionda 3000-dən çox müəllim beynəlxalq sertifikasiyaya cəlb olunub.
Bu barədə "Azərbaycan müəllimi"nə Təhsildə İnnovativ Texnologiyalar (ITE) Əlavə Təhsil Mərkəzindən məlumat verilib.
Bildirilib ki, təlimlər 3 istiqamət üzrə keçirilir:
“Microsoft” sertifikatlı pedaqoq” sertifikasiya imtahanına hazırlıq;
“Müəllimlər üçün rəqəmsal savadlılıq”;
“Təbiət fənlərinin hibrid öyrənmə və məktəbdə onlayn ünsiyyət tədrisi metodikası”.
Təlimlərin əsas məqsədi müəllimlərin müasir texnologiyalar və rəqəmsal alətlərdən istifadə bacarıqlarını artırmaq, onları beynəlxalq sertifikasiyalara hazırlamaq və tədris keyfiyyətini yüksəltməkdir.
Təlim proqramının sonunda müəllimlər ITE-nin “Certiport Authorized Testing Centers” və “ICDL Authorized Testing Centers” test mərkəzlərində keçiriləcək imtahanlarda iştirak edəcəklər. İmtahanda uğur qazananlar isə beynəlxalq sertifikat əldə edəcəklər.
Qeyd edək ki, dekabradək 5 minə yaxın müəllim rəqəmsal bacarıqlarını artırmış olacaq.